Məhkəmə qərarları › İş №e-2-2(119)-478/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-478/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-478/2023 14.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızının iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 05 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit verən "xxxx" QSC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Krеdit Razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Piriyeva (Şıxıyeva) Elnurə Arzuman qızından, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** nömrəli Krеdit Razılaşması üzrə 15 noyabr 2022-ci il tarixinə hesablanmış 27562,22 manat məbləğində krеdit bоrcu, 4473,76 manat məbləğində faiz bоrcu və 3787,05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 35823,03 (otuz beş min səkkiz yüz iyirmi üç manat 03 qəpik) manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin (borcun) cavabdeh Piriyeva (Şıxıyeva) Elnurə Arzuman qızının Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsi və üzərində yerləşən 20B nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 35823,03 manat məbləğində bоrcun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı "xxxx" QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2, Piriyeva (Şıxıyeva) Elnurə Arzuman qızından, Cavabdeh3 və Cavabdeh4 ümumi müştərək qaydada tutulması və Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsi və üzərində yerləşən 20B nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Piriyeva (Şıxıyeva) Elnurə Arzuman qızının həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh2 kredit verən "xxxx" QSC ilə bağladığı 18 dekabr 2017-ci il tarixli 011L**********95 nömrəli Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu Müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Kredit alan Cavabdeh2 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 01 sentyabr 2021-ci il tarixli 011R********** saylı Kredit Razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75% оlmaqla 36 ay müddətinə, Ödəniş Planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Lakin, Kredit alan həmin Kredit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 01 fevral 2022-ci il tarixdən Banka qaytarmamışdır. Borcalan Cavabdeh2 götürdüyü həmin krеdit bоrcundan 2437,78 manat ödəmiş olsa da, onun 27562,22 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, borcalan Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 15 noyabr 2022-ci il tarixə 287 gün üçün hesablanmış faiz borcu 4473,76 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borcalan Ödəniş Planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 15 noyabr 2022-ci il tarixə 287 gün üçün hеsablanmış cərimə 3787,05 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən Krеdit alan müvafiq оlaraq krеditi və faizi Ödəniş Planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Piriyeva (Şıxıyeva) Elnurə Arzuman qızı, Cavabdeh4 və Piriyev X1 Müqavilələrinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar, həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli Kredit Müqaviləsi üzrə borcalan Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan və zamin Şıxıyeva (Piriyeva) Elnurə Arzuman qızı və Bank arasında bağlanılmış 01 sentyabr 2021-ci il tarixli 011M**********01 saylı İpoteka Müqaviləsi əsasında ona məxsus Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsi və üzərində yerləşən 20B nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin elektron çıxarışla Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsi və üzərində yerləşən 20B nömrəli fərdi yaşayış evi borcalan Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün borc verən "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın əri Cavabdeh2 Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsi və üzərində yerləşən 20B nömrəli fərdi yaşayış evi borcverən "xxxx" QSC-nə ipoteka müqaviləsi əsasında ipotekaya qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür (razılıq ərizəsinin surəti əlavə olunur). İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 17 avqust 2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 24 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və 30 avqust 2022ci il tarixdə həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehlərə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 200 manat məbləğində mediasiya haqqı ödənilmişdir. Hazırkı kommersiya işi üzrə 14 noyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 gəlsələr də, həmin məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etiraz etməmişlər. Odur ki, məhkəmə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə 14 noyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini və hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 30000 manat məbləğində aldığı kredit üzrə işində yaranmış problemlərə görə vaxtlı-vaxtında ödənişlər edə bilmədiyi üçün qrafik üzrə ödənilməmiş kredit borcunun yarandığını bildirərək, həmin borcu ödəməkdən boyun qaçırmasa da, hazırkı iddia ərizəsi üzrə deyil, Bankın özü tərəfindən yenidən qrafik açılaraq ona borcun yeni qrafiklə ödəniş etməsinə şərait yaradılmasını və buna görə də, əsas borcun tutulmasına etiraz etməsə də, iddia tələbinin digər hissələrdə, eləcə də borcun ipoteka predmetinə yönəldilməsi hissəsində təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 da iddia tələbini qismən qəbul etdiyini və Bankdan kredit almış həyat yoldaşı Cavabdeh2 hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 30000 manat məbləğində aldığı kredit üzrə o, zamin olmaqla yanaşı, yaşadığı evini və torpaq sahəsini də girov qoyduğunu, lakin yaranmış problemlərə görə vaxtlı-vaxtında ödənişlər edə bilmədikləri üçün qrafik üzrə ödənilməmiş kredit borcunun yarandığını bildirərək, həmin borcu ödəməkdən boyun qaçırmasalar da, hazırkı iddia ərizəsi üzrə deyil, Bankın özü tərəfindən yenidən qrafik açılaraq onlara borcun yeni qrafiklə ödəniş etməsinə şərait yaradılmasını və buna görə də, əsas borcun tutulmasına etiraz etməsələr də, iddia tələbinin digər hissələrdə, eləcə də borcun ipoteka predmetinə yönəldilməsi hissəsində təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 dekabr 2017-ci il tarixli 011L**********95 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 50000 (əlli min) ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra «Uzunmüddətli Kredit Xətti» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu Müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 18 dekabr 2027-ci il tarixdən gec olmayarq verilməlidir. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Piriyeva (Şıxıyeva) Elnurə Arzuman qızı – “Zamin” olmaqla, bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Piriyeva (Şıxıyeva) Elnurə Arzuman qızı zamin olaraq, borcalan Cavabdeh2 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3 – “Zamin” olmaqla, bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011S**********01 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 zamin olaraq, borcalan Cavabdeh2 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh4 – “Zamin” olmaqla, bağlanmış 18 dekabr 2019-cu il tarixli 011S**********02 nömrəli Zaminlik Müqaviləsinə əsasən Cavabdeh4 zamin olaraq, borcalan Cavabdeh2 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilələrin 1.1-ci bəndinə əsasən, Borcalanın Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 18 dekabr 2017-ci il tarixli 011L**********95 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh2 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh2 (VÖEN **********) 36 ay müddətinə aylıq 1,75 % dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Kredit alan Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 01 sentyabr 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh2 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 03 sentyabr 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 06 mart 2023-cü il tarixli 2375 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 15 noyabr 2022-ci il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 27562,22 manat məbləğində əsas borc, 4473,76 manat məbləğində faiz borcu və 3787,05 manat məbləğində cərimə borcu olmaqla, cəmi 35823,03 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 287 gün). Lakin, iş üzrə həmin hesabatla razı olmayan Cavabdeh2 yazılı vəsatəti əsasında qəbul edilmiş 20 iyun 2023-cü il tarixli qərardadla məlum kreditlə əlaqədar mübahisənin obyektiv həlli məqsədi ilə 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 avqust 2023-cü il tarixli 9/5415 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 15 noyabr 2022-ci il tarixə (sualda göstərilən tarixə) 27560,76 manat məbləğində əsas borcu və 4983,90 manat məbləğində faiz borcu vardır. İş materialları ilə müəyyən olunur ki, 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 30000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh2 15 noyabr 2022-ci il tarixə hesablanmış 27562,22 manat əsas borcu, 4473,76 manat faiz borcu və 3787,05 manat cərimə borcu olmaqla, cəmi 35823,03 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh2, zaminlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3) müştərək qaydada tutulması və tərəflər arasında bağlanmış Kredit Razılaşmasının ləğv edilməsi və borcun ipoteka predmetinə yönəldilməsi üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müvafiq olaraq 18 dekabr 2017-ci il tarixli 011L**********95 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi, 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması, 01 sentyabr 2021-ci il tarixli 011S**********01 nömrəli, 01 sentyabr 2021-ci il tarixli 011S**********01 nömrəli və 18 dekabr 2019-cu il tarixli 011S**********02 nömrəli Zaminlik Müqaviləri bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Planında (Ödəniş Cədvəlində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora iddia tələbində göstərilən 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1);, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2); və müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc - “Borcalan” və “Zaminlər” olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Lakin, 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə həmin cavabdehlərdən müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30 avqust 2023-cü il tarixli 9/5415 nömrəli Ekspert Rəyi də mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan borc məbləğləri həmin Rəyə və iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 30 avqust 2023-cü il tarixli 9/5415 №-li Ekspertiza Rəyində Cavabdeh2 ilə bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə iddiaçı tərəfindən borcun hesablandığı 15 noyabr 2022-ci il tarixə “əsas borc 27560,76 manat və faiz borcu 4983,9 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 15 noyabr 2022ci il tarixə hesablanmış “27562,22 manat məbləğində əsas borcun və 4473,76 manat məbləğində faiz borcun“ tutulması tələb olunur. Buna görə də, iddia ərizəsində tələb olunan 4473,76 manat məbləğində faiz borcu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla tam olaraq tutulmalı olduğu halda, 15 noyabr 2022-ci il tarixə hesablanaraq tələb edilən “27562,22 manat məbləğində əsas borc” 30 avqust 2023-cü il tarixli 9/5415 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmadığına görə 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə həmin Ekspertiza Rəyi ilə 15 noyabr 2022-ci il tarixə müəyyən edilmiş "27560,76 manat” miqdarında əsas borc cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "3787,05 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada cəmi 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması ləğv olunmalıdır. Eləcə də, məhkəmə, iddianın “Cavabdeh2 tutulmalı olan borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli 011M**********01 nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan “Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsi və üzərində yerləşən 20B nömrəli fərdi yaşayış evi" ipoteka qoyan Cavabdeh1 tərəfindən ipoteka saxlayan İddiaçı QSC qarşısında borcalan Cavabdeh2 18 dekabr 2017-ci il tarixli 011L**********95 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında imzalanmış 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasında nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. X3 3.1-ci bəndinə əsasən, Bank ilə bundan sonra "Borc alan" adlandırılacaq Cavabdeh2 (VÖEN **********) arasında 18 dekabr 2017-ci il tarixdə bağlanmış 011L**********95 saylı Uzunmüddətli Kredit Müqaviləsi (bundan sonra "Uzunmüddətli Kredit Müqaviləsi") və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan "Kredit Razılaşması", "Bank qarantiyası verilməsi haqqında müqavilə", "Akkreditiv açılması üçün razılaşma" və "Bank hesabının kreditləşməsi barədə razılaşma" formasında bağlanan ayrıca Razılaşmalar – hazırkı İpoteka Müqaviləsi üzrə nəzərdə tutulan əsas öhdəliklərdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetinə dair ipoteka saxlayan İddiaçı QSC-nin tutmanın yönəldilməsi haqqında bildirişi müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Eyni zamanda, hazırkı iddia ərizəsində “01 sentyabr 2021-ci il tarixli 011M**********01 nömrəli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh1 məxsus “Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsinin və üzərində yerləşən 20B nömrəli fərdi yaşayış evinin hərracda satılması” barədə verilmiş iddia tələbi ilə əlaqədar qəbul olunmuş 20 iyun 2023-cü il tarixli qərardadla yuxarıda qeyd olunan ipоtekа predmetinin ilkin satış qiymətinin təyin olunması məqsədilə “həmin daşınmaz əmlakların likvid qiymətinin müəyyən edilməsi” üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında məhkəməəmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 10/5205-9/5410 nömrəli Ekspert Rəyi ilə ipoteka qoyan Cavabdeh1 məxsus “Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsinin və üzərində yerləşən 20 B nömrəli fərdi yaşayış evinin" likvid dəyəri 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin tələblərinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (maddə 34.1.1) və yaxud, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (maddə 34.1.3) - ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan pul vəsaiti İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus ipoteka predmetinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə, yuxarıda qeyd olunanları və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi “Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Piriyeva (Şixiyeva) Elnurə Arzuman qızından, Cavabdeh4 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması” hissəsində əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Çünki, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “krеdit razılaşmasının ləğv edilməsi, borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2-2(119)-478/2023 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “Xaçmaz şəhərinin 28 May küçəsində xüsusi mülkiyyətdə olan 0,0114 ha torpaq sahəsi və üzərində yerləşən 20B nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2 və Piriyeva (Şıxıyeva) Elnurə Arzuman qızının həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə aid hissəsində icraata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 27560,76 manat əsas borc, 4473,76 manat faiz borcu və 300 manat cərimə İddiaçı QSC-nin xeyrinə tutulmalı, cavabdehlərdən tutulan borc İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhərinin 28 May küçəsində yerləşən Cavabdeh1 məxsus 0,0114 ha torpaq sahəsinə və üzərində yerləşən 20 B nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 27000 manat məbləğində müəyyən edilməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi və ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının əvəzi də cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, borcalan və zaminlərdən tutulması təmin olunan borcun məbləğinə mütənasib olaraq dövlət nəfinə ödənilməli olan 187 (yüz səksən yeddi) manat məbləğində dövlət rüsumu və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti də cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********), Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 27560,76 (iyirmi yeddi min beş yüz altmış manat 76 qəpik) manat əsas borc, 4473,76 (dörd min dörd yüz yetmiş üç manat 76 qəpik) manat faiz borcu, 300 (üç yüz) manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 (yüz) manat hissəsi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 32479,52 (otuz iki min dörd yüz yetmiş doqquz manat 52 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan cəmi 32479,52 (otuz iki min dörd yüz yetmiş doqquz manat 52 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhərinin 28 May küçəsində yerləşən Cavabdeh1 məxsus 0,0114 ha torpaq sahəsinə və üzərində yerləşən 20 B nömrəli fərdi yaşayış evinə yönəldilsin və ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 32479,52 (otuz iki min dörd yüz yetmiş doqquz manat 52 qəpik) manat məbləğində borc ödənilsin. Tutmanın yönəldiyi Cavabdeh1 məxsus ipoteka predmeti olan Xaçmaz şəhərinin 28 May küçəsində yerləşən 0,0114 ha torpaq sahəsinin və üzərindəki 20 B nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə 187 (yüz səksən yeddi) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar