Məhkəmə qərarları › İş №e-2-2(119)-444/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-444/2021

17.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-444/2021 17.05.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin direktoru X1 iştirakı ilə İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 02.09.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 02.09.2020-ci il tarixə yaranan 180.951,46 manat borcuna görə 200.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11.09.2020-ci il tarixli **********9 №-li protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 17.09.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 02.09.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 180.948,28 manat, Dövlət Sosial Müdafıə Fonduna 211.670,19 manat və İşsizlikdən sığorta fonduna 7.930,14 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdehin 02.09.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 180.948,28 manat, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 211.670,19 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 7.930,14 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi A.Sofiyeva məhkəməyə ərizə göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmədə "xxxx" ASC-nin direktoru X2 izahat verərək bildirdi ki, 14 ildir ki, fəaliyyət göstərən və ölkə üzrə kifayət qədər nüfuza malik olan "xxxx" ASC su xətlərinin çəkilməsi ilə bağlı boruların hazırlanması üzrə əsasən dövlət sifarişlərini həyata keçirir. Lakin “xxxx” ASC və “xxxx” ASC bir neçə ildir ki, artıq "xxxx" ASC-yə boruların hazırlanması üçün sifarişlər etmir. Bu səbəbdən bir qədər maliyyə problemləri yarandığından "xxxx" ASC işçiləri əmək haqqı ilə təmin etməkdə və vergiləri ödəməkdə çətinlik çəkir. M.Əzizov qeyd etdi ki, bu yaxınlarda beynəlxalq tenderdə qalib gəliblər və Tacikistanda yeni müəssisələri fəaliyyətə başlayacaq. Bundan əlavə Ukraynada da bir müəssisə açmağı planlaşdırırlar. O, həmçinin əlavə etdi ki, indi Cəmiyyətin ödəmə qabiliyyəti olmasa da, perspektivləri var və genişdir. Ona görə də, borcun ödənilməsi üçün 1 illik möhlət verilməsini istəyirlər. Avadanlıqları hərraca çıxarılıb satılsa, müəssisə fəaliyyət göstərə bilməyəcək. Maliyyə problemləri yaranmamışdan qabaq vergiləri gecikdirilmədən, vaxtlı-vaxtında ödənib. Buna görə də o, mövcud vəziyyəti nəzərə alaraq borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə gəlmiş tərəfi dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi "xxxx" ASC-nin (VÖEN **********) 02.02.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 180.948,28 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 211.670,19 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7.930,14 manat məbləğində sosial sığorta haqqı borcu yaranmışdır. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin Qərar əsasında vergi ödəyicisinin 02.02.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 180.948,28 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 211.670,19 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7.930,14 məbləğində borcuna görə ümumilkdə 200.000 manat məbləğində qiymətləndirilmiş əmlakları siyahıya alınmış və bu barədə 11 sentyabr 2020-ci il tarixli, **********9 nömrəli protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, cavabdehin qiymətləndirilən əmlakı həmin Protokol əsasında siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinin məsul saxlancına verilmişdir. Həmin Protokolda və tərtib edilmiş digər sənədlərdə siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlaklarla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisi "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinə elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda, siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bundan sonra da məlum vergi borcu ödənilmədiyi üçün iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırkı iddia ərizəsi ilə cavabdeh "xxxx" ASC-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğuna görə təmin olunmalı, "xxxx" ASC-nin 02.02.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 180.948,28 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 211.670,19 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7.930,14 manat məbləğində sosial sığorta haqqı borcunun ödənilməsini təmin edilməsi üçün 200.000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin 02.02.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 180.948,28 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 211.670,19 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7.930,14 manat məbləğində sosial sığorta haqqı borcunun ödənilməsini təmin edilməsi üçün “vergi ödəyicisinin əmlakının siyahıya alınması” haqqında 11 sentyabr 2020-ci il tarixli protokola əlavədə göstərilmiş 200.000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar