Məhkəmə qərarları › İş №e-2-2(119)-470/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-470/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-470/2020 20.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sərvan oğlundan 12.477,33 manat əsas, 2.225,32 manat məbləğində cərimə və 1871,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16.574,51 AZN (on altı manat, beş yüz yetmiş dörd manat, 51 qəpik) kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, İpoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Sərvan oğluna məxsus olan, Şamaxı rayonu, Çıqarlı kəndində yerləşən fərdi yaşayş evinə (0,12 ha torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh Sərvan oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh Sərvan oğlundan tutularaq Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki (iddia ərizəsində yazıldığı kimi qeyd olunur), “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh Sərvan oğlu (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2297 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 12% ödənilmək şərtilə, 15.000 AZN (on beş min manat) məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh Sərvan oğlu ilə xx.xx.2014-cü il tarixdə Y36/2297 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Sərvan oğluna məxsus olan Şamaxı rayonu Çıqarlı kəndində yerləşən fərdi yaşayş evi (0,12 ha torpaq sahəsi ilə birlikdə) “xxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan Bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh Sərvan oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 12.477,33 manat əsas, 2.225,32 manat məbləğində cərimə və 1871,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16.574,51 AZN (on altı manat, beş yüz yetmiş dörd manat, 51 qəpik) borcu mövcuddur (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müxtəlif normalarının məzmunu qeyd olunur). İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X2 və Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Lakin, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Buna görə də,Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə, kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş iddia ərizəsini və sənədləri araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi və iddia tələbinin sübutu hesab edilən sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf elektron kabinet vasitəsi ilə təqdim olunmuş həmin sənədlərin həqiqiliyinin müəyyən edilərək, yazılı sübut kimi qiymətləndirilməsi üçün onların əslini və yaxud müvafiq qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməmiş və eləcə də, məhkəmə iclasında iştirak edərək həmin sənədlərin həqiqiliyinin müəyyən edilib, yazılı sübut kimi qiymətləndirilməsi üçün müvafiq izahat verməmişdir. Halbuki, iddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbi öz xarakterinə görə yazılı sübutlar hesab edilən sənədlər əsasında sübut edilməli olduğuna görə, iddiaçı elektron kabinet vasitəsi ilə iddia ərizəsinə əlavə etmiş olduğu sənədlərin yazılı sübut kimi qəbul edilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq həmin sənədlərin həqiqiliyinin müəyyən edilməsindən ötrü üzərinə düşən vəzifələri (sübutetmə vəzifəsini) yerinə yetirməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Lazımi qaydada təsdiq edilmə dedikdə, sənədlərin notariat qaydada və yaxud hüquqi şəxsin rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla sənədlərin təsdiq olunmasıdır. Göründüyü kimi, Qanunvericiliyin tələblərinə görə iddia tələbinin hallarını özündə əks etdirən sənədlərin yazılı sübutlar kimi qəbul edilərək qiymətləndirilməsi üçün məhkəmə araşdırması zamanı elektron qaydada təqdim edilmiş sənədlərin həqiqiliyi müəyyən edilməli olduğundan, həmin sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməlidir. Lakin, iddiaçı tərəf məhkəmə iclaslarına gəlməyərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və buna görə də, elektron kabinet vasitəsi ilə təqdim edilmiş sənədlərin həqiqiliyinin müəyyən edilməsi üçün hər hansı bir araşdırmanın aparılması və Qanunvericilikdə müəyyən edilmiş hərəkətlərin edilməsi mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, iddia ərizəsində iddia tələbi kifayət qədər əsaslandırılmadığı üçün (hətta, iddia ərziəsində cavabdehdən tələb edilən borcun yaranma halları ətraflı əsaslandırılmamış və eləcə də, iddia ərizəsində tutulmalı olan borcun ümumi məbləği və ipoteka predmetinin ünvanı barədə ziddiyyətli məlumatlar qeyd olunmuşdur), iddiaçı tərəfin nümayəndəsinin məhkəmə araşdırmasında bilavasitə iştirak edib, tələb üzrə ətraflı izahat verərək, iddia tələbinin məhkəmə iclasında əsaslandırılmasının və əhəmiyyəti olan halların aydınlaşdırılmasının xüsusi əhəmiyyəti olmuşdur. Lakin, məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq, iddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddianın sübut edilməsi istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməmiş və eyni zamanda, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, yekun məhkəmə aktının qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair xx xxxx 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən həmin Qərarda qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki-Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki- Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə görə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılmalıdır (maddə10-1.1). Lakin, icraatın elektron qaydada aparılması - Qanunvericilikdə sübutlar üçün müəyyən edilmiş meyarları və iddia tələbinin sübut edilməsi ilə əlaqədar Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş prosessual tələbləri (76-106-cı maddələrin tələblərini) dəyişməmişdir. Həmin tələblərə görə yenə də, məhkəmə qərar qəbul edərkən həqiqiliyi və mötəbərliliyi heç bir şübhə doğurmayan sübutlara istinad etməklə iddia tələbini təmin edə bilər. Bu meyarlara cavab verməyən sənədlər (sübutlar) əsasında qəbul edilən qərarlar isə güman və yaxud, ehtimallara əsaslanan qərar olar. İddia tələbinin sübuta yetirilməsi vəzifəsi iddiaçı tərəfin üzərinə düşdüyünə görə, məhkəmə araşdırması zamanı iddiaçı tərəf bu istiqamətdə vəzifəsini lazımi qaydada yerinə yetirmədiyi halda, məhkəmənin həmin vəzifəni üzərinə götürməsi isə Mülki- Prosessual Məcəllənin əsas prinsiplərinin pozulması ilə nəticələnər. Halbuki, məhkəmə dəfələrlə məhkəmə iclaslarını təxirə salıb, iddiaçı tərəfi məhkəməyə dəvət etməklə, bunun üçün ona kifayət qədər şərait yaratmışdır. İddiaçı tərəf isə bu imkandan istifadə etməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi üçün məhkəməyə ərizə göndərmişdir. Beləliklə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməliidi. Lakin, hazırkı kommersiya işi üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən elektron kabinetə daxil edilmiş sənədlərin həqiqiliyinin müəyyən edilməsi mümkün olmaması səbəbindən – həmin sənədlərin yazılı sübutlar kimi qəbul edilərək qiymətləndirilməsi mümkün olmamışdır. Buna görə də, məhkəmə araşdırması zamanı iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi, yəni“Cavabdeh Sərvan oğlundan 12.477,33 manat əsas, 2.225,32 manat məbləğində cərimə və 1871,86 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 16.574,51 AZN (on altı manat, beş yüz yetmiş dörd manat, 51 qəpik) kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, İpoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Sərvan oğluna məxsus olan, Şamaxı rayonu, Çıqarlı kəndində yerləşən fərdi yaşayş evinə (0,12 ha torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh Sərvan oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh Sərvan oğlundan tutularaq Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi” barədə iddia tələbi mötəbər sübutlarla sübuta yetirilməmişdir. Yəni, həmin iddia tələbi məhkəmədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar