Məhkəmə qərarları › İş №e-2-2(119)-456/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-456/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-456/2024 16.04.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 3560,65 (üç min beş yüz altmış manat altmış beş qəpik) manat məbləğində əsas borc, 142,38 (yüz qırx iki manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, 0,93 (doxsan üç) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3703,96 (üç min yeddi yüz üç manat doxsan altı qəpik) manat məbləğində borcun və ödənilmiş 57,04 (əlli yeddi manat dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh2 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 30 ay müddətinə 7600 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə 21 iyun 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 05 avqust 2022-ci il tarixli 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən kreditin müddəti 05 noyabr 2024-cü il tarixinə kimi uzadılmışdır. 2024-cü il yanvarın 12-dək Cavabdeh2 banka 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3560,65 (üç min beş yüz altmış manat altmış beş qəpik) əsas borcu, 142,38 (yüz qırx iki manat otuz səkkiz qəpik) faiz borcu, 1,85 (bir manat səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 3704,88 (üç min yeddi yüz dörd manat səksən səkkiz qəpik) manat borcu vardır. Cavabdeh2 31 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1,85 (bir manat səksən beş qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 0,93 (doxsan üç) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 21 iyun 2021-ci il tarixli 4-MCR-1-1137-21 saylı kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə faiz dərəcəsi 30 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli Z/02951/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 21 iyun 2021-ci il tarixli 4-MCR-1-1137-21 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 21 iyun 2021-ci il tarixli Z/02952/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 21 iyun 2021-ci il tarixli 4-MCR-1-1137-21 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh2 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqavilələrinin tələblərinə görə zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 31 yanvar 2021-ci il tarixli 4-MCR-1-1137-21/2 saylı kreditin verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh2 (VÖEN **********) biznes məqsədilə 30 ay müddətinə faktiki aylıq dərəcəsi 1,83%, faktiki illik faiz dərəcəsi 22,43% olmaqla 7600 (yeddi min altı yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 31 yanvar 2021-ci il tarixli 4-MCR-1-1137-21/2 saylı saylı kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 31 iyul 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 31 yanvar 2021-ci il tarixli 4-MCR-1-1137-21/2 saylı saylı kreditin verilməsinə dair razılaşmaya 05 avqust 2022-ci il tarixli Əlavə Sazişə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən kreditin müddəti 05 noyabr 2024-cü il tarixədək təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 31 yanvar 2021-ci il tarixli 4-MCR-1-1137-21/2 saylı saylı kreditin verilməsinə dair razılaşma üzrə 12 yanvar 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3560,65 manat məbləğində əsas bоrc, 142,38 manat məbləğində faiz və 1,85 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 3704,88 manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 04 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 sözügedən kreditin verilməsinə dair razılaşma üzrə 04 dekabr 2023-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3944,36 manat məbləğində əsas bоrc, 134,33 manat məbləğində faiz və 4,06 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 4082,75 manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 16 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 sözügedən kreditin verilməsinə dair razılaşma üzrə həmin tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1877,65 manat məbləğində əsas bоrc, 306,36 manat məbləğində faiz və 46,2 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 2230,21 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 04 dekabr 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) 31 yanvar 2021-ci il tarixli 4-MCR-1-1137-21/2 saylı kreditin verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 31 yanvar 2021ci il tarixli 4-MCR-1-1137-21/2 saylı kreditin verilməsinə dair razılaşma üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə ödənilməlidir. Lakin 31 yanvar 2021-ci il tarixli 4-MCR-1-1137-21/2 saylı kreditin verilməsinə dair razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 16 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 16 aprel 2024-cü il tarixli maliyyə arayışı mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında 31 yanvar 2021-ci il tarixli 4- MCR-1-1137-21/2 saylı kreditin verilməsinə dair razılaşma üzrə 16 aprel 2024-cü il tarixə 1877,65 (min səkkiz yüz yetmiş yeddi manat altmış beş qəpik) manat məbləğində əsas borcun olması qeyd olunur. Buna görə də, iddiaçının xeyrinə 1877,65 (min səkkiz yüz yetmiş yeddi manat altmış beş qəpik) manat məbləğində əsas borc tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 12 yanvar 2024-cü il tarixinə 142,38 (yüz qırx iki manat otuz səkkiz qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borclulara xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmalarını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 04 dekabr 2023-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 04 dekabr 2023-cü il tarixli maliyyə arayışında həmin tarixə hesablanmış 134,33 (yüz otuz dörd manat otuz üç qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 0,93 (doxsan üç) manat manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 21 iyun 2021-ci il tarixli Z/02951/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 və 21 iyun 2021-ci il tarixli Z/02952/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit razılaşmasında göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “ödənilmiş 57,04 (əlli yeddi manat dörd qəpik) manat dövlət rüsumunun tutulması” hissəsi də qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 40,13 (qırx manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1877,65 (min səkkiz yüz yetmiş yeddi manat altmış beş qəpik) manat məbləğində əsas bоrc, 134,33 (yüz otuz dörd manat otuz üç qəpik) manat məbləğində faiz borcu, 0,93 (doxsan üç) manat məbləğində cərimə və 40,13 (qırx manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2053,04 (iki min əlli üç manat dörd qəpik) pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1877,65 (min səkkiz yüz yetmiş yeddi manat altmış beş qəpik) manat məbləğində əsas bоrc, 134,33 (yüz otuz dörd manat otuz üç qəpik) manat məbləğində faiz borcu, 0,93 (doxsan üç) manat məbləğində cərimə və 40,13 (qırx manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2053,04 (iki min əlli üç manat dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar