Məhkəmə qərarları › İş №e-2-2(119)-423/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-423/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-423/2024 01.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızına qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızından müştərək qaydada iddiaçının xeyrinə 10 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 12130,90 (on iki min yüz otuz manat doxsan qəpik) manat məbləğində əsas borc, 824,60 (səkkiz yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində faiz borcu və 31,58 (otuz bir manat əlli səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 12987,08 (on iki min doqquz yüz səksən yeddi manat səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 128,96 (yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 avqust 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. 18 avqust 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 18 avqust 2021-ci il tarixdə Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızı ilə zaminlik müqaviləsi bağlanmışdır. 10 fevral 2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 21% olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. 2023-cü ilin dekabrın 11-dək Cavabdeh2 banka 10 fevral 2023-ci il tarixli kredit müqaviləsi üzrə 12130,90 (on iki min yüz otuz manat doxsan qəpik) manat məbləğində əsas borc, 824,60 (səkkiz yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində faiz borcu və 126,31 (yüz iyirmi altı manat otuz bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 13081,81 (on üç min səksən bir manat səksən bir qəpik) manat məbləğində borcu vardır. Cavabdeh2 10 fevral 2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 126,31 (yüz iyirmi altı manat otuz bir qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 31,58 (otuz bir manat əlli səkkiz qəpik) manat məbləğində tələb olunur. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 30 aprel 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında əsas borcu qəbul etdiyini bildirmiş, məhkəmədən faiz borcunun azaldılmasını və cərimə məbləğinin silinməsini xahiş etmişdir. Cavabdeh Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 avqust 2021-ci il tarixli 4-MCR-1-1530-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik faiz dərəcəsi 30 % olmaqla 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızı arasında bağlanmış 18 avqust 2021-cü il tarixli Z/06191/21 nömrəli zaminlik müqaviləsinə əsasən 18 avqust 2021-ci il tarixli 4-MCR-1-1530-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızı öz üzərinə götürmüşdür. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında bağlanmış 10 fevral 2023cü il tarixli 4-MCR-1-1530-21/3 nömrəli kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh2 “biznes məqsədilə aylıq faiz dərəcəsi 1,75 %, faktiki illik faiz dərəcəsi 21,52 % olmaqla 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. - 10 fevral 2023-cü il tarixli 4-MCR-1-1530-21/3 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh2 banka olan borcunun sonuncu ödəniş tarixi 10 fevral 2025-ci il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. - 21 noyabr 2023-cü il tarixdə xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 10 fevral 2023-cü il tarixli 4-MCR-1-1530-21/3 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 21 noyabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12130,90 (on iki min yüz otuz manat doxsan qəpik) manat məbləğində əsas, 638,42 (altı yüz otuz səkkiz manat qırx iki qəpik) manat məbləğində faiz və 68,51 (altmış səkkiz manat əlli bir qəpik) manat məbləğində cərimə borcu vardır. - iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 10 fevral 2023-cü il tarixli 4-MCR-1-1530-21/3 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 11 dekabr 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12130,90 (on iki min yüz otuz manat doxsan qəpik) manat məbləğində əsas, 824,60 (səkkiz yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində faiz və 126,31 (yüz iyirmi altı manat otuz bir qəpik) manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) 10 fevral 2023-cü il tarixli 4-MCR-1-1530-21/3 nömrəli kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 10 fevral 2023cü il tarixli 4-MCR-1-1530-21/3 saylı kreditin verilməsinə dair razılaşma üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış 12130,90 (on iki min yüz otuz manat doxsan qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 11 dekabr 2023-cü il tarixinə 824,60 (səkkiz yüz iyirmi dörd manat altmış qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borclulara xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmalarını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 21 noyabr 2023-cü il il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 21 noyabr 2023-cü il il tarixli maliyyə arayışında həmin tarixə hesablanmış 683,42 (altı yüz səksən üç manat qırx iki qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “iddiaçının xeyrinə 31,58 (otuz bir manat əlli səkkiz qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18 avqust 2021-cü il tarixli Z/06191/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızı zaminliklə təmin edilmiş öhdəlik kredit razılaşmasında göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 128,96 (yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 128,54 (yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızından müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Gülməmmədov Cavabdeh2 və Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızından müştərək qaydada 12130,90 (on iki min yüz otuz manat doxsan qəpik) manat məbləğində əsas borc, 683,42 (altı yüz səksən üç manat qırx iki qəpik) manat məbləğində faiz borcu, 31,58 (otuz bir manat əlli səkkiz qəpik) manat məbləğində cərimə və 128,54 (yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12974,44 (on iki min doqquz yüz yetmiş dörd manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Hüseynova (Aydınbəyova) Fərqanə Seyfulla qızından müştərək qaydada 12130,90 (on iki min yüz otuz manat doxsan qəpik) manat məbləğində əsas borc, 683,42 (altı yüz səksən üç manat qırx iki qəpik) manat məbləğində faiz borcu, 31,58 (otuz bir manat əlli səkkiz qəpik) manat məbləğində cərimə və 128,54 (yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12974,44 (on iki min doqquz yüz yetmiş dörd manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar