Məhkəmə qərarları › İş №e-2-2(119)-424/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-424/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-424/2025 02.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı 23 yanvar 2025-ci il tarixində Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 4424 (dörd min dörd yüz iyirmi dörd) manat məbləğində əsas borc, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 194,31 (yüz doxsan dörd manat, otuz bir qəpik) manat məbləğində faiz borcu, həmçinin hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 09 fevral 2024-cü il tarixli 2024/011 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı malları cavabdehı verməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları qəbul edərək dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə boya məhsulları satılmışdır. Malların təhvil verilməsi elektron qaiməfakturalarla təsdiq edilir. Həmçinin malların təhvil-təslim edilməsi tərəflərin imzaları ilə təsdiq edilən əl qaimələrində də öz əksini tapmışdır. Bu qaimələr anbarda mal təhvil verilərkən imzalanmışdır. Tərəflər arasında bundan əvvəl də münasibətlər mövcud olmuş və malların dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Lakin hazırkı borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəməyə müraciət edilməzdən əvvəl cavabdehlə əlaqə yaradılmış, cavabdeh borcu qəbul etdiyini, lakin borcu ödəməyə imkanı olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 09 fevral 2024-cü il tarixli 2024/011 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, alıcı (Cavabdeh) malları sifariş edir, satıcı (İddiaçı MMC) isə həmin malları təqdim edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, malların siyahısı, növü, çeşidi, sayı və s. müqaviləyə 1 saylı Əlavədə - Qiymət Razılaşdırma protokolunda qeyd olunur. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, alıcı müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, alıcı müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyərini ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 10 fevral 2024-cü il tarixli EBDY seriyalı 471067 nömrəli, 02 mart 2024-cü il tarixli EBDZ seriyalı 805941 nömrəli, 04 mart 2024-cü il tarixli EBDZ seriyalı 825144 nömrəli elektron qaimə-fakturalardan görünür ki, cavabdeh ümumi dəyəri 4424 manat məbləğində olan mallarla təchiz edilmişdir. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 22 yanvar 2025-ci il tarixinə 4424 manat məbləğində əsas borcu, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 194,31 manat məbləğində faiz borcu vardır. İş materiallarına, həmçinin 03 fevral 2022-ci il tarixli Nİ000001664 nömrəli, 18 iyul 2022-ci il tarixli Nİ000011202 nömrəli, 08 fevral 2022-ci il tarixli Nİ000001873 nömrəli, 12 fevral 2022-ci il tarixli Nİ000002131 nömrəli, 04 mart 2022-ci il tarixli Nİ000003319 nömrəli, 08 mart 2022-ci il tarixli Nİ000003543 nömrəli, 10 mart 2022-ci il tarixli Nİ000003611 nömrəli, 06 aprel 2022-ci il tarixli Nİ000004936 nömrəli, 07 aprel 2022-ci il tarixli Nİ000005056 nömrəli, 22 avqust 2022-ci il tarixli Nİ000013226 nömrəli, 21 aprel 2022-ci il tarixli Nİ000005825 nömrəli, 07 may 2022-ci il tarixli Nİ000006748 nömrəli, 05 may 2022-ci il tarixli Nİ000006596 nömrəli, 16 fevral 2022-ci il tarixli Nİ000002363 nömrəli, 23 may 2022-ci il tarixli Nİ000007755 nömrəli, 05 iyul 2022-ci il tarixli Nİ000010548 nömrəli, 03 oktyabr 2022-ci il tarixli Nİ000015980 nömrəli, 06 iyul 2022-ci il tarixli Nİ000010620 nömrəli, 04 oktyabr 2022-ci il tarixli Nİ000015992 nömrəli, 18 mart 2022-ci il tarixli Nİ000004110 nömrəli, 27 avqust 2022-ci il tarixli Nİ000013625 nömrəli, 30 avqust 2022-ci il tarixli Nİ000013757 nömrəli, 07 sentyabr 2022-ci il tarixli Nİ000014260 nömrəli, 15 oktyabr 2022-ci il tarixli Nİ000016781 nömrəli, 03 fevral 2022-ci il tarixli Nİ000001697 nömrəli, 01 noyabr 2022-ci il tarixli Nİ000017718 nömrəli, 10 sentyabr 2022-ci il tarixli Nİ000014489 nömrəli, 17 aprel 2023-cü il tarixli **********1 nömrəli, 19 yanvar 2024-cü il tarixli **********4 nömrəli, 06 fevral 2024-cü il tarixli ********** nömrəli və 06 fevral 2024-cü il tarixli **********3 nömrəli qaimələr əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Məhkəmənin mövqeyi: Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında 09 fevral 2024-cü il tarixli 2024/011 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan boya məhsullarını cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 4424 manat məbləğində əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 09 fevral 2024-cü il tarixli 2024/011 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 4424 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 194,31 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilmişdir. Belə ki, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndinə müvafiq olaraq, təqdim edilən elektron qaimə-fakturanın 5 (beş) gün müddətində qəbuledən tərəfindən və ya qəbuledən tərəfindən təsdiq edilmədikdə, proqram təminatı tərəfindən təsdiqlənməsi nəzərə alınmaqla, elektron qaimə-fakturaların cavabdehə göndərildiyi tarixdən 5 gün sonrakı tarixdən başlayaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə, yəni 22 yanvar 2025-ci il tarixinədək olan günlərin sayına uyğun olaraq Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizlə hesablamaqla faiz borcunun məbləği müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq 424 manat dəyərində malın təqdim edilməsini nəzərdə tutan 10 fevral 2024-cü il tarixli EBDY seriyalı 471067 nömrəli elektron qaimə-faktura üzrə (424/100x5)/365x341=19,8 manat, 1000 manat dəyərində malın təqdim edilməsini nəzərdə tutan 02 mart 2024-cü il tarixli EBDZ seriyalı 805941 nömrəli elektron qaiməfaktura üzrə (1000/100x5)/365x320=43,83 manat, 3000 manat dəyərində malın təqdim edilməsini nəzərdə tutan 04 mart 2024-cü il tarixli EBDZ seriyalı 825144 nömrəli elektron qaimə-faktura üzrə (3000/100x5)/365x318=130,68 manat olmaqla, cəmi 194,31 (19,8 manat + 43,83 manat + 130,68 manat = 194,31 manat) məbləğində faiz borcu hesablanmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 09 fevral 2024-cü il tarixli 2024/011 nömrəli mallar (işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 194,31 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 21 yanvar 2025-ci il tarixli MVL2cNs1 nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, iddiaçı tərəfindən vəkilin göstərdiyi yardıma görə “Ekol” Vəkil Bürosunun bank hesabına 320 manat məbləğində ödəniş olunmuşdur. Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinin əsaslılığı iş materialları ilə sübut olunur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə, iş materiallarında olan 29 dekabr 2024-cü il tarixli **********40 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 66,18 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4424 manat məbləğində əsas borc, 194,31 manat məbləğində faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 320 manat məbləğində xidmət haqqının və 66,18 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5004,49 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4424 (dörd min dörd yüz iyirmi dörd) manat məbləğində əsas borc, 194,31 (yüz doxsa dörd manat, otuz bir qəpik) manat məbləğində faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının və 66,18 (altmış altı manat, on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5004,49 (beş min dörd manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar