Məhkəmə qərarları › İş №e-2-2(119)-41/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-41/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-41/2023 18.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 qanuni təmsilçisi və Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1ndən 06 mart 2013-cü il tarixli 02/2013 saylı kredit müqaviləsi üzrə 9000 manat məbləğində əsas borc, 10736 manat məbləğində faiz borcu olmaqla, cəmi 19736,62 manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tələbi kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh2 məxsus ünvan 1 ünvanda olan 0,19 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına borcun və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 mart 2013-cü il tarixli 02/2013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1nə 12 ay müddətinə illik 18 faizlə 60000 (altmış min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı ilə cavabdehlər Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında 06 mart 2013-cü il tarixli 02/2013 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Cavabdeh2 məxsus Şabran şəhəri, Salatın Əsgərova küçəsində dalan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 79,1 kv.metr yaşayış, 91,9 kv.metr köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi ipoteka qoyulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmiş və borclu Cavabdeh1 9000 manat əsas, 10736,62 manat faiz borcu olmaqla, cəmi 19736,62 manat problemli kredit borcu da 25 aprel 2018-ci il tarixli S-SHB- 01 saylı təhvil-təslim aktına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialının idarəetməsinə təhvil verilmişdir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən borcalan borc verəndən bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə əsas borcu dövrün sonu, faiz borclarını isə hər rübün sonunda tam ödənilməsi şərti ilə 12 ay müddətində ödəməlidir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh ona verilmiş krediti vaxtında qaytarmamaqla kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və iddiaçını ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1nə və ipoteka qoyan Cavabdeh2 dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Borclulara göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına xx.xx.2019-cu il tarixə olan əsas borcu 9000 manat, faiz borcu 10736,62 manat, cəmi borcu 19736,62 (on doqquz min yeddi yüz otuz altı manat altmış iki qəpik) manat təşkil edir. Sözügedən mübahisə üzrə Cavabdeh1nə Mediasiya Şurası tərəfindən təyin edilmiş medaitor tərəfindən mediasiya prosesinin nəticəsi olan MŞİH-18298 saylı, xx.xx.2022-ci il tarixli arayış təqdim edilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat məbləğində mediasiyaya dair xərci nağdsız qaydada ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qanuni təmsilçisi və Cavabdeh2 izahatında 25 avqust 2023-cü il tarixli 10/4199-9/4353-9/4356 nömrəli ekspert rəyində göstərilən məbləğdə borcu olduğunu bildirmiş, lakin həmin rəydə ipoteka predmetinin dəyəridən ucuz qiymətləndirildiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı ilə borc alan Cavabdeh1 arasında bağlanılmış 06 mart 2013-cü il tarixli 02/2013 nömrəli kredit müqaviləsinə əsasən borc verən tikinti bərpa işləri məqsədilə borc alana dövriyyə vəsaitləri üçün 60000 (altmış min) manat məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18%-lə hesablanır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin təminat üsulu ipotekadır. Bu məqsədlə ABB Şabran filialı ilə ipoteka qoyan arasında 06 mart 2013-cü il tarixli 02/2013 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən borcalan borc verəndən bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə əsas borcu dövrün sonu, faiz borclarını isə hər rübün sonunda tam ödənilməsi şərti ilə 12 ay müddətində ödəməlidir. İş materiallarında olan ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialı ilə ipoteka verən Cavabdeh2, borclu Cavabdeh1 arasında bağlanmış 06 mart 2013cü il tarixli 02/2013 saylı nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Şabran şəhəri, Salatın Əsgərova küçəsi, dalan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsində yerləşən 18 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şabran şəhəri, Salatın Əsgərova küçəsi, dalan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsində yerləşən 18 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 196 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş SX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Şabran şəhəri, Salatın Əsgərova küçəsi, dalan 1 ünvanında 0,19 ha torpaq sahəsi və üzərində yerləşən 18 nömrəli fərdi yaşayış evi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 06 mart 2013cü il tarixli 02/2013 nömrəli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 25 aprel 2018-ci il tarixli S-SHB-01 nömrəli Aktdan görünür ki, borclu Cavabdeh1 9000 manat əsas və 10736,62 manat faiz borcu olmaqla, cəmi 19736,62 (on doqquz min yeddi yüz otuz altı manat 62 qəpik) manat problemli kredit borcu üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə güzəşt edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibat, məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizasının 11 aprel 2023-cü il tarixli 10/622-9/673-9/702 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 01 yanvar 2017-ci il tarixinə əsas borcu 9000 manat, faiz borcu 10736,62 manat təşkil edir. ünvan 3 ünvanında olan 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 171 kv.metr fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 56400 manat məbləğində, likvid qiyməti 10 % azalma tətbiq edilməklə likvid dəyəri təxminən 50700 manat müəyyən edilir. İş materiallarında olan əlavə məhkəmə-mühasibat, əlavə məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə mühəndis-texniki ekspertizasının 25 avqust 2023-cü il tarixli 10/4199- 9/4353-9/4356 nömrəli ekspert rəyində göstərilir ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 01 yanvar 2017-ci il tarixinə əsas borcu 6918,50 manat, faiz borcu 386,28 manat təşkil edir. ünvan 3 ünvanında olan 0,19 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 171 kv.metr olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 56400 manat məbləğində, likvid qiyməti 10 % azalma tətbiq edilməklə likvid dəyəri təxminən 50700 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 06 mart 2013-cü il tarixli 02/2013 nömrəli kredit müqaviləsi üzrə aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 06 mart 2013-cü il tarixli 02/2013 saylı kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən müqavilə üzrə yaranmış borc Cavabdeh1ndən tutulmalıdır. Lakin Cavabdeh1ndən tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibat, əlavə məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə mühəndis-texniki ekspertizasının 25 avqust 2023-cü il tarixli 10/4199-9/4353-9/4356 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 25 may 2022-ci il tarixinə hesablanaraq tələb edilən “9000 manat məbləğində” əsas borc və “10736 manat məbləğində” faiz borcu 25 avqust 2023-cü il tarixli 10/4199-9/4353-9/4356 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində 25 avqust 2023-cü il tarixli 10/4199-9/4353-9/4356 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və Cavabdeh1ndən həmin ekspert rəyində qeyd edilən 6918,50 manat məbləğində əsas borc və 386,28 manat məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə müvafiq ipoteka müqaviləsinə əsasən Şabran şəhəri, Salatın Əsgərova küçəsi, dalan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsində yerləşən 18 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş rəyləri nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 50700 (əlli min yeddi yüz) manat göstərilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 93,05 (doxsan üç manat 05 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1ndən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 6918,50 (altı min doqquz yüz on səkkiz manat 50 qəpik) manat məbləğində əsas borc və 386,28 (üç yüz səksən altı manat 28 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7304,78 (yeddi min üç yüz dörd manat 78 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı olan cəmi 7504,78 (yeddi min beş yüz dörd manat 78 qəpik) manat məbləğində pul vəsaiti ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Şabran şəhəri, Salatın Əsgərova küçəsi, dalan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 7504,78 (yeddi min beş yüz dörd manat 78 qəpik) manat məbləğində borc ödənilsin. Şabran şəhəri, Salatın Əsgərova küçəsi, dalan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,19 ha torpaq sahəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 50700 (əlli min yeddi yüz) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1ndən dövlət nəfinə 93,05 (doxsan üç manat 05 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar