Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-384/2022 28.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh nümayəndəsi Əsədullayev Müseyib Ceyhun oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 28 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsas borc kimi 20768 (iyirmi min yeddi yüz altmış səkkiz) manat məbləğində pulun, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 manat məbləğində pulun, vəkil xidməti üçün ödənilmiş 211 manat məbləğində pulun və ödənilmiş 160 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Müqaviləyə və həmin müqaviləyə edilmiş Əlavələrə əsasən tərəflər arasında ümumilikdə 112194 manat məbləğində olan kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların və avadanlıqların alqı-satqısına dair razılaşma öz təsdiqini tapmışdır. Həmin müqavilə və sifariş üzrə iddiaçı tərəfindən bütün öhdəliklər lazımınca yerinə yetirilsə də, göndərilmiş malların dəyərinin bir qismi, yəni 20768 (iyirmi min yeddi yüz altımış səkkiz) manat məbləğində pul vəsaiti hələ də cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-yə ödənilməmişdir. Hazırda cavabdeh "xxxx" MMC-nin iddiaçıya 20768 manat məbləğində borcu vardır. Həmçinin, iddiaçı cavabdeh "xxxx" MMC-dən 20768 manat məbləğində pul vəsaitinin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığına görə mediasiya sessiyasında iştirakla bağlı 200 manat, vəkil xidməti üçün 211 manat və dövlət rüsumu kimi 160 manat ödəmişdir. Bu baxımdan iddiaçı həmin məbləğlərin (pulun) cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsini doğru hesab edir (İddia ərizəsində iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ilə əsaslandırılmışdır). Cavabdeh tərəfindən 06 iyun 2022-ci ildə məhkəməyə “iddia tələbinə Etiraz” təqdim edilərək, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Müqaviləyə və Əlavə Razılaşmaya əsasən İddiaçı MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də, həmin müqavilə üzrə tərəflər arasında təhvil-təslim aktı imzalanmamış və Əlavə Razılaşma ilə alınması nəzərdə tutulan 102377 (yüz iki min üç yüz yetmiş yeddi) manat məbləğində kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların və avadanlıqların dəyərinin bir qismi, yəni 10951 (on min doqquz yüz əlli bir) manatın ödənişi mövcud Müqavilənin şərtlərinə əsasən dayandırılmışdır. Digər bir mübahisəli məsələ isə iddiaçının iddia ərizəsində qeyd etdiyi 20768 manat məbləğində pul vəsaitinin ödənilməməsidir. 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli müqaviləyə, ona edilmiş əlavəyə və elektron qaiməyə əsasən tərəflər arasında 102377 manat məbləğində kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların alqı-satqısına dair razılaşma üzrə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 91426 manat pul vəsaiti köçürülmüşdür. Müqavilənin bəndləri əsas götürülərək 10951 manatın ödənişi isə dayandırılmışdır. İddiaçının “9817 manat əlavə pul vəsaiti tələbinin” isə heç bir əsası yoxdur. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasına Cavabdeh nümayəndəsi Nümayəndə2 gəlsə də, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Lakin, İddiaçı MMC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehin nümayəndəsi də iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etiraz etməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə keçirilən məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Müqavilənin şərtlərinə görə alınan avadanlığın dəyəri “Təhvil-təslim Aktları və elektron qaimələri aldıqdan sonra ödənilməli olduğuna” görə, müqavilə dəyəri ümumilikdə 102377 manat məbləğində olan kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların 91426 manat məbləğində olan hissəsinin alınması təsdiq olunduğu üçün Cavabdeh MMC tərəfindən alınan malların tam dəyəri kimi İddiaçı MMC-nin hesabına 91426 manat pul vəsaiti köçürülmüşdür. Lakin, malın qalan 10951 manatlıq hissəsi isə Cavabdeh MMC-yə təhvil verilməmiş və buna görə də, həmin məbləğ İddiaçı MMC-yə ödənilməmişdir. Eləcə də, cavabdeh "xxxx" MMC alıcı olaraq İddiaçı MMC ilə 08 aprel 2020-ci il tarixli 2 nömrəli Əlavə Razılaşma imzalamamış və sonuncudan həmin 2 nömrəli Əlavə Razılaşmada qeyd olunan 9816,70 manat məbləğində avadanlıq almamışdır. Ona görə də, cavabdeh "xxxx" MMC imzalamadığı Əlavə Razılaşmada nəzərdə tutulan avadanlıqları almadığı üçün həmin 9816,70 manat məbləğində pulu da ödəməli deyildir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirdi ki, iddiaçı və cavabdeh arasında bağlanmış Alqı-satqı müqaviləsinə dair 06 dekabr 2019-cu il tarixli 01 nömrəli Əlavə Razılaşma üzrə cavabdehə təhvil verilməli olan 102377 manat dəyərində avadanlıqların yalnız 91426,60 manat hissəsi cavabdehə təhvil verilmiş və cavabdeh aldığı mallara görə də tam ödəniş etmişdir. Lakin, bununla bağlı ayrıca təhvil-təslim aktı imzalanmamışdır. Həmin razılaşma üzrə 10951,05 manat dəyərində mal isə cavabdehə verilməmiş və ona görə də, həmin məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. Çünki, Müqavilənin 5-ci bəndinə əsasən təhvil-təslimin baş tutmadığı hallarda cavabdehin ödənişi dayandırmaq hüququ olduğu vardır. 102377 manat dəyərində malların verilməsi barədə iddiaçı tərəfindən əvvəlcədən 11 dekabr 2019-cu il tarixli təhvil-təslim aktı tərtib edilmiş olsa da, mallar iddiaçı tərəfindən tam təhvil verilmədiyinə görə cavabdeh tərəf həmin aktı imzalamamışdır. 102377 manat dəyərində malla bağlı 11 dekabr 2019-cu il tarixli elektron qaimə də mallar təqdim edilənədək verilmişdir. Təhvil-təslim aktının tarixi isə 11 dekabr 2019-cu ildir və həmin vaxt mallar hələ gəlmədiyi və yekunda da həmin Aktda nəzərdə tutulan mallar tam verilmədiyi üçün cavabdeh tərəfindən bu Akt imzalanmamışdır. Mallar həmin Aktın tərtib olunma tarixindən sonra hissə-hissə təhvil verilmiş və Cavabdeh MMC adətən bir qayda olaraq mallar təhvil verildiyi günün səhəri, yəni bir gün sonra almış olduğu malın ödənişini etmişdir. İddiaçı tərəfin təqdim etdiyi 9816,70 manat məbləğində malların alınması barədə tərtib olunmuş 01 noyabr 2019-cu il tarixli 2-ci Əlavə Razılaşma isə Cavabdeh MMC-yə təqdim olunmamış və cavabdeh tərəfindən həmin Əlavə imzalanmamışdır. Çünki, tərəflər arasında belə bir Razılaşma olmamış və həmin Əlavədə nəzərdə tutulan 9816,40 manat dəyərində mallar da Cavabdeh MMC-yə verilməmişdir. Cavabdeh MMC isə almadığı mallara görə ödəniş etməli deyil. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, "xxxx" MMC (VÖEN **********) - “Satıcı”, "xxxx" MMC (VÖEN **********) – “Alıcı” olaraq, tərtib olunmuş 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Alqı-satqı Müqaviləsi “satıcı” "xxxx" MMC və “alıcı” "xxxx" MMC tərəfindən imzalanmış və möhürlənmişdir. Həmin Müqavilənin 1.1-ci bəndindən görünür ki, “Satıcı” “Alıcı”ya bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuları, maşınları, avadanlıqları (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, malın qiyməti, miqdarı və ödəniş şərtləri Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Həmin Müqavilənin 3.3.3-cü bəndinə əsasən, “Satıcı” Müqaviləni pozaraq “Alıcı”ya Müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, “Alıcı”nın çatışmayan miqdarda əşya verilməsini tələb etmək və ya verilmiş əşyadan və onu ödəməkdən imtina etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vardır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə Təhvil-Təslim Aktını “Alıcı”ya təqdim etməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinin tələblərinə görə, Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərini Əlavə Razılaşmada göstərildiyi qaydada – “Satıcı”nın təqdim etdiyi hesab-faktura əsasında qabaqcadan 100% avans və ya mal tam təhvil verildikdən və Təhvil-Təslim Aktları və elektron qaimələri aldıqdan sonra nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, malın “Alıcı”ya təhvil verilməsi ilə bağlı öhdəlik “Satıcı” tərəfindən lazımınca yerinə yetirilmədikdə, “Alıcı” həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. İş materiallarında olan, 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Müqavilə üzrə tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli 01 nömrəli Əlavə Razılaşmadan görünür ki, həmin Razılaşmaya əsasən 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Müqavilə üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə cəmi 102377,65 (yüz iki min üç yüz yetmiş yeddi manat 65 qəpik) manat dəyərində müxtəlif adda və çeşiddə avadanlıqların satılması barədə razılıq əldə olunmuş və həmin Əlavə Razılaşmada “Ödənişin mal təhvil verildikdən sonra 10 gün ərzində həyata keçirilməli olması” (Qeyd 2) nəzərdə tutulmuşdur (həmin Əlavə Razılaşma satıcı "xxxx" MMC və alıcı "xxxx" MMC tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur). İş materiallarından görünür ki, satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 102377,65 manat dəyərində avadanlıqların satışının həyata keçirilməsi ilə əlaqədar elektron formada hazırlanmış 11 dekabr 2019-cu il tarixli EBAD 675640 nömrəli elektron qaimə göndərilmiş və həmin elektron qaimənin “Əsas” qrafasında (sətrində) “01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqaviləyə” ifadəsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, 01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqavilə üzrə 102377,65 manat dəyərində avadanlıqların satışı ilə əlaqədar tərtib edilmiş 11 dekabr 2019-cu il tarixli Təhvil-təslim Aktı satıcı "xxxx" MMC tərəfindən imzalansa da, həmin Akt alıcı "xxxx" MMC tərəfindən imzalanmamış və möhürlənməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqaviləyə 08 aprel 2020-ci il tarixli 2 nömrəli Əlavə Razılaşma (9816,70 (doqquz min səkkiz yüz on altı manat 70 qəpik) manat dəyərində müxtəlif adda və çeşiddə avadanlıqların satılması ilə əlaqədar tərtib edilmişdir) satıcı İddiaçı tərəfindən imzalanıb-möhürlənsə də, həmin Əlavə Razılaşma alıcı Cavabdeh tərəfindən imzalanmamış və möhürlənməmişdir. İş materiallarından görünür ki, satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" MMC-yə 9816,70 manat dəyərində avadanlıqların satışının həyata keçirilməsi ilə əlaqədar elektron formada hazırlanmış 08 aprel 2020-ci il tarixli EBAİ 563053 nömrəli elektron qaimə göndərilmiş və həmin elektron qaimənin “Əsas” sətrində (qrafasında) “01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqaviləyə” ifadəsi qeyd olunmuşdur. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Ödəniş Tapşırıqlarında olan məlumatlarla müəyyən olunur ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" MMC-nin bank hesabına 20 dekabr 2019-cu il tarixli 51 nömrəli Ödəniş Tapşırığına əsasən 30713,30 manat, 27 dekabr 2019-cu il tarixli 52 nömrəli Ödəniş Tapşırığına əsasən 30713,30 manat, 22 yanvar 2020-ci il tarixli 01 nömrəli Ödəniş Tapşırığına əsasən 20000 manat və 21 fevral 2020-ci il tarixli 05 nömrəli Ödəniş Tapşırığına əsasən 10000 manat məbləğində pul vəsaitləri olmaqla, ümumilikdə cəmi 91426,60 (doxsan bir min dörd yüz iyirmi altı manat 60 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, yuxarıda qeyd olunan sənədlərlə müəyyən olunur ki, 102377,65 manat dəyərində müxtəlif adda və çeşiddə avadanlığın satışı ilə əlaqədar “satıcı” "xxxx" MMC ilə “alıcı” "xxxx" MMC arasında 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Alqı-satqı Müqaviləsi və həmin Müqavilə üzrə 06 dekabr 2019-cu il tarixli 01 nömrəli Əlavə Razılaşma bağlanaraq, onların tərəfindən müvafiq qaydada imzalanmış və möhürlənmişdir. Lakin, 01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqaviləyə “9816,70 manat dəyərində müxtəlif adda və çeşiddə avadanlıqların satılması” ilə əlaqədar tərtib edilmiş 08 aprel 2020-ci il tarixli 2 nömrəli Əlavə Razılaşma və eləcə də, 01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqavilə üzrə 102377,65 manat dəyərində avadanlıqların satışı ilə əlaqədar tərtib edilmiş 11 dekabr 2019-cu il tarixli Təhvil-təslim Aktı - satıcı "xxxx" MMC tərəfindən imzalanıb-möhürlənsə də, həmin 2 nömrəli Əlavə Razılaşma və 11 dekabr 2019-cu il tarixli Təhvil-təslim Aktı alıcı "xxxx" MMC tərəfindən imzalanmamış və möhürlənməmişdir. Eyni zamanda, iddiaçının iddia tələbinin sübutu kimi məhkəməyə təqdim etdiyi satıcı "xxxx" MMC tərəfindən elektron qaydada tərtib edilmiş 11 dekabr 2019-cu il tarixli EBAD 675640 nömrəli elektron qaimə və 08 aprel 2020-ci il tarixli EBAİ 563053 nömrəli elektron qaimə iddia ərizəsində iddia tələbinin əsaslandırıldığı və əsli məhkəməyə təqdim olunmuş 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Alqısatqı Müqaviləsi və 06 dekabr 2019-cu il tarixli 01 nömrəli Əlavə Razılaşma üzrə deyil, başqa bir müqavilə, yəni “01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqavilə” üzrə verilmişdir. Həmçinin, məhkəməyə təqdim olunmuş “2 nömrəli Əlavə Razılaşma”nın və “11 dekabr 2019-cu il tarixli Təhvil-təslim Aktı”nın mətnində də həmin sənədlərin “01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqavilə” üzrə tərtib edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.1-ci yarımbəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci yarımbəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.3-cü yarımbəndinə əsasən, bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Həmin Qaydaların 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Həmin Qaydaların 3-cü bəndinin tələblərinə görə vergi ödəyicisi elektron qaiməfakturanı elektron formada göndərir (3.1.); Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir (3.2.); Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər (3.3.); malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir (3.4.). Göründüyü kimi, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, ediləcək pul ödənişləri ilə əlaqədar elektron qaimə-faktura (elektron qaimə) satılan mallar barədə məlumatları özündə əks etdirən sənədlər, yəni müqavilə, təhvil-təslim aktları və s. əsasında doldurularaq elektron qaydada qarşı tərəfə təqdim olunan sənəddir və elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin sənəd proqram təminatı tərəfindən təsdiq edilir və həmin sənəddə satılan malların faktiki olaraq təhvil verilməsi və alınması öz əksini tapmır. İddiaçı tərəfin təqdim etdiyi elektron qaimələrdə isə Müqavilədə nəzərdə tutulan malların Alıcıya təhvil verilməsi öz təsdiqini tapmamışdır. Halbuki, Müqavilədə nəzərdə tutulan malların təhvil verilməsi - müvafiq qaydada tərtib edilərək, hər iki tərəfin səlahiyyətli əməkdaşları tərəfindən imzalanan və məzmunu ilə hansı miqdarda malın, nə vaxt, harada, kim tərəfindən təhvil verilməsi və kimin tərəfindən qəbul edilməsi kimi məlumatları özündə əks etdirən qaimə-faktura (təhviltəslim aktı) ilə müəyyən oluna bilərdi. Lakin, iddiaçı tərəfindən mötəbər sübut kimi qəbul edilməsi mümkün olan belə sənədlər məhkəməyə təqdim olunmamış, cavabdeh tərəf isə tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Müqavilə və həmin Müqavilənin 06 dekabr 2019-cu il tarixli 01 nömrəli Əlavə Razılaşması üzrə nəzərdə tutulan 102377 manat dəyərində avadanlıqların 91426 manat dəyərində hissəsini almasını təsdiq edərək, həmin məbləğdə pulun ödənildiyini təsdiq edən Ödəniş Tapşırıqlarını məhkəməyə təqdim etmiş olsa da, malın qalan 10951 manatlıq hissəsinin təhvil verilmədiyini, eləcə də cavabdeh "xxxx" MMC ilə İddiaçı MMC arasında 08 aprel 2020-ci il tarixli 2 nömrəli Əlavə Razılaşma bağlanmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Qeyd etmək lazımdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 06 dekabr 2019-cu il tarixli 01 nömrəli Əlavə Razılaşmaya əsasən satılmalı olan 102377 manat dəyərində avadanlıqların “10951 manatlıq” hissəsinin və eləcə də, 01 noyabr 2019-cu il tarixli OP/2019/04-1 nömrəli Müqaviləyə “9816,70 manat dəyərində müxtəlif adda və çeşiddə avadanlıqların satılması” ilə əlaqədar tərtib edilmiş 08 aprel 2020-ci il tarixli 2 nömrəli Əlavə Razılaşmada nəzərdə tutulan avadanlıqların müqavilə şərtlərinə və Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq satıcı "xxxx" MMC tərəfindən alıcı Cavabdeh MMC-yə təhvil verilməsi, yəni iddia tələbində qeyd olunan “20768 (iyirmi min yeddi yüz altımış səkkiz) manat məbləğində” malların alqı-satqısının baş tutması mötəbər sübutlar əsasında öz təsdiqini tapmamışdır. Halbuki, alqı-satqı müqaviləsi üzrə Alıcı almış olduğu malların razılaşdırılmış dəyərinin Satıcıya ödənilməsi vəzifəsini daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda təsvir olunanlardan görünür ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli OP/2019/06 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 06 dekabr 2019-cu 01 nömrəli Əlavə Razılaşmaya əsasən nəzərdə tutulan malların cavabdehin mübahisələndirdiyi “10951 manatlıq” hissəsinin və eləcə də, “9816,70 manat dəyərində müxtəlif adda və çeşiddə avadanlıqların satılması” ilə əlaqədar tərtib edilmiş 08 aprel 2020-ci il tarixli 2 nömrəli Əlavə Razılaşmada nəzərdə tutulan avadanlıqların həqiqətən də Satıcı (iddiaçı) tərəfindən Alıcıya (cavabdehə) təhvil verilməsi barədə sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş “elektron qaimələr” isə malların həqiqətən də cavabdehə verilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Çünki, ilk növbədə ödəniləcək pul vəsaitləri barədə məlumatı əks etdirən və heç bir halda məlum Müqavilə şərtlərinə uyğun olaraq “malların həqiqətən də verilməsi” məlumatlarını özündə əks etdirməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə Müqavilədə nəzərdə tutulan malların Alıcıya təhvil verilməsinin müəyyən olunması mümkün deyildir (hətta, həmin qaimələrdə “Əsas” kimi iddia tələbinin əsaslandırıldığı müqavilə deyil, başqa müaviləyə istinad olunmuşdur). Halbuki, iddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbi öz xarakterinə görə yazılı sübutlar hesab edilən sənədlər əsasında sübut edilməli olduğuna görə, ilk növbədə tərəflər arasında bağlanmış Müqavilədə nəzərdə tutulan malların həqiqətən də təhvil verilməsini təsdiq edən yazılı sübutlar (qaiməfaktura, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim olunmalı idi. Yəni, Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddiaçı tərəf iddia tələbinin sübut edilməsində istifadə oluna biləcək sənədləri təqdim etməklə, üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməli idi. Beləliklə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, “cavabdeh "xxxx" MMC-dən əsas borc kimi 20768 (iyirmi min yeddi yüz altımış səkkiz) manat məbləğində pulun tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “cavabdeh "xxxx" MMC-dən əsas borc kimi 20768 (iyirmi min yeddi yüz altımış səkkiz) manat məbləğində pulun tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-384/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-384/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver