Məhkəmə qərarları › İş №e-2-2(119)-870/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-870/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-870/2024 13.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitam olunması, lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı 08 may 2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitam olunması, lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinin xitam olunması, İddiaçı MMC-yə məxsus lizinq predmeti “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, cavadehlər Cavabdeh1 və Cavabdeh2 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinə əsasən 06 oktyabr 2023-cü il tarixədək yaranmış 19565,66 manat əsas borc, 14100,32 manat mükafat borcu və 475,2 manat penya olmaqla, cəmi 34141,18 manat məbləğində lizinq borcunun və ödənilmiş 193 manat məbləğində dövlət rusumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 07/0141/DLİZ saylı X5 Müqaviləsinə əsasən bu müqavilədə göstərilən 1 (bir) ədəd, 2011-ci il buraxlışı olan, “SHACMAN SX331” markalı (ban 1LZGJRDT62BX073990) nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh1 istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 27000 (iyirmi yeddi min) manat təşkil edir. Bu ümumi məbləğdən 10625 (on min altı yüz iyirmi beş) manat “lizinq verən”in mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 1045,16 (min qırx beş manat on altı qəpik) manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləyə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən 36 ay müddətində hər ay 1045,16 manat olmaqla ödəniş etməli olduğu təqdirdə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 1514 manat olmaqla odəniş etmişdir. Cavabdeh lizinqə məxsus avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə “lizinq alan” tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti “lizinq alan” tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Bu Müqavilənin 13.1-ci bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda Cavabdeh1 “İnternet Vergi” Şəxsi kabinetinə İddiaçı tərəfindən (İnternet Vergi ödəyicisinin” Şəxsi kabineti taxes.gov.az) bu iddia ərizəsi və pretenziya məktubu göndərilmişdir.

3. Cavabdeh1 etiraz ərizəsi verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, müqavilədə göstərilən “SHACMAN SX331” markalı (ban 1LZGJRDT62BX073990) nəqliyyat vasitəsi lizinq alan tərəfindən 36 ay müddətində hər ay 1045,16 manat olmaqla lizinq verənə ödəniş etməsi şərti ilə xx.xx.2019-cu il tarixindən etibarən Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmişdir. Həmin avtomobil tikinti materiallarının daşınması məqsədilə Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmiş və ödənişlər vaxtı-vaxtında edilmişdir. Lakin, 2020-ci ilin mart ayından bütün ölkə ərazisində “COVİD-19” pandemiyası yayılmış və buna görə də xüsusi karantin rejimi tətbiq edilmişdir. Karantin rejimi səbəbindən işlər tam dayanmış və fəaliyyəti davam etdirərək lizinq ödənişlərinin edilməsi bir neçə ay qeyri-mümkün olmuşdur. Bu problemlər barədə "xxxx" MMC ilə mütəmadi danışıqlar aparılmış və ödənişlərin edilməməsi müəyyən müddət anlayışla qarşılanmışdır. Daha sonra, cavabdehin əmisioğlu Cavabdeh2 Cavabdeh1 Elman adlı şəxslə tanış etmiş və onun bildirdiyi şəxsə nəqliyyat vasitəsi barədə etibarnamə verərək onun istifadəsinə verə biləcəyi halda lizinq ödənişlərini həyata keçirəcəklərini bildirmişdir. Bu barədə, 2020-ci ilin noyabr ayında "xxxx" MMC ilə danışıqlar aparmış və həmin ana yaranmış borcu ödəniləcəyi halda yeni şəxsə etibarnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Bütün tərəflər razı olduğundan, 1500 manat pul ödənilmiş, qalan gecikmə məbləği isə bölünərək növbəti aylıq ödənişlərin üzərinə əlavə edilmişdir. Buna görə də, yenidən kapitallaşma aparılaraq xx.xx.2020-ci il tarixdə yeni ödəniş cədvəli təyin edilmiş və həmin cədvəl üzrə qalan 20 ay müddətində aylıq ödəniş 1295,57 manat təşkil etmişdir. Tərəflərin razılaşmalarından sonra "xxxx" MMC-nin də razılığı ilə Elmanın bildirdiyi şəxs olan, X3 "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verilmişdir. X2 danışıqlara əməl etməmiş və aylıq ödənişləri həyata keçirməmişdir. Daha sonra isə ona verilmiş etibarnamənin etibarlılıq müddəti bitsə də, X4 həmin nəqliyyat vasitəsini öz sahibliyində saxlamağa davam etmiş və nəqliyyat vasitəsini geri qaytarmamışdır. Təqsirli əməllərin "xxxx" MMC-nin özünün də razılığı ilə etibarnamə verdiyi şəxs olan X8 tərəfindən törədilməsinə baxmayaraq, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin geri qaytarılması, öhdəliklərin icra edilməsi barədə hər hansı real hərəkətlər görməmiş əksinə təqsirsiz olan şəxslər Cavabdeh1 və Mustafeyev Ramilə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinə dair X3 yeni etibarnamə "xxxx" MMC tərəfindən verilmişdir. Müqavilə üzrə öhdəliklərin müvəqqəti olaraq həmin şəxs tərəfindən icra olunacağı barədə məlumat etibarnamə verilmədən əvvəl "xxxx" MMC-yə bildirilmiş və onlar da öz razılığını bildirərək həmin etibarməni vermişdirlər. Bununla da, yarana biləcək hər hansı riskləri "xxxx" MMC öz üzərinə götürmüşdür. Buna baxmayaraq, "xxxx" MMC mülkiyyətində olan nəqliyyat vasitəsinin axtarılması barədə heç bir real cəhd göstərməmişdir. Göründüyü kimi, bütün hallar "xxxx" MMC-yə izah olunmuş və onların da razılığı ilə X3 etibarnamə verilmişdir. Həmin etibarnamənin "xxxx" MMC tərəfindən verildiyi tarixdən aparılmış danışıqların mahiyyətinə uyğun olaraq bütün öhdəliklər X1 və bütün risklər "xxxx" MMC-nin üzərində olmuşdur. Buna görə də, X4 tərəfindən görülmüş qanunsuz və təqsirli hərəkətlər səbəbindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məsuliyyət daşıması qanuna uyğun deyildir. Qeyd olunanlara əsasən, iddia tələbləri tamamilə əsassızdır.

4. Daha sonra Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və hazırki iş üzrə iddia müddətinin tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da göründüyü kimi Cavabdeh1 tərəfindən sonuncu ödəniş 1514 manat olmaqla xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Hazırkı iddia ərizəsi isə Sumqayıt Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olan halda 03.01,2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərinə olan ödənişlərlə bağlı iddia müddəti keçdiyi üçün həmin tarixlərə olan ödənişlər ümumiyyətlə ondan tələb edilə bilməz. Əlavə olaraq, iddiaçı tərəfindən kapitallaşma aparılaraq 03 noyabr 2020- ci il tarixdə yeni cədvəl tərtib edilmiş və qalan 20 ay müddətində aylıq ödəniş 1045,16 manat deyil, 1295,57 manat təşkil etmişdir. Yuxarıda qeyd edilənlərə və Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən, iddia müddətinin tətbiq edilərək iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitam olunması, lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ekspertiza rəyinə uyğun olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə1 bildirmişlər ki, iş üzrə kifayət qədər araşdırma aparıldı. Məhkəməyə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunub. 13 yanvar 2021-ci il, 03 fevral 2021-ci il, 03 mart 2021-ci il, 03 aprel 2021-ci il və 03 may 2021-ci il tarixli ödənişlər üzrə iddia müddəti keçdiyi üçün cavabdehlərdən tutulması tələb oluna bilməz. Mülki Məcəllənin 443.7-ci maddəsinin tələblərinə əsasən borcu yalnız təqsirli pozuntular üçün məsuliyyət daşıyır. İşin hallarından Cavabdeh1 təqsirli olmadığı görünür. Ona görə də, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsinin xitam olunması, lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. Lakin, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

10. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

11. Belə ki, iş materiallarından görünür ki, lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 arasında 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsi bağlanmışdır.

12. 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər arasında imzalanmış Maliyyə Lizinqi müqaviləsinə əsasən “Lizinq verən” əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya “Lizinq alan” tərəfindən seçilmiş, “Lizinq verən”lə “Satıcı” arasında bağlanılan alqısatqı müqaviləsinə əsasən əldə edilmiş 1 (bir) ədəd, 2011-ci il buraxılışlı olan, Shacman SX331 Yük markalı, mühərrik N/SİZ silinmə, şassi LZGJRDT63BX073990 nömrəli, nəqliyyat vasitəsini “Lizinq alan”nın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. “Lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə “Lizinq verən”ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürür.

13. 03 iyun 2019-cu il tarixli X5 Müqaviləsinin 3.1-ci bəndinə əsasən, hazırki Maliyyə Lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin “Lizinq alan”a təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir.

14. X5 Müqaviləsinin 3.2-ci bəndinə əsasən, tərəflərin razılığına əsasən müqavilənin müddətinə dair müvafiq əlavə və dəyişikliklər edilə bilər. Müqaviləyə edilən əlavə və dəyişikliklər yalnız yazılı qaydada tərtib edildikdən və hər iki tərəfin imza və möhürü ilə (və ya möhürü olan tərəfin möhürü ilə) təsdiq edildikdən sonra qüvvəyə minir.

15. 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinin 4.1-ci bəndinə əsasən, tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsi qüvvəyə mindikdən sonra “lizinq alan”dan müqavilə üzrə ödənilməli olan ödənişlərin vaxtında və lazımi qaydada icra edilməsini, habelə müqavilə üzrə digər öhdəliklərin icra edilməsini tələb etmək, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər “lizinq alan” tərəfindən vaxtında icra edilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,3% həcmində cərimə tələb etmək, tərəflər arasındakı müqavilə münasibətlərinə “lizinq alan” tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti “lizinq alan” tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək, Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə “lizinq alan”ın lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq alan tərəfindən ödənilməsini tələb etmək lizinq verənin hüquqlarıdır.

16. 03 iyun 2019-cu il tarixli X5 Müqaviləsinin 4.2.1-ci bəndinə əsasən, Maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyekti olan əmlakı “Lizinq alan”a lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etmək lizinq verənin vəzifəsidir.

17. 03 iyun 2019-cu il tarixli X5 Müqaviləsinin 4.3.1-ci bəndinə əsasən, lizinq obyekti onun istifadəsinə verildiyi zaman ondan maliyyə lizinqi müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etmək lizinq alanın hüququdur.

18. X5 Müqaviləsinin 4.3.3-cü bəndinə əsasən, “lizinq alan” “lizinq verən”in yazılı razılığı ilə maliyyə lizinqi müqaviləsi üzrə nəzərdə tutulmuş lizinq obyektini sublizinq müqaviləsi əsasında üçüncü şəxslərin sahiblik və istifadəsinə verə bilər. “Lizinq alan” sublizinq hüququnu “lizinq alan”la “lizinq verən” arasında bağlanılmış Maliyyə Lizinqi müqaviləsində nəzərdə tutulan müddətdən artıq müddətə icra edilməsini nəzərdə tuta bilməz.

19. X5 Müqaviləsinin 4.3.5-cü bəndinə əsasən, “lizinq verən”in qabaqcadan yazılı razılığını almaqla lizinq obyektini əvəzsiz istifadəyə vermək lizinq alanın hüququdur.

20. 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinin 4.4.1-cü bəndinə əsasən, Maliyyə lizinqi müqaviləsinə 01 saylı Əlavə olan Ödəniş qrafıkinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etmək lizinq alanın vəzifəsidir.

21. 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinin 4.4.2-cü bəndinə əsasən, Maliyyə lizinqi müqaviləsinə əsasən müqavilənin qüvvədə olma mi ddəti bitdikdən sonra, habelə “Lizinq verən” qarşısında mövcud olan bütün öhdəliklər icra edildikdən sonra lizinq predmetini öz hesabına əldə edib mülkiyyətə qəbul etmək lizinq alanın vəzifəsidir.

22. Həmin müqavilənin 4.4.3-cü bəndinə əsasən, sublizinq hüququnu həyata keçirdiyi zaman mütləq qaydada qabaqcadan “Lizinq verən”in imza və möhürü ilə təsdiqlənmiş yazılı razılığını almaq lizinq alanın vəzifəsidir

23. Həmin müqavilənin 4.4.8-ci bəndinə əsasən, Sahiblik və istifadəsində olduğu müddət ərzində lizinq obyektini əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanman, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması və lizinq obyektinin istifadəsi şəraitində yol verilmiş pozuntulara görə ödənilməli olan cərimələrin ödənilməsi (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, yol nəqliyyat hadisələri və s.) ilə bağlı məsuliyyət daşımaq lizinq alanın vəzifəsidir.

24. Həmin müqavilənin 4.4.9-cu bəndinə əsasən, lizinq obyekti “Lizinq alan”ın günahı ucbatından itirilərsə və ya lizinq obyekti öz funksiyalarını tam və ya qismən itirərsə bu hal “Lizinq alan”ı “Lizinq verən” qarşısında olan müqavilə öhdəliklərindən azad etmir və icra edilməmiş bütün öhdəliklər icra edilməlidir.

25. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər arasında Təhvil-təslim aktı imzalandıqda “Lizinq verən”in lizinq obyektini “Lizinq alan”ın sahiblik və istifadəsinə verilməsi öhdəliyi icra edilmiş sayılır.

26. Həmin müqavilənin 6.3-ci bəndinə əsasən, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır.

27. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq ödənişləri maliyyə lizinqi müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə “Lizinq alan” tərəfindən ödənilən lizinq ödənişlərinin ümumi məbləğidir və “Lizinq verən”in xeyrinə həyata keçirilir.

28. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, lizinq ödənişləri lizinq müddətinin hər ayı üçün hesablanır. lizinq müddətinin hər ayı üçün lizinq ödənişinin məbləği, habelə Lizinq ödənişlərinin ödənilməsi qaydası lizinq ödənişləri qrafiki (Bu müqaviləyə Əlavə № 1) ilə müəyyən edilir.

29. Həmin müqavilənin 9.4-cu bəndinə əsasən, lizinq alanın “lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 27000 (iyirmi yeddi min) manat təşkil edir. Bu ümumi məbləğdən 10625 (on min altı yüz iyirmi beş) manat “lizinq verən”in mükafatını təşkil edir.

30. Həmin müqavilənin 11.1.4-cu bəndinə əsasən, “lizinq alan” lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə “lizinq verən”in maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır.

31. İş materiallarından görünür ki, lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

32. 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli zaminlik müqaviləsinin 2.1.1-ci bəndinə əsasən, “Lizinq verən” və “Lizinq alan” arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli Lizinq müqaviləsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş Shacman SX331 markalı avtomobilindən Lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, “Lizinq verən”ə 27000 (iyirmi yeddi min) manat ödəməsi üzrə, lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə "zamin", “lizinq verən” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.

33. Zaminlik müqaviləsinin 2.2.1-ci bəndinə əsasən, Lizinq alan "Lizinq” müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” "Lizinq alan” ilə birlikdə "Lizinq verən” qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.

34. İş materiallarında olan 03 iyun 2019-cu il tarixli təhvil-təslim Aktına əsasən, İddiaçı tərəfindən ona məxsus 1 (bir) ədəd, 2011-ci il buraxlışı olan, “SHACMAN SX331” markalı, 1LZGJRDT62BX073990 şassi, N/SİZ SİLİNMƏ mühərrik, **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 təhvil verilmişdir.

35. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 razılığı ilə X3 yol vərəqəsi verilmişdir.

36. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 12 oktyabr 2020-ci il tarixdə X3 **-JT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün etibarnamə verilmişdir.

37. 26 fevral 2024-cü il tarixli Maliyyə Arayışına əsasən, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X6 Müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il cü il tarixədək yaranmış 19565.66 manat əsas borc, 14100.32 manat mükafat borcu və 475.2 manat peniya olmaqla, cəmi 34141.18 manat lizinq borcu mövcuddur.

38. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinə əsasən tələb edilən borcların düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 07 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertiza keçirilmiş və məhkəmə-mühasibatlıq ekspertizasının 30 sentabr 2024-cü il tarixli 9/6901 nömrəli Ekspert Rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/0141/DL1Z saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixə, xx.xx.2023-cü il tarixə və xx.xx.2024-cü il tarixə İddiaçı MMC olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2020-ci il tarixə əsas borc üzrə 21.074,12 manat, mükafat borcu üzrə 121,18 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 19.235,38 manat, mükafat borcu üzrə 6.464,15 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 19.235,38 manat, mükafat borcu üzrə 8.786,83 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 19.235,38 manat, mükafat borcu üzrə 12.399,87 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 19.235,38 manat, mükafat borcu üzrə 16.098,94 manat.

39. İş materiallarından görünür ki, tərəflər arasında X5 Müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, “Lizinq verən” İddiaçı lizinq alan Cavabdeh1 ilə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 2011-ci il buraxılışlı olan, Shacman SX331 Yük markalı, mühərrik N/SİZ silinmə, şassi LZGJRDT63BX073990 nömrəli, nəqliyyat vasitəsini lizinq alan Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək lizinq obyektindən istifadəyə görə “Lizinq verən”ə şərtləşdirilmiş muzdu tam ödəməmişdir. Eyni zamanda, işin konkret halları ilə müəyyən olunur ki, lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçınə geri qaytarılmamışdır. Belə ki, Cavabdeh1 və onun nümayəndəsinin izahatlarına əsasən, İddiaçı razılığı ilə X3 etibarnamə verilmiş və bütün öhdəliklər X1 və buna dair riskləri "xxxx" MMC üzərinə götürmüşdür. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinin 6.3-cü bəndinə əsasən, təhviltəslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan bütün səhvlərdən və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Bununla yanaşı, məhkəmə bildirir ki, 12 oktyabr 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 razılığı ilə X3 yol vərəqəsi verilmişdir. Eyni zamanda, İddiaçı razılığı ilə X3 etibarnamə verilsədə, 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinə əsasən, lizinq obyektinin itirilməsi və istismarı zamanı yol verilən bütün risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan Cavabdeh1 daşıyır. Həmçinin, tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunur ki, X4 ilə İddiaçı arasında olmuş münasibətlər cavabdehlər vasitəsilə yaranmışdır.

40. Məhkəmə, Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə dair bildirir ki, lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 müqavilənin 3.1-ci bəndinə əsasən, Maliyyə Lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin “Lizinq alan”a təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuşdur. Qeyd olunanlara əsasən, hazırki iddia tələbi üzrə üç illik iddia müddəti keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 41 Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış X5 müqavilənin 11.1.4-cü bəndinə əsasən, “Lizinq alan” lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə “Lizinq verən”in maliyyə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır.

Tətbiq edilən hüquq

42. Azərbabayran Respublikası Mülki Məcəlləsinin:

43. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

44. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

45. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.

46. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

47. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4)

48. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. (748-2.5).

49. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehlər’ müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

58. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2).

59. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

60. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

61. İş materiallarında olan 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli zaminlik müqaviləsinə əsasən “Lizinq verən” və “Lizinq alan” arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli Lizinq müqaviləsinə əsasən, lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə "zamin", “lizinq verən” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüş və lizinq alan üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə “Zamin” "Lizinq alan” ilə birlikdə "Lizinq verən” qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.

62. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur.

63. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X5 müqavilənin 11.1.4-cü bəndinə əsasən, lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinə xitam verilməlidir.

64. Eyni zamanda, tərəflər arasında bağlanmış X5 müqaviləsinin 11.1.4-cü bəndinə əsasən, İddiaçınə məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçınə geri qaytarılmalıdır.

65. 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsi üzrə cavadehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalı olan əsas borcun və mükafat borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 sentyabr 2024-cü il tarixli 9/6901 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsi üzrə həmin Ekspertiza Rəyi ilə xx.xx.2022-ci il tarixə müəyyən edilmiş "19235,38 manat əsas borc və 6464,15 manat məbləğində mükafat borcu” cavadehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır.

66. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

67. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

68. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

69. Məhkəmə hesab edir ki, iddianın tələbinin “cavabdehlərdən iddiaçının xeyrinə 475,2 (dörd yüz yetmiş beş manat 20 qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimənin məbləği azaldılaraq cavabdehlərdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır.

70. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən iddiaçının xeyrinə 193 (yüz doxsan üç) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və iddianın təmin olunmuş hissəsinə uyğun hesablanmış iddiaçı tərəfindən ödənilmiş 168 (yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

71. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

72. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

73. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

76. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

77. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

78. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Lizinq verən İddiaçı ilə lizinq alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 03 iyun 2019-cu il tarixli 07/0141/DLİZ nömrəli X5 Müqaviləsinə xitam verilsin. İddiaçınə məxsus lizinq predmeti olan “Shacman SX331" markalı **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçınə geri qaytarılsın. Cavadehlər Cavabdeh1 və Cavabdeh2 19235,38 (on doqquz min iki yüz otuz beş manat 38 qəpik) manat əsas borc, 6464,15 (altı min dörd yüz altmış dörd manat 15 qəpik) manat mükafat borcu, 300 (üç yüz) manat cərimə, 168 (yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 26167,53 (iyirmi altı min yüz altmış yeddi manat 53 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar