Məhkəmə qərarları › İş №e-2-2(119)-485/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-485/2025

01.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-485/2025 01.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə İddiaçı və onun nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6970 (altı min doqquz yüz yetmiş) manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 89,7 (səksən doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2023-cü ildə iddiaçının fəaliyyət göstərdiyi bitkiçiliklə bağlı dərman preparatlarının satışı mağazasından 7970 manat dəyərində pomidor sahəsində istifadə edilməsi üçün nəzərdə tutulan müxtəlif növ dərman və gübrə preparatları almış və tez bir zamanda əldə etdiyi mallara görə ödəniş edəcəyini bildirmişdir. İddiaçı ilə cavabdeh arasında münasibətlər normal olmuş, cavabdeh iddiaçıda etibarlı insan təəssüratı yaratmışdır. Lakin hər dəfə cavabdehdən mağazadan aldığı dərman preparatlarına görə pulu geri istədikdə maddi vəziyyətinin çətin olduğunu bildirmiş, ancaq yaxın zamanlarda pul taparaq qaytaracağına söz vermişdir. Bu vaxta qədər Cavabdeh borcundan cəmi 1000 manat pul ödəmişdir. Hazırda onun mağazaya 6970 manat borcu qalmaqdadır. İddiaçının da həmin dərman preparatları və gübrəyə görə digər şəxslər qarşısında öhdəlikləri yarandığından o, Şabran Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Şabran Rayon Prokurorluğunda müvafiq araşdırma aparılmış, Cavabdeh borclu olduğunu etiraf etmiş, lakin mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

3. Siyəzən Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, e-2(059)-823/2024 nömrəli nömrəli qərardadına əsasən işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən qeyd olunan qərardaddan şikayət verilmiş, Siyəzən Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(059)-823/2024 nömrəli nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(102)- 464/2025 nömrəli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin e-2(059)-823/2024 nömrəli iş üzrə 09 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

6. Cavabdeh Vəkil məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

9. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Şabran Rayon Prokurorluğuna verdiyi 16 fevral 2024-cü il tarixli izahatında bildirmişdir ki, o, 2023-cü ildə Siyəzən rayonu ərazisində 1,5 ha açıq ərazidə pomidor şitili əkmiş, bunun üçün də İddiaçı işlətdiyi kənd təsərrüfatı dərmanları satılan mağazadan bitki dərman və gübrələri almışdır. Lakin hansı məbləğdə dərman və gübrə aldığını xatırlamır. Həmin il əkdiyi pomidor şitillərinə zərərverici qurdlar ziyan verdiyinə görə o, məhsul götürə bilməmiş, 2023-cü ilin təxminən avqust-sentyabr aylarında İddiaçı aldığı dərmanların pulundan 1000 manat ödəmişdir. Hazırda İddiaçı 6970 manat pul verməlidir. Həmin pul vəsaitini 24 fevral 2024-cü il tarixə qədər Farizə qaytaracaqdır.

10. İş materiallarında olan Şabran Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş 16 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Siyəzən rayonu Böyük Həmyə kənd sakini Cavabdeh onun işlətdiyi bitkiçiliyin salınması və qorunması sahəsində fəaliyyət göstərən mağazadan dərman preparatları və gübrələr alması, lakin onu aldadaraq pulunu verməkdən yayınması barədə ərizə ilə Şabran Rayon Prokurorluğuna müraciət etmişdir. İddiaçı Cavabdeh ona pul vəsaitini qaytarmaması ilə bağlı müraciəti mülki xarakterli olmaqla məhkəmə predmeti olduğundan həmin müraciəti ilə bağlı aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh verdiyi izahatında bildrimişdir ki, 2023-cü ildə Siyəzən rayonu ərazisində 1,5 ha açıq ərazidə pomidor şitili əkmiş, bunun üçün də İddiaçı işlətdiyi kənd təsərrüfatı dərmanları satılan mağazadan bitki dərman və gübrələri almışdır. Lakin hansı məbləğdə dərman və gübrə aldığını xatırlamır. Həmin il əkdiyi pomidor şitillərinə zərərverici qurdlar ziyan verdiyinə görə o, məhsul götürə bilməmiş, 2023-cü ilin təxminən avqust-sentyabr aylarında İddiaçı aldığı dərmanların pulundan 1000 manat ödəmişdir. Hazırda İddiaçı 6970 manat pul verməlidir. Həmin pul vəsaitini 24 fevral 2024-cü il tarixə qədər Farizə qaytaracaqdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh dəyəri cəmi 7970 (yeddi min doqquz yüz yetmiş) manat olan dərman preparatları və gübrə vermiş, Cavabdeh isə öz növbəsində aldığı malların dəyərini aralarında razılaşdırılmış müddət ərzində ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, aldığı malların dəyərindən 1000 (min) manat məbləğində ödəniş etsə də, onun iddiaçıya 6970 (altı min doqquz yüz yetmiş) manat məbləğində borcu qalmışdır.

13. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 6970 (altı min doqquz yüz yetmiş) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

15. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 89,70 (səksən doqquz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 89,70 (səksən doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

20. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6970 (altı min doqquz yüz yetmiş) manat məbləğində borc və ödənilmiş 89,70 (səksən doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7059,70 (yeddi min əlli doqquz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 6970 (altı min doqquz yüz yetmiş) manat məbləğində borc və ödənilmiş 89,70 (səksən doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7059,70 (yeddi min əlli doqquz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar