Məhkəmə qərarları › İş №e-2-2(119)-50/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-50/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-50/2023 13.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X9 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rzayev Ruslan Baldadaş oğlunun, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 19 oktyabr 2022-ci ildə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit Müqaviləsi üzrə 14054,67 (on dörd min əlli dörd manat 67 qəpik) manat əsas borc və əsas borca hеsablanmış 7148,94 (yeddi min yüz qırx səkkiz manat 94 qəpik) manat faiz borcu olmaqla, cəmi 21203,61 (iyirmi bir min iki yüz üç manat 61 qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat məbləğində pulun və ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən ümumi sahəsi 0,18 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən ümumi sahəsi 0,18 hektar olan torpaq sahəsindən çıxarılmaları və həmin torpağın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, bank İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 21 iyun 2019-cu il tariхli GA.722975.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmışdır. Həmin Baş Saziş üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən ümumi sahəsi 0,18 ha-dan ibarət torpaq sahəsi 21 iyun 2019-cu il tariхli, GA.722975.1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 21 iyun 2019-cu il tarixli, 200842-722975\1 nömrəli kredit müqaviləsi ilə illik 21 faiz dərəcəsi ilə 30 ay müddətinə 15000 (on beş min) manat məbləğində krеdit verilmişdir. Еyni zamanda, Bank və cavabdeh – Cavabdeh4 arasında 21 iyun 2019-cu il tariхli 200842- 722975/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, Borcalan bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/3337/2021 nömrəli Bildiriş ipotekaqoyan Cavabdeh2 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə isə dövlət qeydiyyatına alınmışdır (“bildiriş”in dövlət qeydiyyatına alınması barədə ərizə, X5 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət edilmiş və Bank tərəfindən mediasiya xərci olaraq 200 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mediasiya prosesində Bankın nümayəndəsi və Cavabdeh1 iştirak etmiş, digər cavabdehlər isə iştirak etməmişlər. Bakı 5 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB-5-03110 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” və “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışlar verilmişdir (arayışlar ərizəyə əlavə edilmişdir). Kredit Müqaviləsi üzrə borc alan Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, borcverən İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Borcalan tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış Baş Sazişin 3.4.1-cı bəndinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələbinə əsasən, müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək Borcalanın (Cavabdeh1) öhdəliyidir. 2.2. Sazişin 3.4.6-ci bəndinin tələbinə əsasən, Borc alanın öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn bütün xərcləri bu Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək öhdəliyi vardır. 2.3. Sazişin 5.1.5-ci və 5.1.6-cı bəndlərində nəzərdə tutulmuş hallar baş verdikdə Bank kredit müqavilələri üzrə öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. 2.4. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında Bоrcalanla еyni həcmdə məsuliyyət daşıyır. 2.5. Cavabdehin (Borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində onun Banka olan borcu 16 sentyabr 2022-ci il tarixə aşağıdakılardan ibarətdir: Kredit Müqaviləsi üzrə əsas borc məbləği – 14054,67 (on dörd min əlli dörd manat 67 qəpik) manat; Kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği – 7148,94 (yeddi min yüz qırx səkkiz manat 94 qəpik) manat olmaqla, cəmi – 21203,61 (iyirmi bir min iki yüz üç manat 61 qəpik) manat. Cavabdeh2 ilə Bank arasında bağlanmış 21 iyun 2019-cu il tariхli GA.722975.1 nömrəli ipotеka müqaviləsi 21 iyun 2019-cu il tariхli GA.722975.1 nömrəli Baş Sazişin və Sazişə əsasən bağlanmış kredit müqaviləsinin təminatı kimi çıxış etmişdir (İpoteka müqaviləsinin 3.2-ci bəndi). Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh4 21 iyun 2019-cu il tarixli 200842- 722975\1 nömrəli Kredit Müqaviləsi üzrə 14054,67 manat əsas borc və əsas borca hеsablanmış 7148,94 manat faiz borcu olmaqla, cəmi 21203,61 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat pul vəsaitinin və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən ümumi sahəsi 0,18 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən ümumi sahəsi 0,18 hektar olan torpaq sahəsindən çıxarılmaları və həmin torpağın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini bildirərək, iddia tələbi üzrə yalnız əsas borcun tutulmasına etiraz etməsə də, borcun ipoteka predmetinə yönəldilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 iyun 2019-cu il tarixli GA.722975.1 nömrəli "Kredit Limitinin ayrılması haqqında" Baş Saziş və həmin Baş Saziş əsasında bağlanılmış 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən əsas vəsaitin artırılması məqsədilə borcalan Cavabdeh1 30 ay müddətinə illik 21 % dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin Sazişin 2.6-cı bəndinə əsasən, bu müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və Borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır: a) Cərimə faizləri; b) Vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər; c) Vaxtı keçmiş və gecikdirilmiş əsas borc; d) Faiz borcu; e) Əsas borc. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin bu Müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş faiz dərəcəsinin ikiqat misli məbləğində, yəni illik 42 (qırx iki) faiz hesablanır və bu faiz Borcalan tərəfindən tam həcmdə ödənilir. İş materiallarında olan 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X7 əsasən ödənişin son tarixi 21 dekabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh4 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Zaminlik Müqaviləsinə əsasən X1 “zamin” olaraq borcalan Cavabdeh1 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X2 tələblərinə görə zamin və borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (müqavilələrin 4.1-ci bəndi) və zamin Kredit müqaviləsi üzrə öhdəliklərin Borc alan tərəfindən İcra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında Borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar (müqavilələrin 4.2-ci bəndi). İş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit müqaviləsi üzrə 16 sentyabr 2022-ci il tarixə bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14054,67 manat məbləğində əsas bоrcu və 7148,94 manat faiz borcu оlmaqla, cəmi 21203,61 (iyirmi bir min iki yüz üç manat 61 qəpik) manat məbləğində kredit borcu vardır. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 27 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 20 fevral 2023-cü il tarixli 9/226 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 Banka 21 dekabr 2021-ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) - 14054,67 manat məbləğində əsas borcu və 5584,04 manat məbləğində faiz borcu, 16 sentyabr 2022-ci il tarixə (iddiaçı tərəfindən borcun hesablandığı tarixə) isə - 14054,67 manat məbləğində əsas borcu və 6101,33 manat məbləğində faiz borcu vardır (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh4 müvafiq olaraq 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit Müqaviləsi və 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, həmin Müqavilə üzrə borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, borcverən İddiaçı ASCdən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Buna görə də, məlum kredit müqaviləsi üzrə cəmi 15000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığına görə borcalan Cavabdeh1 16 sentyabr 2022-ci il tarixə hesablanmış 14054,67 manat məbləğində əsas borcun və 7148,94 manat məbləğində faiz borcunun tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (ilkin mediasiya sessiyasında İddiaçı ASC-nin nümayəndəsi və borcalan Cavabdeh1 iştirak etmiş olsa da, tərəflər arasında hər hansı bir razılıq əldə olunmamışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc - “Borcalan” və “Zamin” olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Lakin, 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 20 fevral 2023-cü il tarixli 9/226 nömrəli Ekspert Rəyi də mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan borc məbləğləri həmin Rəyə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 20 fevral 2023-cü il tarixli 9/226 №-li Ekspertiza Rəyində Cavabdeh1 ilə bağlanmış 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 16 sentyabr 2022-ci il tarixə “əsas borc 14054,67 manat və faiz borcu 6101,33 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 16 sentyabr 2022-ci il tarixə hesablanmış “14054,67 manat məbləğində əsas borcun və 7148,94 manat məbləğində faiz borcun“ tutulması tələb olunur. Buna görə də, iddia ərizəsində tələb olunan 14054,67 manat məbləğində əsas borc tam olaraq tutulmalı olduğu halda, 16 sentyabr 2022-ci il tarixə hesablanaraq tələb edilən “7148,94 manat məbləğində faiz borcu” 20 fevral 2023-cü il tarixli 9/226 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmadığı üçün 21 iyun 2019-cu il tarixli 200842-722975\1 nömrəli Kredit müqaviləsi üzrə həmin Ekspertiza Rəyi ilə 16 sentyabr 2022-ci il tarixə müəyyən edilmiş "6101,33 manat” miqdarında faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Eləcə də, məhkəmə, iddianın “Cavabdeh1 tutulmalı olan borcun ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 iyun 2019-cu il tarixli GA.722975.1 nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış həmin Müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən 0,18 ha torpaq sahəsi ipoteka qoyan Cavabdeh2 tərəfindən ipoteka saxlayan İddiaçı ASC qarşısında 21 iyun 2019-cu il tarixli 200842- 722975\1 nömrəli Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetinə dair ipoteka saxlayan İddiaçı ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Eyni zamanda, hazırkı iddia ərizəsində “21 iyun 2019-cu il tariхli GA.722975.1 nömrəli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh2 məxsus “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən ümumi sahəsi 0,18 ha-dan ibarət torpaq sahəsinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi” barədə verilmiş iddia tələbinə əsasən qəbul olunmuş 27 dekabr 2022-ci il tarixli qərardadla yuxarıda qeyd olunan ipоtekа predmetinin ilkin satış qiymətinin təyin olunması məqsədilə “həmin daşınmaz əmlakın likvid qiymətinin müəyyən edilməsi” ilə əlaqədar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və həmin qərardad əsasında məhkəməəmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş 10 may 2023-cü il tarixli 10/363, 10/125, 9/204 nömrəli Ekspert Rəyi ilə ipoteka qoyan Cavabdeh2 məxsus “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən ipoteka predmeti olan 0,18 ha torpaq sahəsinin likvid dəyəri cəmi 121000 (yüz iyirmi bir min) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Odur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tutulmalı olan pul vəsaiti İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ipoteka predmetinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 121000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə, yuxarıda qeyd olunanları və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi digər hissələrdə - yəni, “ipoteka predmeti hərracda satıldıqda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən ümumi sahəsi 0,18 hektar olan torpaq sahəsindən çıxarılmaları və həmin torpağın boşaldılması” hissəsində - əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh4 müştərək qaydada 14054,67 manat əsas borc və 6101,33 manat faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və tutulan borc məbləği İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən 0,18 ha torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli və tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 121000 manat məbləğində müəyyən edilməlidir. Eləcə də, məlum kredit müqaviləsi üzrə borcalan qismində Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının 100 (yüz) manat hissəsi və ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı da cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, borcalan və zamindən tutulması təmin olunan borcun məbləğinə mütənasib olaraq dövlət nəfinə ödənilməli olan 150,47 (yüz əlli manat 47 qəpik) manat məbləğində dövlət rüsumu və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti də cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, məhkəmə xərclərinin bölüşdürülməsi ilə əlaqədar qeyd etmək lazımdır ki, hazırkı iddia ərizəsi ilə tələb olunan borcun məhz “borcalan” və “zamin” olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müvafiq olaraq kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmələri ilə əlaqədar yarandığından və onların müqavilə öhdəliklərinin yerinə yetirilməsi üzrə lazımi qaydada hərəkət etməmələri (hərəkətsizlikləri) səbəbindən kredit borcunun ipoteka predmetinə yönəldilməsi ilə nəticələndiyinə görə - iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq tutulmalı olan məhkəmə xərclərinin də həmin cavabdehlər (borc alan və zamin) arasında bölüşdürülməsi tamamilə ədalətlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh4 müştərək qaydada 14054,67 (on dörd min əlli dörd manat 67 qəpik) manat əsas borc, 6101,33 (altı min yüz bir manat 33 qəpik) manat faiz borcu, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 20296 (iyirmi min iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutulmalı olan cəmi 20296 (iyirmi min iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ipoteka predmeti “Sumqayıt şəhəri, X8 3216” ünvanında yerləşən 0,18 ha torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 20296 (iyirmi min iki yüz doxsan altı) manat məbləğində borc ödənilsin. Tutmanın yönəldiyi Cavabdeh2 məxsus ipoteka predmetinin ilkin satış qiyməti 121000 (yüz iyirmi bir min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə 150,47 (yüz əlli manat 47 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar