Məhkəmə qərarları › İş №e-2-2(119)-505/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-505/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-505/2023 22.06.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 Möhdəd oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya məxsus abonent hesabına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1280 (min iki yüz səksən manat) manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış qazın alqısatqısına dair müqaviləyə əsasən iddiaçıya məxsus müəssisədə təbii qazdan istifadə edilir və istifadə edilən qazın dəyəri hər ay vaxtında ödənilir. Cavabdeh ilə bağlanmış müqaviləyə əsasən yeni layihə üzrə obyektin qazlaşdırılması həyata keçirilmiş, həmin proses 27 yanvar 2020-ci il tarixdə başa çatmış və göstərilən tarixdə istismara qəbul aktı ilə istifadəyə verilmişdir. 27 yanvar 2020-ci il tarixində “G-6” markalı 28256912 saylı sayğac Cavabdeh əməkdaşları tərəfindən çıxarılaraq əvəzinə layihəyə uyğun yeni “G-16” markalı sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları iddiaçının istifadə etdiyi sayğacı çıxarıb apararkən sayğacda heç bir qüsur olmadığını bildirmişlər. xx.xx.2021-ci il tarixdə iddiaçıya 23 iyun 2020-ci il tarixli akt təqdim olunaraq, guya, xx.xx.2020-ci il tarixdə çıxarılıb aparılan sayğacın plasmas qapağının yan tərəfində əzik-cızıq izlərinin olması barədə akt tərtib edildiyi və 1280 manat məbləğində əlavə borc hesablandığı bildirilmişdir. İddiaçı hesablanmış həmin borcla razılaşmamış və bildirmişdir ki, əgər sayğaca müdaxilə edilmişdisə, Cavabdeh əməkdaşları xx.xx.2020-ci il tarixdə sayğacı çıxarıb apararkən iddiaçının iştirakı ilə qüsur aktı tərtib edilməli idi. Sayğac çıxarılıb aparıldıqdan beş ay sonra Cavabdeh öz tabeliyində olan Xaçmaz RQİİ-nin Metrologiya Departamentində laboratoriyada müayinədən keçirilib 05 oktyabr 2021-ci il tarixdə iddiaçıya aktın surəti təqdim edilmişdir. İddiaçı bu barədə müxtəlif təşkilatlara müraciət edib öz etirazını bildirmiş, lakin tədbir görən olmadığından Mediasiya şurasına müraciət etmiş, Cavabdeh nümayəndələri haqsız olduğu üçün mediasiya prosesində iştirak etməmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli aktdan aşkar olur ki, həmin akt iddiaçıya xx.xx.2021-ci ildə təqdim olunmuşdur. Tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan məlum olur ki, akt iddiaçının iştirakı olmadan tərtib olunmuşdur. Beləliklə, Cavabdeh əməkdaşları abonent hesabına əsassız akt tərtib edərək əlavə borc hesablamışdır. Göstərilənlərə əsasən tərtib edilmiş akt əsasında hesablanmış borc silinməlidir. 03 may 2023-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Azəriqaz“ X1 RQİİ-nin Quba xidmət sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan İddiaçı məxsus Quba şəhəri 223-cü atıcı diviziya küçəsində yerləşən restoranda əhaliyə iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. 22 may 2020-ci ilin tarixində növbəti dəfə obyektdəki qaz sayğacının göstəricilərini oxuyarkən ekranının sol tərəfinə müdaxilə edildiyinə görə sayğac xətdən açılaraq laboratoriyaya göndərilmiş, restorana əvəzedici sayğac quraşdırılmışdır. Bu barədə xx.xx.2020-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş, həmin akt sayğacın çıxarılması zamanı iştirak etmiş abonent İddiaçı tərəfindən heç bir irad bildirilmədən imzalanmışdır. Dövlət yoxlamasında “28256912 nömrəli sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izləri var, xətalar normaya uyğundur” rəyi verilməklə sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Buna görə abonent İddiaçı barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilməklə itirilmiş qazın bərpası üçün qaz işlədici cihazların saatlıq qaz sərfiyyatına uyğun 6480 m3 və ya 1296 manat ziyan hesablanaraq abonentin koduna işlənilmişdir. Akt istehlakçının nümayəndəsi Abdulla Abdullayevin iştirakı ilə tərtib edilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Abonent İddiaçı restoranın qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi üçün keçən qazın qeydə alınmaması səbəbindən abonentin hesabına itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan məbləği işlənilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Abonent İddiaçı obyektində hər hansı yoxlama aparılmamış, restorandan kənarda yerləşən sayğac əvəz edilərək növbəti oxunuş zamanı xətdən açılaraq laboratoriyaya göndərilmiş, sayğac laboratoriyada yoxlanıldıqdan sonra rəyə əsasən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilmişdir. Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır. İddiaçı iddiasının əsası kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba rayon Qaz istismarı sahəsinin xx.xx.2021-ci il tarixli ******* saylı aktı mübahisələndirilir. Həmin akt Metrologiya Departamenti tərəfindən abonentin qaz xəttinin üzərində quraşdırılmış ELESTR tipli G-6 markalı, 28256912 №- li qaz sayğacının laboratoriyada yoxlanılmasının nəticələrinə görə verilmiş rəy əsasında tərtib olunan aktdır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Yuxarıda göstərilənlərə görə iddiaçı abonent İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” 10 iyul 2020-ci il tarixli MS-29/1640-01266-39 nömrəli aktdan görünür ki, X2 İstismarı İdarəsindən dövlət yoxlamasına gətirilmiş G6 markalı mexanika tipli qaz sayğacına 10 iyul 2020-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi kimi “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında cızıq izləri var, xətalar normaya uyğundur” qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli aktda qeyd olunur ki, İddiaçı məxsus Quba şəhərində yerləşən restorana baxış keçirilən zaman “sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, xətalar normaya uyğun deyil” kimi nöqsan aşkar olunmuşdur. İş materiallarında olan 20 oktyabr 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış, G6 markalı qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2021-ci ilin oktyabr ayında akt əsasında İddiaçı məxsus abonent hesabına 1296 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus G6 markalı mexanika tipli qaz sayğacı dövlət yoxlamasına aparılmış, sayğaca 10 iyul 2020-ci il tarixdə baxış keçirilmiş və yoxlamanın nəticəsində “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında cızıq izləri var” kimi nöqsanlar aşkar olunaraq 10 iyul 2020-ci il tarixli MS-29/1640-01266-39 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyanın hesablanması qərara alınmaqla 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 1296 (min iki yüz doxsan altı) manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Lakin İddiaçı məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyektinə (restorana) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında 1296 manat məbləğində borc hesablansa da, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən həmin akt əsasında hesablanmış 1280 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Buna görə də, Cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinə həmin akt əsasında hesablanmış 1280 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1280 (min iki yüz səksən) manat məbləğində borc silinməlidir. Bundan başqa Cavabdehndən dövlət nəfinə 32,8 (otuz iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba şəhərində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1280 (min iki yüz səksən) manat məbləğində borc silinsin. Cavabdehndən dövlət nəfinə 32,8 (otuz iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar