Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-475/2025 14.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11638,41 (on bir min altı yüz otuz səkkiz manat, qırx bir qəpik) manat məbləğində əsas borc, əsas məbləğə hesablanmış 1307,73 (min üç yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu, hər gecikdirilmiş günə görə hesablanmış 610,99 (altı yüz on manat, doxsan doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 13557,13 (on üç min beş yüz əlli yeddi manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 130,67 (yüz otuz manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında 26 dekabr 2023-cü il tarixdə Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalana 26 dekabr 2043-cü il tarixədək (20 il müddətində) 14000 manat məbləğində kredit kartı limiti (kredit xətti) açılmışdır. Borcalanın müqavilədən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə, həmçinin Cavabdeh1 ilə 26 dekabr 2023cü il tarixli 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etsə də, Cavabdeh2 MMC müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2 MMC və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər cavabdeh - Cavabdeh1la mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 14 aprel 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh2 MMC arasında bağlanılmış 26 dekabr 2023-cü il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsinin 1-ci bəndinə əsasən, bu müqavilə bank (iddiaçı “X1 Azərbaycan” QSC ) və kart və\və ya əlavə kart(ların) sahibi (Cavabdeh2 MMC) bankın emissiya etdiyi (buraxdığı) kartın (bank tərəfindən emissiya edilən kredit kartları (korporativ kartları)) və əlavə kartın, bunların nömrə və gizli şifrələrinin (PİN kod) istifadə edilməsi ilə bağlı şərtlərini və qaydalarını müəyyən etmək məqsədini daşıyır. Həmin müqavilənin 13.5.1-ci yarımbəndinə əsasən, nağd pul vəsaitinin alınması/çıxarılması faizi: kart hesabından nağd vəsait alındığı/çıxarıldığı (nağd vəsait əldə edildiyi) və ya nağd pul vəsaitlərinin istifadəsi üzrə əməliyyatların həyata keçirildiyi gündən edibarən pul balansın (borcun) tam ödənildiyi günə qədər bu maddədə göstərilən faiz dərəcəsinə müvafiq gündəlik olaraq tətbiq edilir. Nağd pul vəsaitinin alınmasİ/çıxarılması faizi illik 28% təşkil edir. Həmin müqavilənin 13.5.6-cı yarımbəndinə əsasən, gecikdirilmə faizi: kart\əlavə kart sahibi, hesab çıxarışında (bildirişində) müəyyən edilən son ödəniş tarixinədək dövr borcunun hesab çıxarışında göstərilən minimum məbləğdən az ödəniş etdiyi təqdirdə, minimum məbləğin ödənilməyən hissəsi üçün hesab faktura tarixindən son ödəniş tarixinədək bu müqavilə üzrə müəyyən edilən alqı-satqı faizini və son ödəniş tarixindən etibarən gecikdirilmə faizini, qalan hesab balansına (borcuna) isə hesab fakturası tarixindən etibarən bu müqavilə üzrə alqı-satqı faizinin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir. Müqavilənin ləğvi (xitamı) ilə əlaqədar və/və ya hesab bağlanıldığı təqdirdə (müqavilə üzrə borcların geri qaytarılması müddətləri və/və ya şərtləri kart/əlavə kart sahibi tərəfindən pozulduqda), toplam (ümumi) borc məbləğinin (balansının) qalığına (qalıq borca) gecikdirilmə faizi tətbiq edilir və “Kart/əlavə kart sahibi”, göstərilənlərlə əlaqədar toplam (ümumi) qalıq borcuna gecikdirilmə faizininin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir. Bu hal da daxil olmaqla kart istifadəsindən (tətbiqindən) yaranan borclara mürəkkəb faiz (faizin üstünə laiz hesablanması) tətbiq edilmir. Kart/əlavə kart sahibi aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, bu müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilib hesablamaqla gecikdirilmə faizlərini ödəyir. Həmin müqavilənin 19.2-ci bəndinə əsasən, kart/əlavə kart sahibinin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komisyon və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılmasını tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək bankın hüququdur. Həmin müqavilənin 20.3-cü bəndinə əsasən, kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə hesablanmış faizləri, komisyon və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq), bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı bankın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydanı banka ödəmək müştərinin vəzifəsidir. Həmin müqavilənin 25-ci bəndinə əsasən, bu müqaviləyə əsasən bank 20 il müddətinə 14000 manat məbləğində kart/əlavə kart sahibinə kredit kartı limitini (kredit xətti) açır. Kart/əlavə kart sahibi isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürür. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli 01 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, 26 dekabr 2023-cü il tarixində ”X1 Azərbaycan” QSC-i (bank) və "Prestij-Kimya” MMC (müştəri və ya borcaİan) arasında bağlanmış Worldcard Business Kredit Kartı (korporativ kart) kredit kartı müqaviləsi üzrə müştəriyə 14000 (on dörd min) manat məbləğində, 20 (iyirmi) il müddətinə və istifadəsinə görə yuxarı həddi illik 28 % faiz dərəcəsi ödəmək şərti ilə açılmış kredit kartı limiti (kredit xətti) ilə bağlı müştərinin bank qarşısında bütün öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək zamin müştəri ilə tam birgə məsuliyyət daşımağı öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə müştəri öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilk tələbi ilə kredit kartı limiti üzrə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və cərimələrlə birlikdə (həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və müştərinin kredit kartı müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərər də daxil olmaqla) dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Zamin əvvəlcədən razılaşaraq həmçinin qəbul, təsdiq və bəyan edir ki, kredit xətti limitinin daxilində yuxarı həddi illik 28 % dərəcəsi ilə ayrılan verilən kreditlər və borclar borcalana azərbaycan manatı ilə yanaşı xarici valyutalarda da (ABŞ dolları, Avro və s.) verilə bilər ki, borcalan borcverən qarşısında bunlarla bağlı öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirələnədək zamin borcalanla tam birgə məsuliyyət daşımağı da öhdəsinə götürür və borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə zamin borcverənin ilk tələbi ilə kredit (borc) məbləğini (əsas borc), ona hesablanmış faiz və cərimələrlə birlikdə (həmçinin borcun tutulması üzrə məhkəmə xərclərinin və borcalanın kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində borcverənə dəyən digər zərər də daxil olmaqla) dərhal borcverənə ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. Bununla belə, zamin razılaşır ki, müştəri yuxarıda adı çəkilən kredit kartı müqaviləsi üzrə bank qarşısında müəyyən edilmiş öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, bank zaminin “X1 Azərbaycan” QSC-dəki hər hansı bir bank hesabındakı pul vəsaitini(lərini), müştərinin kredit borcu miqdarında onun sərəncamı olmadan müştərinin kredit borcu əvəzinə (əsas borc, faiz və cərimələr, həmçinin borc tutulması üzrə məhkəmə xərclərinin və müştərinin kredit kartı müqaviləsi üzrə öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərər də daxil olmaqla) mübahisəsiz və qeyd şərtsiz qaydada hesabından silmək və ya müştəriyə qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesabındaki məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olacaqdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən zaminliklə təmin olunan öhdəliyin əsası bank ilə müştəri arasında 26 dekabr 2023-cü il tarixində bağlanmış kredit kartı müqaviləsidir. Zamin həmin müqaviləyə əsasən müştərinin banka kredit kartı limiti üzrə öhdəliyinin vaxtında və lazımı qaydada icra olunmasına görə, o cümlədən krediti və hesablanmış faiz (cərimə) məbləğinin(lərinin) qaytarılmasına, həmçinin açılmış bu kredit kartı limiti ilə əlaqədar yarana biləcək və ya çəkilməli olan hər cür xərclərin və zərərin ödənilməsinə görə məsuliyyət daşıyır. Zaminin bank qarşısında məsuliyyətinin əsasları: müştəri tərəfindən kreditin və ona hesablanmış faizlərin kredit kartı müqaviləsində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə ödənilməməsi və qaytarılmaması; borcalan tərəfindən alınmış kreditdən məqsədi və təyinatı üzrə istifadə edilməməsi və s. Müştəri kredit kartı müqaviləsinə əsasən yaranmış öhdəlikləri vaxtında və/və ya lazımınca icra etmədikdə, bankın, öhdəliklərin icrasını müştəridən və/və ya zamindən tələb etmək, o cümlədən qanunvericiliyə müvafiq olaraq öhdəliklərin müştəri və/və ya zamin” tərəfindən məcburi qaydada icrasını təmin etmək məqsədi ilə məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. İş materiallarında olan 23 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin 26 dekabr 2023-cü il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə iddiaçıya 11638,41 manat məbləğində əsas bоrcu, əsas borc üzrə hesablanmış 1307,73 manat məbləğində faiz borcu və əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 610,99 manat məbləğində faiz borcu оlmaqla, cəmi 13557,13 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış sənədlərindən görünür ki, Cavabdeh2 MMC-nin 26 dekabr 2023-cü il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə iddiaçıya 11638,41 manat məbləğində əsas borcu və 18 dekabr 2024-cü il tarixdən 23 yanvar 2025-ci il tarixədək hesablanmış 610,99 manat məbləğində gecikdirilmiş faiz borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən, kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 26 dekabr 2023-cü il tarixli Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi üzrə Cavabdeh2 MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 11638,41 manat məbləğində əsas borcun və əsas məbləğə hesablanmış 1307,73 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən müştərək qaydada hər gecikdirilmiş günə görə hesablanmış 610,99 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə faiz borcunun ödənilməsi də nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 13.5.6-cı yarımbəndi) Mülki Məcəllənin 745.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçı cavabdehlərdən müştərək qaydada 610,99 manat məbləğində faiz borcunun ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 130,67 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 31 yanvar 2025-ci il tarixli **********44 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 130,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 130,67 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 11638,41 manat məbləğində əsas borc, 1307,73 manat məbləğində faiz borcu, 610,99 manat məbləğində gecikdirilmiş faiz borcu və 130,67 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13687,8 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 11638,41 (on bir min altı yüz otuz səkkiz manat, qırx bir qəpik) manat məbləğində əsas borc, 1307,73 (min üç yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 610,99 (altı yüz on manat, doxsan doqquz qəpik) manat məbləğində gecikdirilmiş faiz borcu və 130,67 (yüz otuz manat, altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13687,8 (on üç min altı yüz səksən yeddi manat, səksən qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-475/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-475/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver