Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-435/2020 29.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X4 qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X5 oğlunun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 267 (iki yüz altmış yeddi) manat məbləğində əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 %-lə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 41,68 (qırx bir manat, 68 qəpik) manat məbləğində faiz borcu və 45,32 (qırx beş manat, 32 qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 354 (üç yüz əlli dörd) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və həmin borcun ipotekaya qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 16-cı mkr ünvanında olan 0,0116 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə borcalan Cavabdeh1 (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli K-734 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 6% (altı) faiz ödənilmək şərtilə 10000 (on min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə xx xxxxx 2013-cü il tarixli 734/1 nömrəli İpoteka müqaviləsi bağlanmış və həmin İpoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 16-cı MKR ünvanında olan 0,0116 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi kredit verən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin, borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən Borcalan Bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan Ödəniş Qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüş olsa da, həmin Qrafik üzrə ödənişləri lazımi qaydada aparmamış və buna görə də, onun 267 manat məbləğində əsas borcu, 45,32 manat məbləğində cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq 5 %-lə hesablanmış 41,68 manat məbləğində faiz borcu olmaqla, cəmi 354 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh1 267 manat məbləğində əsas borc, 45,32 manat məbləğində cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq 5 %-lə hesablanmış 41,68 manat məbləğində faiz borcu olmaqla, cəmi 354 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və borcun ipotekaya qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 16-cı MKR-da olan 0,0116 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq işə cavabdehlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş və X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin olunmuşdur. İş materiallarında olan xx xxxxx 2013-cü il tarixli K-734 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Borc alan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən taxta qapı-pəncərə istehsalı üçün borcalan Cavabdeh1 (VÖEN: **********) 36 ay müddətinə illik 6 % dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 7.3-cü bəndinə əsasən, borcalan Borcverəndən bu Müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini xx xxxxx 2016-cı il müddətinədək ödəməlidir. Həmin Müqavilənin 9.2-ci bəndinə əsasən, kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borcalan Borcverənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 12 %-lə hesablanan cərimə faizləri ödəməlidir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, cavabdehin Banka olan borcunu müvafiq Ödəniş Cədvəlinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli **********832 nömrəli Maliyyə arayışından görünür ki, Cavabdeh1 Kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 267 manat məbləğində əsas borc, 45,32 manat məbləğində cərimə borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 41,68 manat məbləğində faiz borcu olmaqla, cəmi 354 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN: **********) xx xxxxx 2013-cü il tarixli K-734 nömrəli Kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli olan əsas borcu tam ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 Banka olan borcu ödəməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixinə hesablanmış 267 manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 41,68 manat məbləğində faiz borcu və 45,32 manat məbləğində cərimə olmaqla - cəmi 354 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "borcun ipotekaya qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 16-cı MKR ünvanında olan 0,0116 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi" tələbinə aid hissəsi isə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx xxxxx 2013-cü il tarixli 734/1 nömrəli İpoteka Müqaviləsinə əsasən Sumqayıt şəhərinin 16-cı MKR ərazisində olan 0,0116 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi ipoteka qoyan Cavabdeh2 tərəfindən ipoteka saxlayan İddiaçı ASC-nin qarşısında xx xxxxx 2013-cü il tarixli K-734 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 verilən 10000 (on min) manat məbləğində kreditin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Borcalan Cavabdeh1 almış olduğu həmin 10000 manat məbləğində kreditin əsas hissəsini qaytarmış olsa da, onun cəmi 267 manat məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Hazırkı iddia ərizəsi ilə də borcalan Cavabdeh1 ümumilikdə cəmi 354 manat məbləğində borcun tutulması xahiş olunur. Lakin, borcalan Cavabdeh1 hazırkı iddia ərizəsi ilə tələb olunan borcun cəmi 354 manat məbləğində olması nəzərə alınaraq, həmin məbləğdə borcun onun tərəfindən nağd olaraq ödənilməsi mümkün olduğundan, Borcalandan tutulan 354 manat məbləğində pul vəsaitini digər bir şəxsin fərdi yaşayış evinə yönəldilməsinə zərurət yoxdur. Qeyd etmək lazımdır ki, 10000 manat məbləğində alınmış kreditin əsaslı hissəsini faizləri ilə birlikdə Banka ödəmiş hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan Borcalanın tələb olunan 354 manat məbləğində pulu da nağd şəkildə ödəməsinin mümkün olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1 (VÖEN: **********) 267 manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 41,68 manat məbləğində faiz borcu və 45,32 manat məbləğində cərimə olmaqla, cəmi 354 manat məbləğində pul vəsaiti Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia tələbi qismən təmin edildiyindən və eyni zamanda, iddia tələbi üzrə ödənilməsi tələb olunan borcun miqdarının 500 manatdan az olması nəzərə alınaraq, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manatı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 (VÖEN: **********) 267 (iki yüz altmış yeddi) manat məbləğində əsas borc, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 41,68 (qırx bir manat 68 qəpik) manat məbləğində faiz borcu, 45,32 (qırx beş manat 32 qəpik) manat məbləğində cərimə və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 374 (üç yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-435/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-435/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver