Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-458/2023 12.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 30 mart 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit razılaşmasının ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh1 ilə bağlanmış 13 iyul 2021ci il tarixli 001R********** nömrəli Krеdit Razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 1924,62 manat məbləğində krеdit bоrcu, 188,47 manat məbləğində faiz bоrcu və 110,81 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2223,9 (iki min iki yüz iyirmi üç manat 90 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 (altımış) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh1 kredit verən "xxxx" QSC ilə bağladığı 12 noyabr 2019-cu il tarixli 001L**********60 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Kredit alan Cavabdeh1 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 13 iyul 2021-ci il tarixli 001R********** saylı Kredit Razılaşması əsasında aylıq faiz dərəcəsi 2,0833% оlmaqla 24 ay müddətinə, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. Lakin, Kredit alan həmin Kredit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 13 sentyabr 2022-ci il tarixdən Banka qaytarmamışdır. Borcalan Cavabdeh1 götürdüyü həmin krеdit bоrcundan cəmi 2075,38 manat ödəmiş olsa da, onun 1924,62 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17 mart 2023-cü il tarixə 185 gün üçün hesablanmış faiz borcu 188,47 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 17 mart 2023-cü il tarixə 185 gün üçün hеsablanmış cərimə 110,81 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən Krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Nəbiyev X2 Müqaviləsinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüş və o, həmin Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət olunmamışdan əvvəl mediasiyaya da müraciət edilmiş olsa da, ilkin mediasiya sessiyasında iddiaçı tərəf iştirak etmiş, cavabdehlər isə iştirak etməmişlər. Ona görə də bu barədə 20 fevral 2023-cü il tarixli mediasiya arayışı verilmiş və mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 60 manat məbləğində mediasiya haqqı ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеh Cavabdeh1 ilə bağlanmış 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Krеdit Razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 1924,62 manat məbləğində krеdit bоrcu, 188,47 manat məbləğində faiz bоrcu və 110,81 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2223,9 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 noyabr 2019-cu il tarixli 001L**********60 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 150000 (yüz əlli min) manat məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra «Uzunmüddətli Kredit Xətti» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 12 noyabr 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu Müqavilə və Kredit Razılaşmaları əsasında verilən kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. İş materiallarında olan 12 noyabr 2019-cu il tarixli 001L**********60 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə illik 2,0833 % dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Kredit alan Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 13 iyul 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 214 manat məbləğində olmaqla) və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh1 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 13 iyul 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 28 mart 2023-cü il tarixli 2969 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə 17 mart 2023-cü il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 1924,62 manat məbləğində əsas borc, 188,47 manat məbləğində faiz borcu və 110,81 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2223,9 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 185 gün). İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” olmaqla, bağlanmış 13 iyul 2021-ci il tarixli 001S**********02 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 (VÖEN **********) zamin olaraq, borcalan Cavabdeh1 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 (VÖEN **********) 12 noyabr 2019-cu il tarixli 001L**********60 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi, 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması və 13 iyul 2021-ci il tarixli 001S**********02 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Planında (Ödəniş Cədvəlində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Ona görə də, 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 4000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh1 17 mart 2023-cü il tarixə 1924,62 manat əsas borcu, 188,47 manat faiz borcu və 110,81 manat cərimə borcu olmaqla, cəmi 2223,9 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh1 və zamin Cavabdeh2) müştərək qaydada tutulması və tərəflər arasında bağlanmış Kredit Razılaşmasının ləğv edilməsi üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1);, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2); və müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1924,62 manat məbləğində əsas borcun, 188,47 manat məbləğində faiz borcunun, 110,81 manat məbləğində cərimənin və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 (altımış) manat məbləğində mediasiya xərcinin tutulması və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv olunması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) müştərək qaydada 1924,62 manat məbləğində əsas borc, 188,47 manat məbləğində faiz borcu, 110,81 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2283,9 manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv edilməlidir. Eləcə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 42,23 (qırx iki manat 23 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) müştərək qaydada 1924,62 (min doqquz yüz iyirmi dörd manat 62 qəpik) manat məbləğində əsas borc, 188,47 (yüz səksən səkkiz manat 47 qəpik) manat məbləğində faiz borcu, 110,81 (yüz on manat 81 qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2283,9 (iki min iki yüz səksən üç manat 90 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2021-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 42,23 (qırx iki manat 23 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-458/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-458/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver