Məhkəmə qərarları › İş №e-2-2(119)-439/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-439/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-439/2025 15.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, Koroğlu prospekti, ev 11/10 ünvanında yerləşən qeyri-yaşayış obyektində su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Koroğlu prospektində yerləşən qeyri-yaşayış obyekti İddiaçı məxsusdur. Həmin obyekt vahid obyekt şəklində inşa edilsə də, faktiki iki hissədən ibarət olmaqla bir hissəsi avtomobillərin yuyulması, digər hissəsi isə avtomobillərin rəngləmə məntəqəsi kimi fəaliyyət göstərir. Lakin obyektdə bir su sayğacı quraşdırılaraq hər iki iş yerində istifadə edilən su və kanalizasiya tullantılarının hesabatı vahid sayğac tərəfindən aparılırdı. Digər məntəqədə sudan demək olar ki, istifadə olunmadığı üçün ərizəçi 05 yanvar 2025-ci il tarixdə sayğacın yerini dəyişdirərək yalnız avtomobillərin yuyulması məntəqəsi üçün quraşdırmışdır. Lakin bir neçə gün sonra - 07 yanvar 2025-ci tarixdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndələri obyektə baxış keçirməyə gələrək guya diametri 20 mm olan su borusunun sayğacdan kənar çəkildiyinin müəyyən edilməsi faktını aşkar etmişlər. Nəticədə cavabdehin nümayəndələri tərəfindən müvafiq akt tərtib edilərək su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə nəticəsində vurulmuş maddi ziyanın məbləği 4104 (dörd min yüz dörd) manat hesablanmışdır. Həmin hesablama bir illik müddət üçün hesablanmışdır. Halbuki, 03 yanvar 2025-ci il tarixdə cavabdehin ərazi üzrə nümayəndəsi obyektin sayğacına baxış keçirmiş, su xətti ilə sayğacın işində hər hansı pozuntu və ya müdaxilənin olmadığını təsdiqləmişdir. Yəni cavabdeh qanun pozuntusunun sübuta yetiriləcəyi təqdirdə ən çoxu 2025-ci ilin 4 yanvar tarixi ilə aktın tərtib edildiyi 7 yanvar 2025-ci il tarixləri arasında olan müddət üçün itirilmiş su sərfiyyatı əsasında vurulmuş maddi ziyan məbləğini hesablamalı olduğu halda, 360 gün üçün, yəni 1 illik müddət ərzində su sərfiyyatını hesablayaraq əsassız şəkildə şişidilmiş ziyan məbləğinin ödənilməsini tələb etmişdir. Həmçinin aktda sayğaca birləşməmiş su xətti borusunun diametrinin guya 20 mm olduğu qeyd edilsə də, reallıqda həmin su boru xəttinin diametri 15 mm təşkil edir. Bu hal da vurulduğu iddia edilən ziyan məbləğinin cavabdeh tərəfindən bilərəkdən şişirdildiyini sübuta yetirir. Belə ki, 20 mm-lik boru xətti ilə 15 mm-lik boru xəttinin su keçiricilik həcmi çox fərqlidir. İddiaçı Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır, Birinci Qarabağ müharibəsinin 2-ci qrup əlilidir. Həmin obyekti də əmək qabiliyyətini itirdiyi üçün ailəsinin dolanışığını təmin etmək üçün istifadə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” Publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib izahatında bildirmişdir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə 07 yanvar 2025-ci il tarixdə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” Publik hüquqi şəxsinin nümayəndələri tərəfindən baxış keçirilərkən obyektdə diametri 20 mm olan polietilen xətlə sudan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş, bu barədə akt tərtib edilmiş və qeyri-qanuni istifadəyə görə 4104 (dörd min yüz dörd) manat dəymiş ziyan məbləği hesablanmışdır. O, yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığını qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsinin 07 yanvar 2025-ci il tarixli 603024 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Koroğlu prospektində yerləşən sahibkarlıq obyektinin (abonent kodu 153567) su sayğacına və kanalizasiya xəttinə baxış keçirilmiş, obyektdə su sayğacından keçməyən diametri 20 mm olan polietilen xətlə sudan qeyri-qanuni istifadə edildiyi məlum olmuş və həmin xətt kəsilmişdir. İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli ********* nömrəli qanunsuz istifadə fakturasına əsasən İddiaçı 4104 (dörd min yüz dörd) manat dəymiş ziyan məbləği hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 07 yanvar 2025-ci il tarixdə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndələri tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu 153567) baxış keçirilmiş, obyektdə diametri 20 mm olan polietilen xətlə sudan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmiş, istifadə edilən həmin xətt ləğv olunmuş və həmin gün akt tərtib olunmuşdur. Akt əsasında 4104 (dörd min yüz dörd) manat dəymiş ziyan məbləği hesablanmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materialları əsasında müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, Koroğlu prospekti, ev 11/10 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu 153567) 07 yanvar 2025-ci il tarixli 603024 nömrəli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11ci mikrorayon, Koroğlu prospekti, ev 11/10 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu 153567) 07 yanvar 2025-ci il tarixli 603024 nömrəli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borc silinməlidir. Eyni zamanda iddia tələbinə uyğun olaraq hesablanan 61,04 (altmış bir manat dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsindən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, Koroğlu prospekti, ev 11/10 ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu 153567) 07 yanvar 2025-ci il tarixli 603024 nömrəli akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borc silinsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” publik hüquqi şəxsindən dövlət nəfinə 61,04 (altmış bir manat dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar