Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-481/2025 18.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsi üzrə 675131,9 (altı yüz yetmiş beş min yüz otuz bir manat, doxsan qəpik) manat məbləğində əsas borc, 74252,03 (yetmiş dörd min iki yüz əlli iki manat, üç qəpik) manat məbləğində faiz borcu, 6793,24 (altı min yeddi yüz doxsan üç manat, iyirmi dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 756177,17 (yeddi yüz əlli altı min yüz yetmiş yeddi manat, on yeddi qəpik) manat məbləğində kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ödənilmiş 153 (yüz əlli üç) manat və 1047 (min qırx yeddi) manat məbləğində dövlət rüsumunun ödənilməsi, 15 mart 2023-cü il tarixli SF-03274 nömrəli ipoteka müqaviləsinə əsasən iddiaçının ipoteka hüquqları ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212.2 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə, 15 mart 2023-cü il tarixli SF-03274/2 nömrəli ipoteka müqaviləsinə əsasən iddiaçının ipoteka hüquqları ilə yüklü edilmiş Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 230.6 m2 olan fərdi yaşayış evi və 0.042 ha torpaq sahəsinə və 15 mart 2023-cü il tarixli SF-03274/1 nömrəli ipoteka müqaviləsinə əsasən iddiaçının ipoteka hüquqları ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316.1 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə tutma yönəldilməsi, onların açıq hərracda satılması, 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli girov müqaviləsinə əsasən yüklülük predmetini iddiaçının sahibliyinə verilməsi, girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən 192816 (yüz doxsan iki min səkkiz yüz on altı) manat məbləğində dəyəri olan məktəb və baxça malları (Yazı masası 900 ədəd, Yazı masası üçün stul 1500 ədəd, Çarpayı 160 ədəd, Dolab 73 ədəd, Uşaq stulu ( baxça ) 200 ədəd, Stul 260 ədəd, Kafe üçün stol və stullar 30 dəst) olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyektinin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına (girov və ipoteka) iddiaçıya olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 15 faiz dərəcəsi ilə olmaqla 48 ay müddətinə 860000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212.2 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 230.6 m2 olan fərdi yaşayış evi və 0.042 ha torpaq sahəsi və Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316.1 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 15 mart 2023-cü il tarixli ipoteka müqavilələri ilə yüklü edilmişdir. Həmçinin kreditin təminatı olaraq Cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən 192816 (yüz doxsan iki min səkkiz yüz on altı) manat məbləğində dəyəri olan məktəb və baxça malları (Yazı masası 900 ədəd, Yazı masası üçün stul 1500 ədəd, Çarpayı 160 ədəd, Dolab 73 ədəd, Uşaq stulu ( baxça ) 200 ədəd, Stul 260 ədəd, Kafe üçün stol və stullar 30 dəst) 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli girov müqaviləsi ilə girov qoyulmuşdur. Kredit borcu üzrə sonuncu dəfə 20 sentyabr 2024-cü il tarixində 2,36 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun 09 yanvar 2025-ci il tarixinə 675131,9 manat məbləğində əsas borcu, 74252,03 manat məbləğində faiz borcu, 6793,24 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 756177,17 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, mütəxəssis rəyini təqdim edən təşkilata baxış keçirilməsi üçün cavabdehlər tərəfindən şərait yaradılmamışdır. Müvafiq təşkilat iddiaçı ilə əlaqə saxlamış, cavabdehlərlə müqavilə bağlanarkən çəkilən fotoşəkillər həmin təşkilata təqdim edilmişdir. Müvafiq fotoşəkillər, həmin ərazidə yerləşən analoji fərdi yaşayış evləri ilə müqayisəli təhlil əsasında mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəylərində ipoteka və girov predmetlərinin müəyyən edilmiş likvid dəyərlərinə etirazı yoxdur. Hərrac baş tutmadıqda belə, daşınmaz əmlaklarla bağlı mütəxəssis rəylərinə əsasən, iddiaçı həmin əmlakları öz balansına götürdüyü təqdirdə eyni zamanda cavabdehlərə də müəyyən qədər pul vəsaiti qaytarmalı olacaqdır. Yəni bu əmlakların mütəxəssis rəylərində müəyyən edilmiş qiymətlərinin cəmi iddia tələbindən kifayət qədər çoxdur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 15 mart 2023cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank (İddiaçı ASC) bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana (Cavabdeh3) məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək şərtilə kredit verir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, kredit üzrə borc qalığının uçotu borcalanın ******* unikal kodu altında açılmış kredit hesabında aparılır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, kreditin əsas şərtlərini: kreditin məbləği- 860000 manat, kreditin müddəti-48 ay, kreditin illik faiz dərəcəsi-15 faiz, dəbbə pulu (cərimə)-illik 30 faiz təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, bu kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 15,28 faiz təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kredit üzrə faizlər ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə, borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, bu müqavilənin 2.1-ci bəndində uyğun faizlərin hesablanması kreditin borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsasən, borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən dəbbə pulu (cərimə) ödəməlidir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən, kredit üzrə borc öhdəliyinin vaxtından əvvəl icrasının tələb edilməsi barədə bankın xəbərdarlıq bildirişindən 10 iş günü ərzində borcalan borc öhdəliyini qeyd-şərtsiz yerinə yetirməlidir. Bu müddət ərzində öhdəlik icra edilmədikdə, ödənilməmiş kredit gecikdirilmiş borc hesab edilir və hər gecikdirilən gün üçün ödənilməyən qalıq məbləğinə bu müqavilənin 2.9-cu bəndinə uyğun dəbbə pulu hesablanır. Həmin müqavilənin 3.1.5-ci yarımbəndinə əsasən, borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, bank müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ili birlikdə vaxtından əvvəl qaytarılması borcalandan tələb edə bilər. Həmin müqavilənin 3.4.1-ci və 3.4.3-cü yarımbəndlərinə əsasən, kredit borcunu bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə vaxtında və tam ödəmək, həmçinin vaxtı keçmiş kreditə görə dəbbə pulunu və borcun məcburi tutulması üçün bankın çəkdiyi xərcləri ödəmək borcalanın öhdəlikləridir. İş materiallarında olan 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh3 banka olan borcu üçün son ödəniş tarixi 15 mart 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212.2 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin bazar qiyməti müqavilənin bağlandığı an üçün peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən 376000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 300000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212.2 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan qismində Cavabdeh1, borc alan qismində Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74/2 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 230.6 m2 olan fərdi yaşayış evi və 0.042 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin bazar qiyməti müqavilənin bağlandığı an üçün peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən 278000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 200000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 230.6 m2 olan fərdi yaşayış evi və 0.042 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan qismində Cavabdeh2, borc alan qismində Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74/1 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316.1 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin bazar qiyməti müqavilənin bağlandığı an üçün peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən 446000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 350000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316.1 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borc alan Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli girov müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən girov qoyan (cavabdeh) özünə məxsus və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı (girov predmetini) girov saxlayan (iddiaçı) qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, girov predmeti ünvan 4 ünvanında yerləşən Cavabdeh3 məxsus istehsalat sexində, bu müqaviləyə əlavə olunmuş 1 nömrəli akta əsasən məktəb və baxça mallarıdır (partalar, dolablar, stullar və s.). Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, girov predmeti (pul vəsaiti istisna olmaqla) peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan qiymətləndirici tərəfindən və ya tərəflərin qarşılıqlı razılığı ilə bazar dəyəri 192816 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, öhdəliyin yaranma əsası Sumqayıt şəhərində bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsidir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, girovla təmin edilmiş öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov predmetinə tutma yönəldilir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, əsas öhdəliyin və ya onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin girov qoyanın yerinə yetirməməsi girov qoyanın girov predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. İş materiallarında olan 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli girov müqaviləsinə əlavədə və aktivlər üzə təlimatların qiymətləndirilməsi üzrə hesabatda girov predmeti olan malların bazar dəyərinin 192816 manat, likvid dəyərinin isə 134971,2 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan 15 mart 2023-cü il tarixli daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən çıxarışa əsasən, 15 mart 2023-ci il tarixli 1**-SF-***74 sayli girov müqaviləsinə və akta əsasən bazar dəyəri 192816 manat olan ünvan 5 ünvanında yerləșən Cavabdeh3 məxsus İstehsalat sexində, bu müqaviləyə əlavə olunmuș 1nömrəli akta əsasən məktəb və bağça malları (Partalar, dolablar ,stullar) İddiaçı ASC-nin xeyrinə girovla yüklü edilmişdir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək “15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsi üzrə 12 dekabr 2024-cü il tarixinə əsas borc üzrə 562514,11 manat, faiz borcu üzrə 7265,78 manat, gecikən əsas borc üzrə 112617,79 manat, gecikən faiz borcu üzrə 54959,69 manat məbləğində pul vəsaiti ilə əlaqədar borclarının olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin öhdəliklərini pozduqları üçün göstərilən borc məbləğinin 3 gün müddətində banka ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 iddiaçıya 675131,9 manat məbləğində əsas bоrc, 74252,03 manat məbləğində faiz borcu, 6793,24 manat məbləğində cərimə оlmaqla, cəmi 756177,17 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyul 2025-ci il tarixli LP-108/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 376000 manat, bazar dəyəri 417000 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyul 2025-ci il tarixli LP-109/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyəri 446000 manat, bazar dəyəri 495000 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyul 2025-ci il tarixli LP-110/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 230.6 m2 olan fərdi yaşayış evinin likvid dəyəri 278000 manat, bazar dəyəri 310000 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyul 2025-ci il tarixli LP-111/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən 900 ədəd yazı masası, 1500 ədəd yazı masası üçün stul, 160 ədəd çarpayı, 73 ədəd dolab, 200 ədəd stul, 260 ədəd stul, 30 dəst kafe üçün stol və stulların bazar dəyəri 95280 manat təşkil edir. Həmin mütəxəssis rəylərinin hər birində cavabdehlər tərəfindən yuxarıda qeyd edilən əmlaklara baxış keçirilməsi üçün şərait yaradılmadığı, qiymətləndirilmənin ipoteka müqaviləsinə, analoji təhlillərə, əmlakın yerləşdiyi əraziyə və iddiaçının təqdim etdiyi fotoşəkillərə əsasən aparıldığı qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğlərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 675131,9 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin əsas məbləğə hesablanmış 74252,03 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 16 dekabr 2024-cü il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış 62225,47 manat məbləğində faiz borcu (faiz borcu üzrə 7265,78 manat+gecikən faiz borcu üzrə 54959,69 manat) Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 15 mart 2023-cü il tarixli 1**-SF- ***74 nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə göndərilmiş 16 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu nəzərə alınmalı və 62225,47 manat məbləğində faiz borcu Cavabdeh3 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli kredit müqaviləsi üzrə 6793,24 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin 2.9-cu bəndi) iddiaçı Cavabdeh3 cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. İddiaçı və Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212.2 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı və ipoteka qoyan qismində Cavabdeh1, borc alan qismində Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74/2 nömrəli ipoteka müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 230.6 m2 olan fərdi yaşayış evi və 0.042 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı və ipoteka qoyan qismində Cavabdeh2, borc alan qismində Cavabdeh3 arasında bağlanmış 15 mart 2023-cü il tarixli 1**-SF-***74/1 nömrəli ipoteka müqaviləsinə əsasən, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316.1 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin daşınmaz əmlaklara yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş 11 iyul 2025-ci il tarixli mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212,2 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 376000 manat, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 33D ünvanında yerləşən, ümumi sahəsi 230,6 m2 olan fərdi yaşayış evi və 0,042 ha torpaq sahəsinin ilkin satış qiyməti 278000 manat, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316,1 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 446000 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, 15 mart 2023-cü il tarixli 1**-SF-***74 nömrəli girov müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən Cavabdeh3 məxsus istehsalat sexində, həmin müqaviləyə əlavə olunmuş 1 nömrəli akta əsasən 900 ədəd yazı masası, 1500 ədəd yazı masası üçün stul, 160 ədəd çarpayı, 73 ədəd dolab, 200 ədəd uşaq stulu, 260 ədəd stul, 30 dəst kafe üçün stol və stullar iddiaçının xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin girov qoyulmuş həmin əşyalara yönəldilməsi barədə tələb Mülki Məcəllənin 295-ci maddəsinin tələblərinə uyğundur Məhkəmə iş üzrə "xxxx" MMC-dən təqdim edilmiş 11 iyul 2025-ci il tarixli LP- 111/2025 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ünvan 4 ünvanında yerləşən 900 ədəd yazı masası, 1500 ədəd yazı masası üçün stul, 160 ədəd çarpayı, 73 ədəd dolab, 200 ədəd stul, 260 ədəd stul, 30 dəst kafe üçün stol və stulların bazar dəyəri 95280 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 153 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 15 oktyabr 2024-cü il tarixli təsdiqetmə bildirişlərindən görünür ki, iddiaçı tərəfindən cəmi 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan **********, ********** və ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 108 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh3 45 manat məbləğində dövlət rüsumunun və 108 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 28 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 1047 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 1034,15 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 11 iyul 2025-ci il tarixli mütəxəssis rəylərinə əlavə edilmiş xərclərə dair bildirişlərdən görünür ki, aparılan tədqiqatların dəyəri 1100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatlarının dəyəri olan 1100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh3 675131,9 manat məbləğində əsas borc, 62225,47 manat məbləğində faiz borcu, 6793,24 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 45 manat məbləğində dövlət rüsumunun və 108 manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1034,15 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 745337,76 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, Cavabdeh3 tutulmalı olan cəmi 745337,76 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212,2 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 230,6 m2 olan fərdi yaşayış evi və 0,042 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316,1 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə və Cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən istehsalat sexində məktəb və bağça mallarına (900 ədəd yazı masası, 1500 ədəd yazı masası üçün stul, 160 ədəd çarpayı, 73 ədəd dolab, 200 ədəd uşaq stulu, 260 ədəd stul, 30 dəst kafe üçün stol və stullar) yönəldilməli və həmin ipoteka və girov predmetləri açıq hərracda satılaraq iddiaçıya olan cəmi 745337,76 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212,2 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 376000 manat, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 33D ünvanında yerləşən, ümumi sahəsi 230,6 m2 olan fərdi yaşayış evi və 0,042 ha torpaq sahəsinin ilkin satış qiyməti 278000 manat, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316,1 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 446000 manat və girov predmeti olan ünvan 4 ünvanında yerləşən istehsalat sexində məktəb və bağça mallarının (900 ədəd yazı masası, 1500 ədəd yazı masası üçün stul, 160 ədəd çarpayı, 73 ədəd dolab, 200 ədəd uşaq stulu, 260 ədəd stul, 30 dəst kafe üçün stol və stullar) bazar dəyəri 95280 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatlarının dəyəri olan 1100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh3 675131,9 (altı yüz yetmiş beş min yüz otuz bir manat, doxsan qəpik) manat məbləğində əsas borc, 62225,47 (altmış iki min iki yüz iyirmi beş manat, qırx yeddi qəpik) manat məbləğində faiz borcu, 6793,24 (altı min yeddi yüz doxsan üç manat, iyirmi dörd qəpik) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun və 108 (yüz səkkiz) manat məbləğində xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1034,15 (min otuz dörd manat, on beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 745337,76 (yeddi yüz qırx beş min üç yüz otuz yeddi manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh3 tutulmalı olan cəmi 745337,76 (yeddi yüz qırx beş min üç yüz otuz yeddi manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212,2 m2 olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 230,6 m2 olan fərdi yaşayış evi və 0,042 ha torpaq sahəsinə, Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316,1 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə və Cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən istehsalat sexində məktəb və bağça mallarına (900 ədəd yazı masası, 1500 ədəd yazı masası üçün stul, 160 ədəd çarpayı, 73 ədəd dolab, 200 ədəd uşaq stulu, 260 ədəd stul, 30 dəst kafe üçün stol və stullar) yönəldilsin və həmin ipoteka və girov predmetləri açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 745337,76 (yeddi yüz qırx beş min üç yüz otuz yeddi manat, yetmiş altı qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 212,2 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 376000 (üç yüz yetmiş altı min) manat, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 33D ünvanında yerləşən, ümumi sahəsi 230,6 m2 olan fərdi yaşayış evi və 0,042 ha torpaq sahəsinin ilkin satış qiyməti 278000 (iki yüz yetmiş səkkiz min) manat, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 316,1 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti 446000 (dörd yüz qırx altı min) manat və girov predmeti olan ünvan 4 ünvanında yerləşən istehsalat sexində məktəb və bağça mallarının (900 ədəd yazı masası, 1500 ədəd yazı masası üçün stul, 160 ədəd çarpayı, 73 ədəd dolab, 200 ədəd uşaq stulu, 260 ədəd stul, 30 dəst kafe üçün stol və stullar) bazar dəyəri 95280 (doxsan beş min iki yüz səksən) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatlarının dəyəri olan 1100 (min yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-481/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-481/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver