Məhkəmə qərarları › İş №e-2-2(119)-46/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-46/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-46/2022 03.02.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğunun katibliyi, İddiaçı1 MMC-nin direktoru vəzifəsini müvaqqəti icra edən İddiaçı2, Cavabdeh MMC-nin direktoru X1 iştirakı ilə İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi və icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC Cavabdeh MMC-yə qarşı pul tələbi və icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında 18 fevral 2020-ci il tarixdə 1/20 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin trikotaj istehsalı üçün ayrılmış 1ci, 3-cü və 4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 3.000 kv.m. təşkil edən qeyriyaşayış sahəsini cavabdehə icarəyə verməyi, cavabdeh isə aylıq 5.000 (beş min) manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, icarə müddəti başa çatanadək tərəflərdən hər hansı biri bu müqavilənin ləğv edilməsi barədə digər tərəfə rəsmi müraciət etmədiyi halda, icarə müddəti eyni şərtlərə və eyni müddətə uzadılmış hesab olunur. Cavabdeh tərəfin müraciəti əsasında müqavilənin 1.3-cü və 3.1-ci bəndlərində əks olunan şərtlərinə yenidən baxılmış və tərəflər arasında 3 fevral 2021-ci il tarixdə imzalanmış 1 nömrəli əlavə razılaşmaya əsasən, cavabdeh tərəfindən icarəyə götürülən icarə obyektinin sahəsi azaldılaraq 1.000 (bir min) kv.m., aylıq icarə haqqı məbləği isə 2.000 (iki min) manat müəyyən edilmişdir. Müqavilə üzrə digər şərtlər dəyişdirilmədən saxlanılmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən, icarə haqqı hər cari ayın 5-dən gec olmayaraq, iddiaçının bank hesabına vergi-hesab fakturasına əsasən, bank köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3.5-ci bəndinə əsasən, cavabdeh icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün iddiaçı icarə haqqının 0,1 %-i məbləğində cərimə ödəyir. Müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, iddiaçı cavabdeh tərəfindən kobud pozuntuya yol verildikdə xəbərdarlıq vermədən bu müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir. İcarə haqqının 15 (on beş) iş günündən artıq müddətə gecikdirilməsi cavabdeh tərəfindən kobud pozuntu sayılır. Cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və bununla da müqavilə öhdəliklər pozulmuşdur. Bununla əlaqədar cavabdehə 8 iyun 2021-ci il tarixli 0139 nömrəli pretenziya məktubu ünvanlanaraq, 18 fevral 2020-ci il tarixli müqavilə və həmin müqavilənin 1 №-li Əlavəsi üzrə 30 aprel 2021-ci il tarixədək yaranmış 38.451,85 (otuz səkkiz min dörd yüz əlli bir manat 85 qəpik) manat icarə haqqı borcu və icarə haqqının ödənilməyən günlərə görə hesablanmış 1.510,18 (min beş yüz on manat 18 qəpik) manat cərimə, cəmi 39.962,03 (otuz doqquz min doqquz yüz altmış iki manat 03 qəpik) manat məbləğinin 20 iyun 2021-ci il tarixədək ödənilməsi tələb olunsa da, bu günə kimi borc ödənilməmiş qalmışdır. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, cavabdeh tərəfindən təklifə münasibət bildirilməmişdir. Cavabdeh 22 oktyabr 2021-ci il tarixinə təyin olunmuş ilkin mediasiya sessiyasında üzrlü səbəb göstərmədən iştirak etməmiş və bu səbəbdən də tərəflərə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən cavabdehlə aralarında imzalanmış 18 fevral 2020-ci il tarixli, 1/20 nömrəli icarə müqaviləsinə xitam verilməsi, 38.451,85 (otuz səkkiz min dörd yüz əlli bir manat 85 qəpik) manat icarə haqqı borcu və icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış 1.510,18 (bir min beş yüz on manat 18 qəpik) manat cərimə, cəmi 39.962,03 (otuz doqquz min doqquz yüz altmış iki manat 03 qəpik) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 MMC-nin direktoru vəzifəsini müvaqqəti icra edən İddiaçı2 iddia tələbini müdafiə etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh MMC-nin direktoru X2 izahat verərək Nazirlər Kabinetinin 05.08.2020-ci il tarixli 280 nömrəli qərarında 2020-ci il aprel ayının 1-dən həmin ilin dekabr ayının 31-nə qədər icarə haqqlarının hesablanmadığının qeyd olunduğunu və həmin qərara əsasən icarə haqlarını ödəmədiyini bildirmiş, sonuncu məhkəmə iclaslarına isə gəlməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 18 fevral 2020-ci il tarixdə 1/20 nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı1 MMC ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin trikotaj istehsalı üçün ayrılmış 1-ci, 3-cü və 4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 3.000 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini cavabdehə icarəyə verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə görə, cavabdeh obyekt ona icarəyə verildikdən sonra aylıq 5.000 (beş min) manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5-ci bəndinə görə, cavabdeh icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş gün üçün iddiaçıya icarə haqqının 0,1 %-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından olan 18.02.2020-ci il tarixli 1/20 nömrəli icarə müqaviləsinə 1 saylı əlavədən görünür ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq müxtəlif sahələr üzrə fəaliyyət göstərmək ilə bağlı məhdudiyyət tətbiq edildiyindən 30.04.2020-ci il tarixdə İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında 2020-ci ilin aprel ayı üçün ödənilməli olan icarə haqqının azaldılaraq 2.500 (iki min beş yüz) manat miqdarında olması barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 18.02.2020-ci il tarixli 1/20 nömrəli icarə müqaviləsinə 1 nömrəli 01 fevral 2021-ci il tarixli əlavə razılaşmadan görünür ki, İddiaçı1 MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş aylıq icarə ödənişləri üzrə Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi ilə bağlı Cavabdeh MMC-yə 100 faiz güzəşt edilmişdir. İcarə obyekti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin trikotaj istehsalı üçün ayrılmış 1-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1.000 kv.m təşkil edən qeyri-yaşayış sahəsi icarəçiyə təhvil veriləndən sonra icarəçi icarəyə verənə hər ay 1.700 (min yeddi yüz) manat (ƏDV xaric) icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, tərəflər razılaşmışlar ki, icarəçi sərtləşdirilmiş karantin rejimi dövrü bitdiyi tarixdən, yəni 25.01.2021-ci il tarixdən etibarən icarə haqqını icarə müqaviləsi ilə tənzimlənən qaydada həyata keçirir. İcarəçi üçün 2021-ci ilin fevral-may ayları üçün ödəniləcək aylıq icarə haqqından əlavə olaraq bu Əlavə imzalandığı tarixədək icrarə müqaviləsi üzrə yaranmış 9.260,98 manat həcmində borc məbləği ödənilməlidir. İş materiallarından olan 18.02.2020-ci il tarixli 1/20 nömrəli icarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq müxtəlif sahələr üzrə fəaliyyət göstərmək ilə bağlı məhdudiyyət tətbiq edildiyindən 03 fevral 2021-ci il tarixdə tərəflər icarə obyekti olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin trikotaj istehsalı üçün ayrılmış 1-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1.000 kv.m olan qeyri-yaşayış sahəsi icarəçiyə təhvil veriləndən sonra icarəçi tərəfindən icarəyə verənə hər ay 2.000 (iki min) manat icarə haqqı ödənilməsi barədə razılığa gəlmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı1 MMC-yə ünvanlanmış 13.01.2021-ci il tarixli, 03/21 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh MMC-nin direktoru S.Məmmədov fevral, mart, aprel, may aylarında hər ay 9.260,98 olmaqla, ümumilikdə 37.043,92 manat məbləğdə icarə haqqı üzrə yığılmış borcun ödənilməsinə zəmanət verdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 27 aprel tarixli 93 nömrəli, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli 226 nömrəli, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” 05.08.2020-ci il tarixli 280 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilmişdir: “8-1. paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və COVİD-19 pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmır.” İş materiallarında olan 22 oktyabr 2021-ci il tarixli 2021-004894 nömrəli “İlkin medasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı1 MMC ilkin mediasiya sessiyasında iştirak etmiş va ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Sadalananlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı1 MMC ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin trikotaj istehsalı üçün ayrılmış qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. Cavabdeh göstərilən müqavilə əsasında icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Buna görə də İddiaçı1 MMC Cavabdeh MMC-dən icarə müqaviləsi üzrə yaranan borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin trikotaj istehsalı üçün ayrılmış qeyri-yaşayış sahəsini icarəyə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Hazırda, İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 18 fevral 2020ci il tarixli 1/20 nömrəli icarə müqaviləsinə xitam verilməsi, 38.451,85 (otuz səkkiz min dörd yüz əlli bir manat 85 qəpik) manat icarə haqqı borcu və icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış 1.510,18 (bir min beş yüz on manat 18 qəpik) manat cərimə faizi, cəmi 39.962,03 (otuz doqquz min doqquz yüz altmış iki manat 03 qəpik) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 05.08.2020-ci il tarixli 280 nömrəli qərarına istinad edərək 2020-ci il aprel ayının 1-dən həmin ilin dekabr ayının 31-nə qədər ona icarə haqlarının hesablanmalı olmadığını bildirmişdir. Lakin məhkəmə hesab edir ki, həmin qərar qeyri-yaşayış sahələrinin deyil, torpaq sahələrinin icarə haqları ilə bağlı olduğundan hazırkı iş üzrə iddiaçı və cavabdeh arasında yaranan münasibətlərə şamil oluna bilməz. Bundan əlavə, Cavabdeh MMC-nin direktoru məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.08.2020-ci il tarixli 280 nömrəli qərarına əsasən icarə haqlarını ödəmədiyini bildirsə də, iş materiallarında olan 13.01.2021-ci il tarixli məktubdan da görünür ki, cavabdeh icarə haqları üzrə yığılmış borcların ödəniləcəyinə zəmanət verdiyini bildirmişdir. Beləliklə də, cavabdeh yaranmış icarə haqqı üzrə borcları ödəmədiyinə görə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən iddia tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsinə xitam verilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia əsas borc tələbi hissəsində də əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə hesab edir ki, 18 fevral 2020-ci il tarixli 1/20 nömrəli müqavilə üzrə 1.510,18 manat cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 500 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərclərinin 03 faizi iddiaçıya, 97 faizi cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərcinə görə cavabdehdən 194 manat alınaraq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki iş üzrə dövlət rüsumunun məbləği 210 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərci kimi 200 manat ödənildiyini nəzərə aldıqda, dövlət rüsumunun ödənilməli hissəsi 10 manat təşkil edir. Lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən dövlət rüsumu 30 manat məbləğində, yəni artıq ödənilmişdir ki, artıq ödənilən 20 manat məbləği iddiaçı cavabdehdən tələb edə bilməz. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manatına görə cavabdehdən 09,70 (doqquz manat yetmiş qəpik) manat alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, İddiaçı1 MMC ilə Cavabdeh MMC arasında bağlanmış 18 fevral 2020-ci il tarixli 1/20 nömrəli icarə müqaviləsinə xitam verilməli, Cavabdeh MMCdən 38.451,85 (otuz səkkiz min dörd yüz əlli bir manat səksən beş qəpik) manat icarə haqqı borcu və icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış 500 (beş yüz) manat cərimə, cəmi 38.951,85 (otuz səkkiz min doqquz yüz əlli bir manat səksən beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı1 MMC-yə ödənilməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi və icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 18 fevral 2020-ci il tarixli 1/20 nömrəli icarə müqaviləsinə xitam verilsin, 38.451,85 (otuz səkkiz min dörd yüz əlli bir manat səksən beş qəpik) manat icarə haqqı borcu və icarə haqqının ödənilməyən günlərinə görə hesablanmış 500 (beş yüz) manat cərimə, cəmi 38.951,85 (otuz səkkiz min doqquz yüz əlli bir manat səksən beş qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərclərinin 03 faizi iddiaçıya, 97 faizi cavabdehə aid edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manatına görə cavabdehdən 09,70 (doqquz manat yetmiş qəpik) manat alınaraq iddiaçıya verilsin. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manata görə cavabdehdən 194 (yüz doxsan dörd) manat alınaraq iddiaçıya verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar