Məhkəmə qərarları › İş №e-2-2(119)-507/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-507/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-507/2025 24.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8 və X5 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8 və X5 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 25 noyabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 2051,51 (iki min əlli bir manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 527,33 (beş yüz iyirmi yeddi manat, otuz üç qəpik) manat məbləğində faiz borcu və 225,3 (iki yüz iyirmi beş manat, otuz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2804,14 (iki min səkkiz yüz dörd manat, on dörd qəpik) manat məbləğində pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 48,05 (qırx səkkiz manat, beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 27 may 2022ci il tarixli 011L**********19 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 25 noyabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. 25 noyabr 2022-ci il tarixli 011S**********01 nömrəli qoşulma barədə sazişlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh X9 zamin qismində bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən alınmış arayış əsasında zamin Samir İsrafilovun vəfat etməsi, müvafiq vəkil sorğularına verilən cavab məktublarından isə Samir İsrafilovun adına vərəsəlik işinin açıldığı və 26 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh1, X3 və X6 X1 onun vərəsələri olması məlum olmuşdur. Bununla əlaqədar Cavabdeh2 və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşımış zaminlərin vərəsələri - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh1 (o cümlədən cavabdehlər X11 və X3 qanuni nümayəndəsi qismində Cavabdeh1) ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə ərinin zamin olduğunu, əri vəfat etdiyinə görə onun şəxsən hər hansı öhdəliyinin mövcud olmadığını bildirsə də, Cavabdeh1 zaminin vərəsəsi qismində tam həcmdə öhdəlik daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsində zaminlik öhdəliyinə xitam verilməsinin əsasları sırasında zaminin vəfat etməsi öz əksini tapmamışdır. Yəni zaminin ölməsi zaminlik öhdəliyinin xitamına səbəb olmur. Həmçinin zaminlik və kredit öhdəlikləri şəxsi xarakter daşıyan öhdəliklər deyildir. Bu səbəbdən zaminin vərəsələri də cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11 aprel 2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, borclunu tanımır. X17 kredit üzrə zamin olarkən ona bu barədə məlumat verməmişdir. Əri vəfat etdikdən sonra iddaçı tərəfindən ona məktub göndərildikdə ərinin zamin olduğunu öyrənmişdir. Borc məbləğini ödəmək üçün maddi imkanı aşağıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materillarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh2 və zamin qismində X10 arasında bağlanmış 27 may 2022-ci il tarixli 011L**********19 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, həmin cavabdehə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə, kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə sazişi imzalamaq hüququna malikdir. Həmin müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank məbləği 2500 manat olan krediti illik 24 faiz dərəcəsi ilə 18 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 27 may 2022-ci il tarixli 011L**********19 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 27 may 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli OUT-2024/10/25-39 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 25 noyabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddiaçıya 25 oktyabr 2024-cü il tarixə 2051,51 manat məbləğində əsas bоrcu, 527,33 manat məbləğində faiz borcu və 225,3 manat məbləğində cərimə оlmaqla, cəmi 2804,14 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı QSC ilə X9 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli 011S**********01 nömrəli qoşulma barədə sazişin 1-ci bəndinə əsasən, zamin (Samir İsrafilov) kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (27 may 2022-ci il tarixli 011L**********19 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 26 aprel 2023-cü il tarixində vəfat etmiş və onun vərəsələri xx xxxx 1984-cü il təvəllüdlü Cavabdeh1, 04 iyul 2009-cu il təvəllüdlü X11 və 09 iyun 2007-ci təvəllüdlü X7r. Şəhadətnamə verilən miras əmlak DYMX Quba rayon X12 hissəsi tərəfindən 10 avqust 2023-cü il tarixli 3-18-257/2-339/23 nömrəli məktuba əsasən, 26 aprel 2023-cü il tarixində vəfat etmiş X1 dəfn xərclər üçün 2428 manat Fövqəladə Hallar Nazirliyi X12 Xidməti tərəfindən ayrılan pul vəsaitindən ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 477-ci maddəsinə əsasən, zaminliyə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1), əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2), kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3) və zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda (477.0.4) xitam verilir. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit razılaşması adlandırılır. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 27 may 2022-ci il tarixli 011L**********19 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 25 noyabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, qoşulma barədə sazişin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Samir İsrafilovun da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmış, o vəfat etdiyinə görə onun qanun üzrə vərəsələri hazırkı iş üzrə digər cavabdehlər: Cavabdeh1 (o cümlədən cavabdehlər X11 və X3 qanuni nümayəndəsi qismində Cavabdeh1) cavabdehlər qismində işə cəlb edilmişdirlər. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddiaçıdan kredit götürmədiyini, kredit götürən şəxsi tanımadığını, həmin şəxsin vəfat etmiş həyat yoldaşı ilə hansı əlaqələrinin olmasından məlumatsız olduğunu, iddiaçının ona vəfat etmiş ərinin zamin olması barədə vaxtında məlumat verməli olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, zaminlik öhdəliklərin icrasının təmini üsullarından biri olub müqavilə əsasında yaranır və zaminin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsində ifadə olunur (Mülki Məcəllənin 460cı, 470-ci və 471-ci maddələri). İş materiallarında olan iddiaçı ilə X9 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli qoşulma barədə sazişdən görünür ki, Samir İsrafilov kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə (27 may 2022-ci il tarixli 011L**********19 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə) qoşulmuş və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İstər zaminliyə xitam verilməsinin əsaslarının sadalandığı Mülki Məcəllənin 477-ci maddəsində, istər iddiaçı ilə mərhum Samir İsrafilovun arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli qoşulma barədə Sazişdə və bu sazişlə qoşulduğu 27 may 2022-ci il tarixli uzunmüddətli kredit və təminat müqaviləsində zaminin vəfat etməsi onun öhdəliklərinə xitam verilməsinə səbəb olan əsas kimi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 25 noyabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdehlərdən müştərək qaydada 2051,51 manat məbləğində əsas borcun və 527,33 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda Mülki Məcəllənin 475.1-ci maddəsinin müddəalarına əsaslanaraq qeyd edir ki, öhdəliyi icra etmiş zaminə (hazırkı iş üzrə zaminin vərəsələrinə) kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Yəni zaminin vərəsələri kreditorun tələbini tam və ya qismən ödədiyi təqdirdə, borcludan kreditora ödədiyi məbləği, həmçinin ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkmiş olduğu digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İddia tələbinin 25 noyabr 2022-ci il tarixli kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 225,3 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin həmin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin yuxarıda istinad edilən 4.9cu bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla nəzərə alınmaqla, iddia tələbinin cavabdehlərdən müştərək qaydada 225,3 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 103 manat məbləğində cərimə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 48,05 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 26 noyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 48,05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 46,81 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2051,51 manat məbləğində borc, 527,33 manat məbləğində faiz borcu, 103 manat məbləğində cərimə və 46,81 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2728,65 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, X4 (qanuni nümayəndə qismində Cavabdeh1) və X2 (qanuni nümayəndə qismində Cavabdeh1) müştərək qaydada 2051,51 (iki min əlli bir manat, əlli bir qəpik) manat məbləğində əsas borc, 527,33 (beş yüz iyirmi yeddi manat, otuz üç qəpik) manat məbləğində faiz borcu, 103 (yüz üç) manat məbləğində cərimə və 46,81 (qırx altı manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2728,65 (iki min yeddi yüz iyirmi səkkiz manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar