Məhkəmə qərarları › İş №e-2-2(119)-44/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-44/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-44/2023 10.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “TC-Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 11 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 105000 (yüz beş min) manat əsas borc və həmin pul vəsaitinin saxlanılması ilə bağlı zərərə görə 10500 (on min beş yüz) manat olmaqla, cəmi 115500 (yüz on beş min beş yüz) manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 10 manat məbləğində və mediasiyaya görə ödənilmiş 410 manat məbləğində pulun tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı "Vitamin VİO” MMC ilə satıcı Cavabdeh MMC arasında 09 oktyabr 2018-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh MMC meyvə məhsullarının yığılması üçün müxtəlif çeşiddə taxta konteynerlərini hazırlayıb İddiaçı MMC-yə təhvil verməli idi. Həmin tarixli Müqavilə üzrə imzalanmış 19 yanvar 2021-ci il tarixli 03 nömrəli X1 əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 105000 (yüz beş min) manat dəyərində olmaqla, hər biri 210 (iki yüz on) manatdan 500 (beş yüz) ədəd (126 sm × 100 sm × 90 sm) konteynerlərin hazırlanması sifariş edilmişdir. Həmin sifarişin dəyəri olan 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti cavabdeh təşkilatın bank hesabına ödənilmişdir. Lakin, dəfələrlə iddiaçı tərəfindən edilən xəbərdarlığa baxmayaraq, dəyəri ödənilmiş mallar iddiaçıya təhvil verilməmiş və Cavabdeh müqavilə ilə müəyyən edilmiş öhdəliyə əməl etməmişdir. Bundan sonra cavabdehlə məhkəmədəyək mübahisənin həll edilməsi məqsədilə Mediasiyaya müraciət edilmiş olsa da, Cavabdeh MMC mediasiya prosesində iştirak etməkdən imtina etmiş və bu barədə Mediator tərəfindən müvafiq Arayış verilmişdir. Ona görə də, cavabdeh tərəfindən öhdəliyə əməl edilmədiyindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmək üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya külli miqdarda ziyan dəymişdir. Belə ki, bu işlərin görülməsi məqsədilə iddiaçı Banklardan müxtəlif məbləğlərdə kreditlər götürmüş və həmin bankların kredit ödənişlərini ödəyə bilməmişdir. Cavabdeh iki idən coxdur ki, ödənilən pul vəsaitini qanunsuz olaraq özündə saxlayıb, istifadə etməkdədir. Ona görə də, cavabdehin öhdəliyin gecikdiriləməsi ilə bağlı illik 5 faiz əlavə pul da hesablanmalıdır. Cavabdehin ödənilməyən əsas borcu 105000 manat olduğundan, gecikdirməyə görə 10500 manat əlavə pul hesablanmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbini müdafiə edib, hazırkı iddia tələbi üzrə məhkəmə araşdırması zamanı İddiaçı səlahiyyətli şəxsləri iddia ərizəsində qeyd olunan 105000 manat məbləğində pul vəsaitinin 30000 manat məbləğində hissəsinin Cavabdeh tərəfindən ödənildiyini və hal-hazırda cavabdehin 75000 manat məbləğində əsas borcunun qaldığını bildirərək, Cavabdehndən 75000 manat əsas borcun, həmin pul vəsaitinin saxlanılması ilə bağlı vurulmuş zərərə görə 10500 manat zərəin, dövlət rüsumuna görə ödənilmiş 10 manat məbləğində pulun və mediasiyaya görə ödənilmiş 410 manat məbləğində pulun tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini qismən qəbul etdiyini və alıcı "Vitamin VİO” MMC ilə satıcı Cavabdeh MMC arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında imzalanan 19 yanvar 2021-ci il tarixli 03 nömrəli X1 əsasən təhvil verməli olduğu 500 ədəd meyvə məhsullarının yığılması üçün nəzərdə tutulan taxta yeşiklərə görə satıcı Cavabdeh MMC-nin hesabına köçürülmüş 105000 manat məbləğində pulun əvəzində “hər hansı bir təhvil-təslim aktı tərtib olunmadan” 276 ədəd yeşiyin iddiaçı "Vitamin VİO” MMC-yə verildiyini, təhvil verilməyən yeşiklərin pulundan isə 25000 manat pulun iddiaçı tərəfindən edilmiş şikayət əsasında Baş Mütəşəkill Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırma zamanı iddiaçı "Vitamin VİO” MMC-yə və 5000 manat pulun isə həmin MMC-nin direktoru olan Kirov Ruslanın kart hesabına ödənildiyini və həmin 105000 manat məbləğində pulun cəmi 25000 manat hissəsinin ödənilmədiyini və buna görə də, iddia tələb üzrə əsas borc olaraq cəmi 25000 manat məbləğində pul vəsaitinin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməli olduğunu bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” İddiaçı (VÖEN: **********) arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, "Satıcı" "Alıcı’ya Müqavilədə göstərilmiş qaydalarda "Mal" satır, "Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcı”ya ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Malın "Alıcı'nın ünvanına çatdırılması Malın qiymətinə daxildir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, "Satıcı" Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra malı “Alıcı"ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, "Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri də "Alıcı"ya təqdim etməlidir. İş materiallarında olan, 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 12 yanvar 2021-ci il tarixli 02 saylı "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 02) görünür ki, həmin Protokola əsasən 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı İddiaçınə bir ədədinin qiyməti 210 (iki yüz on) manat məbləğində "meyvə məhsullarının yığılması üçün taxta kontinerlər"in satılması barədə razılığa gəlinmişdir. İş materiallarında olan, 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 19 yanvar 2021-ci il tarixli 03 saylı "Qiymətlərin razılaşdırma” Protokolundan (Əlavə 03) görünür ki, həmin Protokola əsasən 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı İddiaçınə bir ədədinin qiyməti 210 (iki yüz on) manat olan 500 ədəd olmaqla, ümumilikdə cəmi 105000 (yüz beş min) manat dəyərində "meyvə məhsullarının yığılması üçün taxta kontinerlər"in satılması barədə razılığa gəlinmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilmiş 22 yanvar 2021-ci il tarixli #003AZ**********1 nömrəli Ödəniş Tapşırığından görünür ki 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Alqı-satqı Müqaviləsinə əsasən “alıcı” İddiaçı tərəfindən “satıcı” Cavabdeh hesabına 105000 (yüz beş min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, alıcı İddiaçı MMC (iddiaçı) ilə satıcı Cavabdeh (cavabdeh) arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli 01 nömrəli Alqı-satqı müqaviləsi üzrə imzalanmış 12 yanvar 2021-ci il tarixli 02 saylı "Qiymətlərin razılaşdırma” Protokolu (Əlavə 02) və 19 yanvar 2021-ci il tarixli 03 saylı "Qiymətlərin razılaşdırma” Protokolu (Əlavə 03) əsasında alıcı İddiaçı MMC tərəfindən "meyvə məhsullarının yığılması üçün taxta kontinerlər"in alınmasından ötrü satıcı Cavabdeh hesabına əvvəlcədən cəmi 105000 (yüz beş min) məbləğində pul vəsaiti ödənilmişdir. Satıcı Cavabdeh MMC tərəfindən müqavilə razılaşması üçün nəzərdə tutulan mallar təqdim olunmadığına görə, həmin Müqavilə üzrə nəzərdə tutulan malların alqı-satqısı baş tutmamış və buna görə də, İddiaçı MMC “Cavabdeh MMC-dən 105000 (yüz beş min) manat əsas borc və həmin pul vəsaitinin saxlanılması ilə bağlı zərərə görə 10500 (on min beş yüz) manat olmaqla, cəmi 115500 (yüz on beş min beş yüz) manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 10 manat məbləğində və mediasiyaya görə ödənilmiş 410 manat məbləğində pulun tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunması” barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf məhkəmə iclasında cavabdehin hesabına ödənilmiş olan həmin 105000 manat məbləğində pul vəsaitinin ümumilikdə cəmi 30000 manat hissəsinin qaytarıldığını etiraf edərək, Cavabdeh MMC tərəfindən həmin pulun 75000 (yetmiş beş min) manat hissəsinin qaytarılmadığını bildirib, iddia tələbini əsas borc üzrə “75000 manat pulun tutulması” hissəsində müdafiə etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclaslarında “hər hansı bir təhvil-təslim aktı tərtib olunmadan 276 ədəd meyvə məhsullarının yığılması üçün nəzərdə tutulan yeşiklərin iddiaçı tərəfə verildiyini” bildirsə də, bu fakt məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında təsdiq olunmamış və cavabdeh tərəf bununla bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış Müqavilənin tələblərinə görə satılan mallar “hesab-faktura və digər zəruri sənədlər” ilə təhvil verilməli idi. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən “hesabat”da (həmin sənədin tarixi yoxdur və yalnız cavabdehin direktoru tərəfindən imzalanmışdır) müxtəlif qeydiyyat nişanlı avtomobillər vasitəsilə ayrı-ayrı vaxtlarda olmaqla, ümumilikdə cəmi 276 ədəd taxta yeşiklərin göndərilməsi barədə qeydlər olmasına baxmayaraq, həmin “hesabat”da malların hara göndərilməsi, kimə təhvil verilməsi və həmin malların alınması tarixləri, alan şəxsin adı və imzası və s. qeyd olunmamış və ümumiyyətlə, həmin “hesabat” hazırkı mübahisəni həll edə biləcək səviyyədə aydın tərtib edilməmişdir. İş materiallarından görünür ki, yaranmış mübahisənin həlli ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, iddiaçının nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 105000 (yüz beş min) manat məbləğində pul vəsaitinin 30000 (otuz min) manat hissəsinin geri qaytarılması müəyyən edildiyindən və bununla əlaqədar məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında və məhkəmə çıxışında cavabdehdən “75000 (yetmiş beş min) manat məbləğində” pul vəsaitinin tutulmasını xahiş etdiyindən, əsas borcun tutulması hissəsində iddia tələbi “75000 (yetmiş beş min) manat məbləğində pul vəsaitinin” cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması hissəsində əsaslıdır (105000 – 30000 = 75000 manat). Lakin, “pul vəsaitinin saxlanılması ilə bağlı zərərə görə 10500 (on min beş yüz) manat məbləğində pulun tutulması” hissəsində iddia tələbinin əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı xeyrinə cavabdeh “TC- Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətindən 75000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınaraq iddiaçı tərəfindən mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı da Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 315 (üç yüz on beş) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 305 (üç yüz beş) manat (315 manat – 10 manat = 305 manat) məbləğində pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi Cavabdeh MMC-dən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “TC-Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətindən 75000 (yetmiş beş min) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 410 (dörd yüz on) manat məbləğində xidmət haqqı və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 75420 (yetmiş beş min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “TC-Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 305 (üç yüz beş) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar