Məhkəmə qərarları › İş №e-2-2(119)-389/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-389/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-389/2023 31.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehl Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli 056A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 5565,06 (beş min beş yüz altmış beş manat 06 qəpik) manat məbləğində kredit bоrcu, 538,66 (beş yüz otuz səkkiz manat 66 qəpik) manat məbləğində faiz bоrcu və 139,13 (yüz otuz doqquz manat 13 qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 6242,85 (altı min iki yüz qırx iki manat 85 qəpik) manat borcun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli 056A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,0833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh götürdüyü kredit bоrcundan 1434,94 manat ödəniş etmiş və оnun iddiaçıya 5565,06 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün cavabdehin xx.xx.2022-ci il tarixə 125 gün üçün hesablanmış faiz borcu 538,66 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 125 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 139,13 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabadeh Cavabdeh ilə aralarında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün mediatora müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və 110 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. 17 aprel 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 31 may 2023-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 15 noyabr 2021-ci il tarixli 056A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" QSC tərəfindən aylıq faiz dərəcəsi 2,0833% olmaqla 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. - Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. - Həmin müqavilənin 4.2.3-cü bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 15 noyabr 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh imzası ilə təsdiq etmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 02 fevral 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2022-ci il tarixinə 5565,06 manat məbləğində əsas bоrcu, 538,66 manat məbləğində faiz bоrcu və 139,13 manat məbləğində cərimə olmaqla, cəmi 6242,85 manat məbləğində borcu vardır. - 06 yanvar 2023-cü il tarixli, MŞB/8-00325 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı "xxxx" QSC ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq 110 manat məbləğində mediasiya ödənişini həyata keçirmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi; - kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdükləri öhdəliklərə tam əməl etməmiş və müqavilənin şərtlərini əsaslı dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia kredit müqaviləsinin ləğv olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 5565,06 (beş min beş yüz altmış beş manat 06 qəpik) manat məbləğində əsas bоrc, 538,66 (beş yüz otuz səkkiz manat 66 qəpik) manat məbləğində faiz bоrcu və 139,13 (yüz otuz doqquz manat 13 qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli 056A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 5565,06 manat məbləğində əsas bоrc, 538,66 manat məbləğində faiz bоrcu və 139,13 manat məbləğində cərimə tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 110 (yüz on) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, cavabdehlər Cavabdeh 82,43 (səksən iki manat 43 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasıya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasıya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli 056A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 5565,06 (beş min beş yüz altmış beş manat 06 qəpik) manat məbləğində əsas bоrc, 538,66 (beş yüz otuz səkkiz manat 66 qəpik) manat məbləğində faiz bоrcu, 139,13 (yüz otuz doqquz manat 13 qəpik) manat məbləğində cərimə və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 110 (yüz on) manat məbləğində mediasia xərci olmaqla, cəmi 6352,85 (altı min üç yüz əlli iki manat 85 qəpik) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh dövlət nəfinə 82,43 (səksən iki manat 43 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar