Məhkəmə qərarları › İş №e-2-2(119)-456/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-456/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-456/2023 20.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Həsən oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 30 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DC00423331-01 nömrəli Maliyyələşdirmə üçün Ərizəyə əsasən 11071,47 manat əsas borc, 899,25 manat faiz borcu və 81,1 manat cərimə borcu olmaqla, cəmi 12051,82 (on iki min əlli bir manat 82 qəpik) manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən İddiaçı ASC (bundan sonra “Bank”) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh (bundan sonra “Borcalan”) arasında 11 mart 2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 14 iyun 2021ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul edilməsi barədə OnGTC/SE/13807 nömrəli Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borc alan Cavabdeh “www.pashabank.az” saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda, tərəflər arasında X5 çərçivəsində 11 mart 2022-ci il tarixli DC00423331-01 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Borcalana 11 mart 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 12391 (on iki min üç yüz doxsan bir) manat məbləğində “avadanlıqların alınması” məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin, Borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 142 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtlərində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 02 dekabr 2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00423331-01 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 11071,47 (on bir min yetmiş bir manat 47 qəpik) manat əsas borc, 899,25 (səkkiz yüz doxsan doqquz manat 25 qəpik) manat faiz borcu və 81,1 (səksən bir manat 10 qəpik) manat cərimə borcu olmaqla, cəmi 12051,82 (on iki min əlli bir manat 82 qəpik) manat təşkil edir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X1 4cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Danışıqlar nəticəsində bu mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamış və borc ödənməmişdir. Buna görə də, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Təşkilatına müraciət edilmiş olsa da, mediasiya nəticəsində də tərəflər arasında bu mübahisənin həll olunması mümkün olmamış və borcun ödənməsi üzrə məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı "xxxx" ASC tərəfindən mediasiya prosesi üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”yə əsasən 11071,47 (on bir min yetmiş bir manat 47 qəpik) manat əsas borc, 1662,55 (min altı yüz altmış iki manat 55 qəpik) manat faiz borcu və 306,09 (üç yüz altı manat 09 qəpik) manat cərimə borcu olmaqla, cəmi 13040,11 (on üç min qırx manat 11 qəpik) manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”yə əsasən 11071,47 manat əsas borc, 1662,55 manat faiz borcu, 306,09 manat cərimə borcu olmaqla, cəmi 13040,11 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutularaq, iddiaçı Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Qeyd etmək lazımdır ki, 25 may 2023-cü ildə keçirilən məhkəmə baxış iclası Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 25 may 2023-cü ildə təqdim etdiyi ərizəsi əsasında 20 iyun 2023-cü il tarixinə təxirə salınmasına baxmayaraq, o, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, həmin tarixə təyin edilmiş məhkəmə iclasına da gəlməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "müştəri" Cavabdeh (VÖEN **********) arasında 11 mart 2022-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X1 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/13807 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X2 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X5 çərçivəsində 11 mart 2022-ci il tarixli DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni imzalayan borcalan Cavabdeh borcverən “Paşa Bank" ASC tərəfindən illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% və kredit müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 11 mart 2024-cü il tarixədək 12391 (on iki min üç yüz doxsan bir) manat məbləğində “avadanlıqların alınması” məqsədi ilə birdəfəlik kredit verilmişdir. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X1 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_ addendum/lang,az/” link üzrə yerləşdirilən 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş Bank xidmətlərinin göstərilməsinə dair X1 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi etdikdə təqdim olunan “Maliyyələşdirmə üçün Ərizə” Bankın krediti vermək üçün təklifə dəvətini ifadə edir və Müştəri onu imzalamaqla təklif edir, Bank isə maliyyələşdirməni həyata keçirməklə əqdi aksept etmiş olur. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X3 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunanqaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 01 may 2023-cü il tarixli PB/PBL- OUT-00265-2023/2 Maliyyə Arayışında 28 aprel 2023-cü il tarixinə 11 mart 2022-ci il tarixli DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalan Cavabdeh borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11071,47 manat məbləğində əsas borc, 1662,55 manat məbləğində faiz borcu və 306,09 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13040,11 (on üç min qırx manat 11 qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 289) olduğu göstərilmişdir. Yuxarıda təsvir olunanlardan görünür ki, 11 mart 2022-ci il tarixli DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” əsasında verilmiş kredit qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh 28 aprel 2023-cü il tarixə hesablanmış 11071,47 manat məbləğində əsas borcun, 1662,55 manat məbləğində faiz borcunun və 306,09 manat məbləğində cərimə borcunun tutulması üçün hazırkı iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, borcalan (cavabdeh) Cavabdeh 11 mart 2022-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X1 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/13807 nömrəli Razılaşmanı və 11 mart 2022-ci il tarixli DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən (iddiaçı) İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, borcalan Cavabdeh 11 mart 2022-ci il tarixli DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borclarının Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh (VÖEN **********) 11 mart 2022-ci il tarixli DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 11071,47 manat məbləğində əsas borc, 1662,55 manat məbləğində faiz borcu və 306,09 manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediasiya xidməti ilə əlaqədar İddiaçı ASC tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi də Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, Cavabdeh dövlət nəfinə 129,12 (yüz iyirmi doqquz manat 12 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 11 mart 2022-ci il tarixli DC00423331-01 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 11071,47 (on bir min yetmiş bir manat 47 qəpik) manat məbləğində əsas borc, 1662,55 (min altı yüz altmış iki manat 55 qəpik) manat məbləğində faiz borcu, 306,09 (üç yüz altı manat 09 qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 13240,11 (on üç min iki yüz qırx manat 11 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh dövlət nəfinə 129,12 (yüz iyirmi doqquz manat 12 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar