Məhkəmə qərarları › İş №e-2-2(119)-40/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-40/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-40/2024 08.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 18365,06 (on səkkiz min üç yüz altmış beş manat altı qəpik) manat məbləğində krеdit bоrcu, 4074,56 (dörd min yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində faiz bоrcu və 4104,54 (dörd min yüz dörd manat əlli dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26544,16 (iyirmi altı min beş yüz qırx dörd manat on altı qəpik) məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 021L**********67 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (iki milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 30 dekabr 2019-cu il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 16 aprel 2020-ci il tarixli 017R**********S saylı, 21 avqust 2020-ci il tarixli 017R**********SA saylı, 07 iyul 2021-ci il tarixli 017R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 07 fevral 2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 6634,94 (altı min altı yüz otuz dörd manat doxsan dörd qəpik) manat ödəmiş, onun 18365,06 (on səkkiz min üç yüz altmış beş manat altı qəpik) manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 27 mart 2023-cü il tarixə 404 gün üçün hesablanmış faiz borcu 4074,56 (dörd min yetmiş dörd manat əlli altı qəpik) manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. 27 mart 2023-cü il tarixə 404 gün üçün hеsablanmış cərimə 4104,54 (dörd min yüz dörd manat əlli dörd qəpik) manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmiş, bu barədə 12 iyun 2023-cü il tarixli arayış verilmiş, mediasiya xərcləri olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat haqq ödənilmişdir. 08 fevral 2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 izahatında kredit razılaşmasına və ödəniş planlarına dəyişikliklər edilməsi barədə məlumatlı olduğunu, 26 dekabr 2023-cü il tarixli 9/9302 nömrəli ekspert rəyində 06 iyul 2022-ci il tarixə hesablanmış əsas və faiz borcunu qəbul etdiyini, cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında 26 dekabr 2023-cü il tarixli 9/9302 nömrəli ekspert rəyində 06 iyul 2022-ci il tarixə hesablanmış əsas və faiz borcunu qəbul etdiyini, cərimə məbləğinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 021L**********67 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə ******* (iki milyon) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 021S**********03 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 25 aprel 2019-cu il tarixli 021S**********04 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşmasının 1-ci bəndinə görə bank məbləği 25000 (iyirmi beş min) manat olan krediti aylıq faiz dərəcəsi 1,9167 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 05 yanvar 2022-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 017S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 16 aprel 2020-ci il tarixli 017R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 16 aprel 2020-ci il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 16 aprel 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 05 may 2022-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2, Cavabdeh2 və Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli 017R**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 21 avqust 2020ci il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 21 avqust 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 07 noyabr 2022-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2, zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” 07 iyul 2021-ci il tarixli 017R**********SB nömrəli sazişin 1-ci bəndinə əsasən kredit alan 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 07 iyul 2021-ci il tarixli ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 05 yanvar 2023-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2, zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş borc haqqında arayışından görünür ki, 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 27 mart 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 18365,06 (on səkkiz min üç yüz altmış beş manat altı qəpik) manat məbləğində əsas borcu, 4074,56 (dörd min yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində faiz borcu və 4104,54 (dörd min yüz dörd manat əlli dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 26544,16 (iyirmi altı min beş yüz qırx dörd manat on altı qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli 9/9302 nömrəli ekspert rəyində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 06 iyul 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 18171,72 manat, faiz borcu üzrə 1729,88 manat, 27 mart 2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 18171,72 manat, faiz borcu üzrə 4015,01 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit müqaviləsi və həmin müqavilə əsasında imzalanmış sazişlər üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə Cavabdeh2 cərimə hesablanmamışdır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 06 iyul 2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 18365,06 manat məbləğində əsas borc, 2432,42 manat məbləğində faiz borcu, 3167,93 manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun 16 iyul 2022-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması, “Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi” haqqında Sazişləri üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin kredit razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc Cavabdeh2 tutulmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən 26 dekabr 2023-cü il tarixli 9/9302 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh2 ekspert rəyində qeyd edilən 18171,72 (on səkkiz min yüz yetmiş bir manat yetmiş iki qəpik) manat məbləğində əsas borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi borc haqqında arayışda 27 mart 2023-cü il tarixinə 4074,56 (dörd min yetmiş dörd manat əlli altı qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə Cavabdeh2 06 iyul 2022-ci il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 26 dekabr 2023-cü il tarixli 9/9302 nömrəli ekspert rəyi mötəbər sübut olaraq əsas götürülərək rəydə 06 iyul 2022-ci il tarixə hesablanmış 1729,88 (min yeddi yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 25 aprel 2019-cu il tarixli 021S**********03 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1, 25 aprel 2019-cu il tarixli 021S**********04 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 və 30 dekabr 2019-cu il tarixli 017S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "4104,54 (dörd min yüz dörd manat əlli dörd qəpik) məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 18171,72 (on səkkiz min yüz yetmiş bir manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 1729,88 (min yeddi yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Bundan başqa iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hesablanmış 150,31 (yüz əlli manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 18171,72 (on səkkiz min yüz yetmiş bir manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 1729,88 (min yeddi yüz iyirmi doqquz manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 20301,60 (iyirmi min üç yüz bir manat altmış qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 150,31 (yüz əlli manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar