Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-462/2025 13.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 2259,02 (iki min iki yüz əlli doqquz manat iki qəpik) manat məbləğində əsas borc, 238,2 (iki yüz otuz səkkiz manat iyirmi qəpik) manat məbləğində faiz borcu, 28,07 (iyirmi səkkiz manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2525,29 (iki min beş yüz iyirmi beş manat iyirmi doqquz qəpik) manat məbləğində borcun və 45,25 (qırx beş manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25% faizlə 24 ay müddətinə 2500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü ilin noyabrın 20-dək Cavabdeh banka 22 sentyabr 2023cü il tarixli kredit müqaviləsi üzrə 2259,02 (iki min iki yüz əlli doqquz manat iki qəpik) manat əsas borc, 238,2 (iki yüz otuz səkkiz manat iyirmi qəpik) manat faiz borcu, 56,13 (əlli altı manat on üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2553,35 (iki min beş yüz əlli üç manat otuz beş qəpik) manat borcu vardır. Cavabdeh 22 sentyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 56,3 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 28,07 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli 4-MKK-1-2563-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh biznes məqsədi ilə 24 ay müddətinə aylıq faiz dərəcəsi 25 % olmaqla 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 22 sentyabr 2023-cü il tarixli 4-MKK-1-2563-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 20 noyabr 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2259,02 manat məbləğində əsas bоrc, 238,2 manat məbləğində faiz və 56,13 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 2553,35 manat məbləğində borcu vardır. İş materillarında olan iddiaçı tərəfindən 13 mart 2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 22 sentyabr 2023-cü il tarixli 4-MKK-1-2563-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 13 mart 2025-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2259,02 manat məbləğində əsas bоrc, 226 manat məbləğində faiz və 127,87 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 2612,89 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 20 noyabr 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehdən 5 gün müddətində banka olan borclarını tam ödəməsi, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Ona görə də həmin kreditin verilməsinə dair razılaşma üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 22 sentyabr 2023-cü il tarixli 4-MKK- 1-2563-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 2259,02 (iki min iki yüz əlli doqquz manat iki qəpik) manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin 22 sentyabr 2023-cü il tarixli 4-MKK-1-2563-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən 13 mart 2025-ci il tarixdə təqdim edilmiş maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, 13 mart 2025-ci il tarixdə təqdim olunmuş maliyyə arayışında Cavabdeh 22 sentyabr 2023-cü il tarixli 4-MKK-1-2563-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 226 (iki yüz iyirmi altı) manat məbləğində faiz borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 22 sentyabr 2023-cü il tarixli 4-MKK-1-2563-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 226 (iki yüz iyirmi altı) manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 28,07 (iyirmi səkkiz manat yeddi qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “45,25 (qırx beş manat iyirmi beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 45,13 (qırx beş manat on üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 2259,02 (iki min iki yüz əlli doqquz manat iki qəpik) manat məbləğində əsas borc, 226 (iki yüz iyirmi altı) manat məbləğində faiz borcu, 28,07 (iyirmi səkkiz manat yeddi qəpik) manat məbləğində cərimə və 45,13 (qırx beş manat on üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2558,22 (iki min beş yüz əlli səkkiz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2259,02 (iki min iki yüz əlli doqquz manat iki qəpik) manat məbləğində əsas borc, 226 (iki yüz iyirmi altı) manat məbləğində faiz borcu, 28,07 (iyirmi səkkiz manat yeddi qəpik) manat məbləğində cərimə və 45,13 (qırx beş manat on üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2558,22 (iki min beş yüz əlli səkkiz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-462/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-462/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver