Məhkəmə qərarları › İş №e-2-2(119)-402/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-402/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-402/2023 18.04.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 09 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3446,28 (üç min dörd yüz qırx altı manat 28 qəpik) manat əsas borcun, 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat faiz borcunun və 3190,11 (üç min bir yüz doxsan manat 11 qəpik) manat cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat faiz borcunun, iş üzrə ödənilmiş 19,51 (on doqquz manat 51 qəpik) manat dövlət rüsumunun və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizədə həmin tələb borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 03 avqust 2015-ci il tariхli ********* nömrəli krеditi müqaviləsinin şərtlərinin pozulması və eyni zamanda, borcverən İddiaçı ASC ilə zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 03 avqust 2015-ci il tariхli 480004649/ZM nömrəli zaminlik müqaviləsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi 09 mart 2023-ci il tarixli iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/2017 nömrəli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilərək iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən etibarən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ləğvedicisi” təyin edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən” və Cavabdeh2 – “Borc alan” olmaqla, bağlanmış 03 avqust 2015-ci il tariхli ********* nömrəli Kredit Müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər üçün borcalan Cavabdeh2 (VÖEN **********) 24 ay müddətinə illik 21,5 % dərəcəsi ilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 43 (qırx üç) faiz dərəcəsilə, aylıq isə 3,58 (üç tam yüzdə əlli səkkiz) faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. Həmin Müqavilənin 3.7-ci bəndinə əsasən, borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecirildikdiyi halda), gecikdirilən məbləğə (kreditin və faizinin ödənilməmiş hissəsinə) görə Kreditora cərimə ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ Kreditora tam ödənildiyi günə qədər hesablanır. Cərimənin və zərərin əvəzinin ödənilməsi Borcalanı bu Müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. İş materiallarından görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunu müvafiq Ödəniş Cədvəlinə əsasən son ödəniş tarixi 03 avqust 2017-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən” və Cavabdeh2 – “Borc alan” olmaqla, bağlanmış 03 avqust 2015-ci il tariхli ********* nömrəli Kredit Müqaviləsi üzrə bağlanmış 13 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən, Borcalanın Kreditor qarşısındakı 2991,31 (iki min doqquz yüz doxsan bir ABŞ dolları 31 sent) ABŞ dolları kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,50 AZN) 4486,97 (dörd min dörd yüz səksən altı manat 97 qəpik) manat təşkil etmiş (1.1-ci bənd) və Restrukturizasiya edilmiş kreditin müddəti illik 20 (iyirmi) faiz hesablanmaqla, 13 fevral 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 03 avqust 2015-ci il tariхli 480004649/ZM nömrəli Zaminlik müqaviləsi və həmin müqavilə üzrə bağlanılmış 1 saylı Əlavədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, müvafiq olaraq Cavabdeh3 və Cavabdeh1 – “Zaminlər” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən, həmin zaminlər borc alan Cavabdeh2 03 avqust 2015-ci il tariхli ********* nömrəli Kredit Müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti üzərlərinə götürmüşlər. X1 tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (müqavilələrin 4.1-ci bəndi). İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli **********970 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 Kredit müqaviləsi üzrə 11 noyabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3446,28 manat məbləğində əsas bоrc, 2833,55 manat məbləğində faiz borcu, 3190,11 manat məbləğində cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 480,96 manat məbləğində faiz borcu оlmaqla, cəmi 9950,90 (doqquz min doqquz yüz əlli manat 90 qəpik) manat məbləğində borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 1002 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda - zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN: **********) 03 avqust 2015-ci il tariхli ********* nömrəli Kredit müqaviləsini və 13 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişi bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu müvafiq qaydada ödəməmiş və bununla da, Borcverəndən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlər Cavabdeh1 və Cavabdeh3 da borcverən Bank qarşısında öhdəlikləri yaranmışdır. Lakin, iş materialları ilə müəyyən edilir ki, zaminlər Cavabdeh3 və Cavabdeh1 “borc alan” Cavabdeh2 03 avqust 2015-ci il tariхli ********* nömrəli Kredit Müqaviləsi və həmin müqavilə əsasında bağlanmış 13 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişə əsasən kreditin qaytarılma vaxtının son müddəti 13 fevral 2020-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 13 fevral 2020-ci il tarixi olmuşdur. Lakin, iddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 13 fevral 2020-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin müqavilələr üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 09 mart 2023-cü ildə məhkəməyə təqdim etmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni məlum kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün, hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində Cavabdeh3 və zamin qismində Cavabdeh1 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 19,51 (on doqquz manat 51 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər mediasiya sessiyasında iştirak etməmişlər - “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” barədə 25 yanvar 2023-cü il tarixli MŞS/MT030/2023/00071 nömrəli Arayış). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Göründüyü kimi, Cavabdeh2 (VÖEN **********) 3446,28 manat məbləğində əsas bоrc, 2833,55 manat məbləğində faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %lə hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat məbləğində faiz borcu Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "3190,11 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, Cavabdeh2 cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və Cavabdeh2 (VÖEN **********) 3446,28 manat məbləğində əsas bоrc, 2833,55 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 480,96 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Dövlət Büdcəsinə ödənilmiş 19,51 (on doqquz manat 51 qəpik) manat məbləğində dövlət rüsumu və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən 100 (yüz) manat məbləğində mediatora ödənilmiş xidmət haqqı da Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 89,6 (səksən doqquz manat 60 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 70,09 (yetmiş manat 09 qəpik) manat məbləğində (89,6 manat – 19,51 manat = 70,09 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh2 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 (VÖEN **********) 3446,28 (üç min dörd yüz qırx altı manat 28 qəpik) manat məbləğində əsas bоrc, 2833,55 (iki min səkkiz yüz otuz üç manat 55 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 480,96 (dörd yüz səksən manat 96 qəpik) manat məbləğində faiz, 200 (iki yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı və 19,51 (on doqquz manat 51 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7080,3 (yeddi min səksən manat 30 qəpik) manat məbləğində pul vəsaiti Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 dövlət rüsumunun qalığı kimi 70,09 (yetmiş manat 09 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar