Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-474/2025 10.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 20212,26 (iyirmi min iki yüz on iki manat, iyirmi altı qəpik) manat məbləğində əsas bоrc, 1687,8 (min altı yüz səksən yeddi manat, səksən qəpik) manat məbləğində faiz bоrcu, 448,72 (dörd yüz qırx səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 22348,78 (iyirmi iki min üç yüz qırx səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 157,05 (yüz əlli yeddi manat, beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 31 avqust 2022-ci il tarixli 017L**********86 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh1 və Cavabdeh3 ilə mübahisənin pretenziya qaydasında nizama salınması həllinə dair cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh2 nümayəndəsi 06 aprel 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, kredit müqavilələri üzrə ayrı-ayrı vaxtlarda verilmiş pul vəsaitlərinə görə faizlər əsassız hesablanmışdır. Halbuki kredit borcu tam məbləğdə verilmədiyinə görə, faizlər onların verildikləri vaxtlara görə hesablanmalı və tələb edilməli idi. Hətta bəzi hissələrə görə artıq faizlər ödənilmişdir. Odur ki, pul vəsaitlərinin verilməsinə dair kassa məxaric orderləri və köçürmələrə dair hesabdan çıxarış tələb olunmaqla məhkəməmühasibatlıq ekspertizası təyin edilməli, faizlərin düzgün hesablanıb-hesablanmadığı müəyyən edilməlidir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 aprel 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirdi ki, təqdim edilmiş 21 iyul 2025-ci il tarixli ekspert rəyinə hər hansı etirazı yoxdur. Məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 10 mart 2025-ci il tarixdə keçiirlmiş məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Əsas borc məbləği ilə razı olsa da, faiz borcu və cərimə məbləği ilə razı deyildir. O, iddiaçı təşkilatdan birdəfəlik olaraq 25000 manat məbləğində kredit götürməmişdir. Əvvəlcə 5000 manat məbləğində kredit götürmüş, daha sonra 10000 manat məbləğində kredit götürərək əvvəlki 5000 manat məbləğində olan borcu həmin məbləğlə bağlamışdır. Beləliklə, hər dəfə müəyyən qədər kredit götürmüş və nəticədə ümumi məbləğ 25000 manat olmuşdur. 25000 manat məbləğində kredit borcunu birdəfəlik götürmədiyi üçün faiz borcunun məbləğinin çox hesablandığı qənaətindədir. İddiaçının Murad adlı əməkdaşı ilə əlaqə saxlayaraq işləyə bilmədiyi üçün müqavilənin müddətinin uzadılmasını və məbləğin azaldılmasını xahiş etsə də, həmin əməkdaş bunun mümkün olmayacağını, yalnız ona yenidən kredit verilməsinin mümkün olduğunu söyləmiş və 2024-cü ilin iyul ayında yenidən kredit ayıracağını bildirmişdir. Həmin əməkdaş məzuniyyətdə olduğundan kreditin də ayrılmasının mümkün olmadığını qeyd etmişdir. Cavabdeh səhhətində yaranmış problemlərlə əlaqədar və işsiz oldğuna görə ödənişləri həyata keçirə bilməmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh2 və zaminlər qismində Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 31 avqust 2022-ci il tarixli 017L**********86 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, Cavabdeh2 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 25000 manat olan krediti illik 23 faiz dərəcəsilə 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 31 avqust 2022-ci il tarixli 017L**********86 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 08 sentyabr 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli OUT-2024/11/27-119 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 20212,26 manat məbləğində əsas bоrcu, 1687,8 manat məbləğində faiz borcu və 448,72 manat məbləğində cərimə оlmaqla, cəmi 22348,78 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 21 iyul 2025-ci il tarixli 9/2428 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh2 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu 27 noyabr 2024-cü il tarixə: əsas borc üzrə 19955,5 manat, faiz borcu üzrə 1586,42 manat; 07 aprel 2025-ci il tarixə: əsas borc üzrə 19955,5 manat, faiz borcu üzrə 3225,83 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 31 avqust 2022-ci il tarixli 017L**********86 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1 və Cavabdeh3 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı və Cavabdeh2 arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə tutulmalı olan əsas və faiz borcun məbləği müəyyən edilərkən 21 iyul 2025-ci il tarixli 9/2428 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə 19955,5 manat məbləğində əsas borc, 1586,42 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 20212,26 manat məbləğində əsas borc, 1687,8 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, 21 iyul 2025-ci il tarixli ekspert rəyində əsas borcun məbləği 19955,5 manat, faiz borcunun məbləği 1586,42 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən müştərək qaydada 19955,5 manat məbləğində əsas borc, 1586,42 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən 448,72 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit razılaşması üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 157,05 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 18 dekabr 2024-cü il tarixli **********46 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 157,05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 155,97 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2025-ci il tarixli 9/2428 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 19955,5 manat məbləğində əsas borc, 1586,42 manat məbləğində faiz borcu, 448,72 manat məbləğində cərimə və 155,97 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22146,61 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdеhlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 08 sentyabr 2023-cü il tarixli 017R********** nömrəli krеdit razılaşması üzrə 19955,5 (on doqquz min doqquz yüz əlli beş manat, əlli qəpik) manat məbləğində əsas borc, 1586,42 (min beş yüz səksən altı manat, qırx iki qəpik) manat məbləğində faiz bоrcu, 448,72 (dörd yüz qırx səkkiz manat, yetmiş iki qəpik) manat məbləğində cərimə, 155,97 (yüz əlli beş manat, doxsan yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22146,61 (iyirmi iki min yüz qırx altı manat, altmış bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-474/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-474/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver