Məhkəmə qərarları › İş №e-2-2(119)-409/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-409/2025

12.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-409/2025 12.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 85 aylıq abunə borcunun - 510 (beş yüz on) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20 noyabr 2017-ci il tarixində 017408 nömrəli akt imzalanmış, nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Cavabdehə MT**********00 nömrəli qaimə göndərilmiş və bu qaimə vergi ödəyicisi olan cavabdeh tərəfindən təsdiqlənərək qəbul edilmişdir. Cavabdeh hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüş, lakin həmin öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2017-ci ildən 1 ay, 2018-ci ildən 12 ay, 2019cu ildən 12 ay ,2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay, 2024-cü ildən 12 ay olmaqla xidmət haqqları ödənilməmişdir. Cavabdehin 85 aylıq abunə borcu 510 manat məbləğində təşkil edir. Cavabdeh 06 fevral 2025-ci tarixində məhkəməyə etirazla müraciət etmiş və etirazda bildirmişdir ki, işlədiyi müddətdə iddiaçı ilə xidmət haqqında hansısa müqavilə bağlanılmadığı halda iddiaçı ona qarşı əsassız olaraq 2017-ci ildən 2024-cü ilə qədər olan müddət ərzində hesablanmış borc üzrə iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, vergi qanunvericiliyinin müvafiq maddəsinə görə 2022ci il tarixdə istifadəsində olan köhnə nəsil kassa aparatı yeni nəsil kassa aparatı ilə əvəz etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi haqqında” 25 dekabr 2019-cu il tarixli 902 nömrəli Fərmanının 2.15-ci bəndinə və Vergi məcəlləsinin 77.5-ci və 77.6-cı maddələrinə əsasən ona ödənilməli olan 350 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İddiaçı 26 may 2025-ci il tarixində “Etiraza cavab” adlı sənədlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh müqavilədə olan imzanın ona məxsus olmamasını iddia edir. Cavabdeh eyni VÖEN-lə, eyni ünvanda, eyni zavod nömrəli kassa aparatını 17 noyabr 2015-ci il tarixdə qeydiyyata almış, 10002 kodu ilə telefon mağazası işlətmişdir. Sonradan o, kassa aparatını qeydiyyatdan çıxarmış və bu kassa aparatı 20 noyabr 2017ci il tarixdə eyni ünvanda başqa kod ilə - 10003 kodu ilə qeydiyyata alınmışdır. Qeydiyyata düşmə, qeydiyyatdan çıxma və yenidən qeydiyyata alınma əməliyyatları iddiaçıya məxsus servis xidməti tərəfindən həyata keçirilmişdir. Cavabdeh tərəflər arasında xidmət haqqında müqavilənin bağlanmadığını və müqavilədə olan imzanın ona məxsus olmadığını iddia edir. Əsasnaməyə görə STXM (servis texniki xidmət mərkəzi) yalnız onun uçotunda olan (yəni müqavilə bağlamış) ödəyiciyə xidmət göstərə bilər. Bu halda müqavilə bağlandıqdan sonra iddiaçı kassanın fiskal yaddaşını plomblamış və bu plomb aktı vergi ödəyicisi tərəfindən Vergilər Nazirliyinə göndərilmişdir və onun işləməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarının 9.2-ci bəndində qeyd edilmişdir ki, nəzarət-kassa aparatlarının (NKA) istehlakçısı NKA ilə əlaqədar olan sənədlərin uçotunun aparılmasını, saxlanılmasını və silinməsini təşkil edir və onların aparılması və saxlanılması üçün şəxsi məsuliyyət daşıyan ayrıca şəxs təyin edir. Bu bəndə əsasən, NKA-ya aid sənədləri bu məsul şəxs imzalaya bilər. Bu vergi ödəyicisi tərəfindən təyin edilmiş müqavilədə ödəyicinin təyin etdiyi şəxsin imzası vardır. Əgər cavabdehin müqavilə barədə məlumatı olmamışdırsa, kassa aparatını blomblamaq üçün iddiaçıya hansı səbəbə təqdim etdiyi məlum deyildir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, işlədiyi obyektə iddiaçıya məxsus kassa aparatı quraşdırılmış və yeni növ kassa aparatlarına keçid edilənədək, yəni 2017-ci ildən 2022-ci il tarixinədək həmin aparatdan istifadə edilmişdir. Daha sonra obyektdə oğurluq halı baş vermişdir. Məlumdur ki, kassa aparatı kassaya birləşmiş halda olur, kassa oğurlanan zaman həmin aparat da oğurlanmışdır. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Bununla bağlı sənədlər vergi orqanına təqdim edilərək kassa aparatı qeydiyyatdan çıxarılmışdır. Kassa aparatından istifadə etdiyi müddətdə kassa aparatını nağd qaydada ödəniş həyata keçirərək aldığından və hər hansı müqavilə bağlanılmadığından abunə haqqı növündə hər hansı ödəniş etməmişdir. Belə ki iddiaçıya alqı-satqı zamanı ödənilmiş məbləğdən savayı hər hansı ödəniş həyata keçirilməmiş, eyni zamanda kassa aparatının ona təhvil verilməsi zamanı hər hansı sənəd tərtib edilməmişdir. Mağazaları kassa aparatı ilə təmin edən şəxs kimi tanınan Məhəmməd adlı şəxs kassa aparatını ona təqdim etmiş, o da ödənişi həyata keçirmiş, iddiaçı şirkətlə hər hansı formada əlaqədə olmamışdır. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 17 aprel 2025-ci il tarixli iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddia ərizəsində qeyd edilən “Merkuri” markalı kassa aparatlarının dəyərini ödədikdən sonra iddiaçının nümayəndəsi gələrək yeni aparatlar quraşdırmışdır. İddiaçı ilə aralarında hər hansı müqavilə mövcud olmamışdır. Kassa aparatları xarab olduqda iddiaçıya müvafiq ödəniş edilərək həmin aparatlar təmir edilmişdir. Həmin kassaların istifadəsinin məhdudlaşdırılma dövrü vardır. Təqribən 2021- 2022-ci ilədək həmin nəzarət kassa aparatları istifadə edilirdi, həmin vaxtdan sonra onların istifadəsi dayandırılmış və başqa hüquqi şəxsin təqdim etdiyi yeni nəzarət kassa aparatları ilə əvəz edilmişdir. Hətta həmin vaxtlarda ona məxsus mağazaya müdaxilə edilmiş və mağazanın şüşəsi qırılmışdır. Sözügedən kassa da həmin vaxt itmişdi. Kassa olmadan işləmək qadağan olunduğu üçün 2022-ci ilin iyul ayında Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə müraciət edərək itmiş kassanın ləğvini tələb etmişdir. İddiaçı tərəfindən elektron kabinetə əlavə edilmiş müqavilədə “İstehlakçı” qrafasındakı imza və əlaqə nömrəsi ona məxsus deyildir. Həmçinin həmin imzanın onun nümayəndələrinə: onun mağazasında çalışan şəxs, vəkili və s. kimi şəxslərə məxsus olma ehtimalı yoxdur. İddiaçı tərəfindən mağazaya kassa aparatı quraşdırıldıqdan sonra ona yalnız kassa aparatı, kitabça, kassa və adapter verilmiş, hər hansı müqavilə təqdim edilməmişdir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, cavabdehin etirazını, iddiaçının etiraza cavabını və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 17 noyabr 2015-ci il tarixli 007513 nömrəli müqavilənin 1-ci bəndinə əsasən, istehsalçı “Merkuri-130F-01” markalı və zavod nömrəsi 00215111 olan nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi servis texniki xidmət mərkəzinə tapşırır, servis texniki xidmət mərkəzi (STXM) isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən, servis texniki xidmət mərkəzi tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində nəzarət kassa aparatının fasiləsiz işləməsinə imkan yaradır. Həmin müqavilənin 5-ci bəndinə əsasən, mütəmadi və fasiləsiz xidmət göstərmək üçün, istehsalçı tərəfindən servis texniki xidmət mərkəzinə (STXM) hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə nəzarət kassa aparatına göstərilən texniki xidmət və təmirin dəyəri STXM-nin üzərinə düşür. Həmin müqavilənin 6-cı bəndinə əsasən, şərtlər pozulduqda müqavilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq ləğv edilir və bu barədə Vergilər Nazirliyinə məlumat verilir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya aylıq abunə haqqını (6 manat) borclu olduğu dövr xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixlərini əhatə etməklə, ümumilikdə 85 ay təşkil edir və arayışda bununla əlaqədar cavabdehin 510 manat məbləğində borcunun olması qeyd edilmişdir. İş materiallarında olan 01 iyul 2015-ci il tarixli 017408 nömrəli nəzarət kassa aparatının istismara verilmə aktında “Merkuri-130F-01” markalı və zavod nömrəsi 00215111 olan nəzarət kassa aparatı ünvan 1 ünvanında quraşdırılaraq cavabdehin istifadəsinə verildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 510 manat dəyərində “Merkuri-130F-01” markalı nəzarət kassa aparatına xidmət göstərilməsi ilə əlaqədar 17 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 11050300 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri X1 üzrə Baş İdarəsinin məktubunda cavabdehə məxsus olan təsərrüfat subyektində quraşdırılmış “Merkuri-130F-01” markalı 00215111 nömrəli nəzarət kassa aparatının qeydiyyatdan çıxarıldığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 09 iyul 2025-ci il tarixli 4/738 nömrəli ekspert rəyinin nəticə hissəsində “Ekspertizaya təqdim edilmiş 20 noyabr 2017-ci il tarixli 017408 nömrəli nəzarət-kassa aparatlarının istismara verilmə aktında “İmza” qrafasındakı imza və 17 noyabr 2015-ci il tarixli 007513 nömrəli müqavilədə olan “İstehlakçı: İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət ... ilə məşğul olan fiziki şəxslər ... tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə daxildir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli Fərmanının 1.1-ci, 1.7-ci və 1.12-ci bəndlərinə əsasən, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, həmin maddədə orqan (qurum) dedikdə, birinci halda Azərbaycan Respublikasının Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının Dövlət Reyestri”ndə "Merkuriy 15 F,-01, -02, -03" markalı nəzarət-kassa aparatlarını sifariş verən təşkilat qismində "Billur" Elm-İstehsalat Birliyi göstərilmişdir. Bu akt “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə”də hazırkı iş üzrə iddiaçının da aid olduğu Servis texniki xidmət mərkəzlərinin və hazırkı iş üzrə cavabdehin aid olduğu nəzarət-kassa aparatlarının istehlakçılarının hüquq və vəzifələri, fəaliyyət qaydası nəzərdə tutulmuşdur. Bu akt “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilmişdir. Həmin aktın Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir. X4 hissəsinin 2-ci bəndinə əsasən, bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq, quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir. X2 təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli olduğu və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməli olduğu müddət cavabdehin də fəaliyyət göstərdiyi Bakı şəhəri üzrə digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) üçün 2021-ci il 1 aprel tarixədək müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 2-ci hissəsində nəzarət-kassa aparatlarına dair tələblər, 3-cü hissəsində isə nəzarət-kassa aparatlarının operatoru kimi qeydiyyatdan keçmək üçün hüquqi şəxsə aid edilmiş tələblər müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qüvvədən düşmüş olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının Dövlət Reyestri”nə əsasən "Merkuriy 15 F,-01, -02, -03" markalı nəzarət-kassa aparatlarının sifarişçisi və həmin nəzarət-kassa aparatlarına münasibətdə servis texniki xidmət mərkəzi qismində çıxış etmiş İddiaçı MMC hazırda hər hansı nəzarət-kassa aparatlarının operatoru deyildir və iddiaçının vaxtilə operatoru olduğu həmin kassa aparatı hazırda dövriyyədə istifadə edilmir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi portalı olan https://e-kassa.gov.az/az internet səhifəsində e-kassa operatorlarının və e-kassa modellərinin siyahısı göstərilmişdir və həmin siyahıda operator qismində hazırkı iddiaçının və e-kassa modeli qismində isə iddiaçıya məxsus olan “Merkuri 130 F-01”, o cümlədən “Merkuri” markasına məxsus digər modellərin adı yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nə əsasən vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməli olduğu müddət cavabdehin də fəaliyyət göstərmiş olduğu Bakı şəhəri üzrə digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) üçün 2021-ci il 1 aprel tarixədək müəyyən edilmişdir. Digər tərəfdən, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 85 aylıq abunə borcunun - 510 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı - tərəflərin xidmət göstərilməsi barədə razılığa gəldiyi və iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən müvafiq xidmətlərin göstərildiyi öz təsdiqini tapmır. Belə ki, iş materiallarına iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi əlavə edilmiş 17 yanvar 2025-ci il tarixli MT2501 seriyalı 11050300 nömrəli elektron qaimə-fakturanın cavabdeh tərəfindən təsdiqlənərək qəbul edilməsi ilə bağlı hansısa təsdiqedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş 09 iyul 2025-ci il tarixli 4/738 nömrəli ekspert rəyi ilə hazırkı iddia ərizəsi ilə tələb olunan məbləğin əsası kimi iş materiallarına əlavə edilmiş sənədlərdə: 17 noyabr 2015-ci il tarixli 007513 nömrəli müqavilədə və 01 iyul 2015-ci il tarixli 017408 nömrəli nəzarət kassa aparatının istismara verilmə aktında olan imzaların Cavabdeh tərəfindən icra edilmədiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı tərəflər arasında xidmətin göstərilməsi ilə bağlı razılığın mövcudluğu və iddia ərizəsi ilə tələb olunan borcun əsası kimi təqdim edilən sənədlərin mötəbərliyi öz təsdiqini tapmamışdır, eyni zamanda cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarında yalnız iddiaçıdan birdəfəlik ödəniş etməklə nəzarət kassa aparatını aldığını qəbul etmiş, aralarında hər hansı xidmət göstərilməsi ilə bağlı müqavilənin, o cümlədən xidmətlərə görə aylıq 6 manat məbləğində ödəniş edilməsi barədə razılaşmanın olduğunu isə inkar etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2025-ci il tarixli 4/738 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən yuxarıda istinad edilmiş Mülki Prosessual Məcəllənin 107ci, 115.0.1-ci və 119.1-ci maddələrinə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pul vəsaiti iddiaçıdan dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar