Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-41/2024 05.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 17 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalan Cavabdeh2 ilə borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 30118,56 manat məbləğində əsas bоrc və 5775,97 manat faiz borcu оlmaqla, ümumilikdə c’mi 35894,53 (otuz beş min səkkiz yüz doxsan dörd manat 53 qəpik) manat məbləğində borcun və ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, bank İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Krеdit Müqaviləsinə əsasən Borcalana 18 ay müddətinə illik 18% dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, Bank və digər cavabdehlər – Cavabdeh3 arasında 23 fevral 2022-ci il tariхli 102875- 828654/3 nömrəli və Cavabdeh1 arasında isə 23 fevral 2022-ci il tariхli 102875- 828654/3/2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər Bank qarşısında (bоrcalan tərəfindən 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) Bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, Bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyırlar. Borcalan 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Krеdit Müqaviləsi üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 21 iyun 2023-cü il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 30118,56 manat əsas bоrcu və 5775,97 manat faiz borcu оlmaqla, ümumilikdə 35894,53 (otuz beş min səkkiz yüz doxsan dörd manat 53 qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda, həmin Müqaviləyə əsasən Ödəniş Cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Eyni zamanda, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə mövcud kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müvafiq qaydada mediatora müraciət edilmiş olsa da, tərəflər arasında mediasiya qaydasında da razılıq əldə olunmamış və borc ödənilməmişdir. Lakin, İddiaçı ASC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki yüz) manat məbləğində mediasiya xərci də ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə borcalan Cavabdeh2 18 ay müddətinə illik 18 % dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit bu Müqavilə ilə müəyyən olunan şərtlər Borcalan tərəfindən icra edildikdən sonra Bank tərəfindən Borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu Borcalanın müvafiq ssuda hesabında aparılır. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və Borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır: a) Cərimə faizləri; b) Vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər; c) Vaxtı keçmiş və gecikdirilmiş əsas borc; d) Faiz borcu; e) Əsas borc. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən, əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər-hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirildikdə vaxtı keçmiş Kredit hesab edilir. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 36 (qırx) % faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. X2 əsasən ödənişin son tarixi 23 avqust 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 “zamin” olaraq borcalan Cavabdeh2 23 fevral 2022-ci il tariхli 102875- 828654/3 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 23 fevral 2022-ci il tariхli 102875-828654/3/2 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış həmin Zaminlik Müqaviləsinə əsasən Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 23 fevral 2022-ci il tariхli 102875- 828654/3 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 tələblərinə görə, Zaminlər və Borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (müqavilələrin 4.1-ci bəndi) və Zaminlər Kredit müqaviləsi üzrə öhdəliklərin Borcalan tərəfindən İcra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında Borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar (müqavilələrin 4.2-ci bəndi). İş materiallarında olan 21 iyun 2023-cü il tarixli Maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit müqaviləsi üzrə 21 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 30118,56 manat məbləğində əsas bоrcu və 5775,97 manat məbləğində faiz borcu оlmaqla, cəmi 35894,53 (otuz beş min səkkiz yüz doxsan dörd manat 53 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 289 gün təşkil edir. Lakin, iş üzrə həmin hesabatla razı olmayan Cavabdeh1 nümayəndəsi Nümayəndə2 yazılı vəsatəti əsasında qəbul edilmiş 08 dekabr 2023-cü il tarixli qərardadla məlum kreditlə əlaqədar mübahisənin obyektiv həlli məqsədi ilə 23 fevral 2022-ci il tariхli 102875- 828654/3 nömrəli Kredit Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 yanvar 2024-cü il tarixli 9/10051 nömrəli Ekspert Rəyindən görünür ki, keçirilmiş ekspertiza nəticəsində Cavabdeh2 iddiaçı “Expressbank" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - 1) Maliyyə arayışında qeyd edilən tarixə, yəni 21 iyun 2023-cü il tarixə - əsas borc üzrə 31693,2 manat və faiz borcu üzrə 3644,72 manat;. 2). Sualda qeyd edilən digər tarixə (ekspertizanın təyin edilməsi barədə qərardadın qəbul edildiyi tarixə), yəni 08 dekabr 2023-cü il tarixə isə - əsas borc üzrə 31693,2 manat və faiz borcu üzrə 6291,1 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********), zamin (cavabdeh) Cavabdeh3 və zamin (cavabdeh) Cavabdeh1 müvafiq olaraq 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit Müqaviləsi, 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Zaminlik Müqaviləsi və 23 fevral 2022-ci il tariхli 102875- 828654/3/2 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, bank (iddiaçı) İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, iddiaçı İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh2 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit Müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc - “Borcalan” və “Zaminlər” olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Lakin, 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit Müqaviləsi üzrə həmin cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 yanvar 2024-cü il tarixli 9/10051 nömrəli Ekspert Rəyi də mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan borc məbləğləri həmin Rəyə və iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 30 yanvar 2024-cü il tarixli 9/10051 №-li Ekspertiza Rəyində Cavabdeh2 ilə bağlanmış 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit Müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 21 iyun 2023-cü il tarixə “əsas borc 31693,2 manat və faiz borcu 3644,72 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 21 iyun 2023-cü il tarixə hesablanmış “30118,56 manat məbləğində əsas borcun və 5775,97 manat məbləğində faiz borcun“ tutulması tələb olunur. Buna görə də, iddia ərizəsində tələb olunan “30118,56 manat məbləğində əsas borc” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla cavabdehlərdən müştərək qaydada tutulmalı olduğu halda, 21 iyun 2023-cü il tarixə hesablanaraq tələb edilən “5775,97 manat məbləğində faiz borcu” isə 30 yanvar 2024-cü il tarixli 9/10051 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmadığına görə - 23 fevral 2022-ci il tariхli 102875-828654/3 nömrəli Kredit Müqaviləsi üzrə həmin Ekspertiza Rəyi ilə 21 iyun 2023-cü il tarixə müəyyən edilmiş "3644,72 manat” miqdarında faiz borcu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 30118,56 manat məbləğində əsas borc və 3644,72 manat məbləğində faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi də cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq hesablanan 191,29 (yüz doxsan bir manat 29 qəpik) manat məbləğində dövlət rüsumu və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti də cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 30118,56 (otuz min yüz on səkkiz manat 56 qəpik) manat məbləğində əsas borc, 3644,72 (üç min altı yüz qırx dörd manat 72 qəpik) manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 33963,28(otuz üç min doqquz yüz altmış üç manat 28 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 191,29 (yüz doxsan bir manat 29 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-41/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-41/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver