Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-472/2025 05.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən cavabdeh X1 İdarəsinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20293,76 (iyirmi min iki yüz doxsan üç manat, yetmiş altı qəpik) manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 151 (yüz əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərməməklə Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən 149.2-ci maddəsinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 54.1-ci, 54.2-ci və 54.4-cü maddələrinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyrikommersiya xarakterli funksiyalarının həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Hazırkı işə cavabdeh qismində cəlb edilmiş X1 İdarəsinin mülki qanunvericiliyin istinad olunan normaları baxımından öhdəlikləri üçün məsuliyyət daşıyıb-daşımamasının, yəni müstəqil subyekt kimi cavabdeh qismində çıxış etmək imkanının olub-olmamasının müəyyənləşdirilməsi bilavasitə onun əsasnaməsi ilə müəyyənləşdirilməli olsa da, həmin əsasnamə iş materiallarına əlavə edilməmiş, eyni zamanda iddia ərizəsində bu məsələ ilə bağlı hansısa əsaslandırma aparılmamışdır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən cavabdeh X1 İdarəsinə qarşı verilmiş “borcun tutulması” barədə ərizə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonar yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-472/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-472/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver