Məhkəmə qərarları › İş №e-2-2(119)-405/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-405/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-405/2025 04.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7048,76 (yeddi min qırx səkkiz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 182,57 (yüz səksən iki manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7231,33 (yeddi min iki yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində borcun və 92,31 (doxsan iki manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə sahibkar olan fiziki şəxs Cavabdeh arasında bağlanmış 17 fevral 2023-cü il tarixli 364732-CNS- 42797 saylı kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitlərinin artırılması üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Bank ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2024-cü il tarixli 364732-CNS-42797/1 saylı “17 fevral 2023-cü il tarixli, 364732-CNS- 42797 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 01 saylı razılaşmaya əsasən kredit müddəti 16 iyul 2027-ci il tarixədək, faiz dərəcəsi 20 faiz, məbləğ isə 7048,76 manat müəyyən edilmişdir. Lakin borclu Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 16 avqust 2024-cü il tarixdən icra etməmiş və nəticədə onun banka 7231,33 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 17 fevral 2023-cü il tarixli 364732-CNS- 42797 nömrəli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə Cavabdeh 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.3-cü bəndinə görə kredit alan krediti tam məbləğdə 17 fevral 2026-cı il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin kredit müqaviləsinin 3.4.1-ci bəndinə görə kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 24 % olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə hər gecikdirilən təqvim gün üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli 17 fevral 2023-cü il tarixli 364732- CNS-42797 nömrəli kredit müqaviləsinə 01 saylı əlavə razılaşmanın 1-ci bəndinə əsasən borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımi qaydada icrasını təmin etmək məqsədilə tərəflər krediti restrukturizasiya edərək borcalanın 16 iyul 2027-ci il tarixinə olan kredit müqaviləsindən öhdəlikləri kapitallaşdırılaraq 7048,76 (yeddi min qırx səkkiz manat yetmiş altı qəpik) manat müəyyən edilir. Həmin razılaşmanın 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə 16 iyul 2027-ci il tarixdə və ya kredit müqaviləsində nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin razılaşmanın 3.4.1-ci bəndinə görə kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 20 % olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 05 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 16 iyul 2024-cü il tarixli 17 fevral 2023-cü il tarixli 364732-CNS-42797 nömrəli kredit müqaviləsinə 01 saylı əlavə razılaşma üzrə 05 dekabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 7048,76 (yeddi min qırx səkkiz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 182,57 (yüz səksən iki manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7231,33 (yeddi min iki yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 06 dekabr 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 7048,76 (yeddi min qırx səkkiz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc, 182,57 (yüz səksən iki manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu, olmaqla, ümumilikdə 7231,33 (yeddi min iki yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində borcu olduğu bildirilmiş, borcun 3 iş günü ərzində qaytarılması, əks təqdirdə bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə borcun ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim edilmiş 04 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 16 iyul 2024cü il tarixli 17 fevral 2023-cü il tarixli 364732-CNS-42797 nömrəli kredit müqaviləsinə 01 saylı əlavə razılaşma üzrə 04 mart 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6731,33 (altı min yeddi yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh 17 fevral 2023-cü il tarixli 364732-CNS-42797 nömrəli kredit müqaviləsini və 16 iyul 2024-cü il tarixli 17 fevral 2023cü il tarixli 364732-CNS-42797 nömrəli kredit müqaviləsinə 01 saylı əlavə razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Lakin həmin kredit müqaviləsi üzrə tutulmalı olan borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 04 mart 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında Cavabdeh 16 iyul 2024-cü il tarixli 17 fevral 2023-cü il tarixli 364732-CNS-42797 nömrəli kredit müqaviləsinə 01 saylı əlavə razılaşma üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi 6731,33 (altı min yeddi yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “7048,76 (yeddi min qırx səkkiz manat yetmiş altı qəpik) manat məbləğində əsas borc və 182,57 (yüz səksən iki manat əlli yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7231,33 (yeddi min iki yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, sözügedən kredit müqaviləsi üzrə 6731,33 (altı min yeddi yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “ödənilmiş 92,31 (doxsan iki manat otuz bir qəpik) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 87,31 (səksən yeddi manat otuz bir qəpik) manat təşkil edir. Buna görə iddiaçı tərəfindən ödənilmiş 87,31 (səksən yeddi manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 6731,33 (altı min yeddi yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində əsas borc və 87,31 (səksən yeddi manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6818,64 (altı min səkkiz yüz on səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6731,33 (altı min yeddi yüz otuz bir manat otuz üç qəpik) manat məbləğində əsas borc və 87,31 (səksən yeddi manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 6818,64 (altı min səkkiz yüz on səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar