Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-386/2021 03.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, “dəymiş maddi ziyan olaraq 7400 (yeddi min dörd yüz) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi və Cavabdeh MMC-nin rəhbər vəzifəli şəxsləri barədə dələduzluq maddəsi ilə cinayət işinin başlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdehnə qarşı yönəlmiş pul tələbi ilə yanaşı “ Cavabdeh MMC-nin rəhbər vəzifəli şəxsləri barədə dələduzluq maddəsi ilə cinayət işinin başlanması” barədə də qərar qəbul edilməsi xahiş olunmuş və bununla da, mülki icraat qaydasında verilmiş iddia ərizəsində məhkəmədə baxılmalı olmayan tələb irəli sürülmüşdür. Halbuki, bu kimi tələbə (şikayətə), yəni “dələduzluq maddəsi ilə cinayət işinin başlanması” barədə tələbə hüquq mühafizə orqanları (polis, prokurorluq) tərəfindən baxılaraq, müvafiq qərarlar qəbul edilməlidir. Ona görə də, həmin tələblə, yəni “dələduzluq maddəsi ilə cinayət işinin başlanması” barədə tələblə əlaqədar iddiaçı məhkəməyə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Eləcə də, iddia ərizəsinin surətinin cavabdeh tərəfindən alınmasını təsdiq edən müvafiq sənəd iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədlərin surətlərini cavabdehə çatdırmalı və bununla bağlı müvafiq sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddiaçı iddia tələbində cavabdehdən “7400 (yeddi min dörd yüz) manat pulun tutulmasını” xahiş etsə də, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə dövlət rüsumu kimi yalnız 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən xx xxxxxx 2021-ci il tarixli **********12 №-li qəbz daxil etmişdir. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir (108.1.1-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı tərəfindən Cavabdehnə qarşı iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-386/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-386/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver