Məhkəmə qərarları › İş №e-2-2(119)-51/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-51/2021

10.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-51/2021 10.02.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “Avto-Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş 250 manat zərərin və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Bakı-Quba yolunun 9cu km-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" ASC tərəfindən sığortalanmış “xxxx” MMC-yə məxsus, Cavabdeh MMC-nin istifadəsində olan “Hyundai County” markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobil “Daewoo Gentra” markalı **-VT-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə, “Daewoo Gentra” markalı **-VT-*** dövlət nömrə nişanlı avtomobilə 250 manat məbləğində maddi zərər dəymişdir. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən qeyd olunan hadisə ilə bağlı təqdim edilən sənədlər toplusunda “Hyundai County” markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” MMC qeyd edilsə də, Cavabdeh MMC-nin həmin avtomobilə hansı hüquqi əsasla sahiblik etdiyini təsdiqləyən sənəd əlavə edilməmiş və nəticədə, "xxxx" ASC tərəfindən xx.xx.2020- ci il tarixli 4xx-xx/2020 saylı və xx.xx.2020-ci il tarixli 863-08/20H saylı məktublarla Cavabdeh MMC-nin “Hyundai County” markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobil üzərində sahiblik hüququnu təsdiqləyən sənədlərin (icarə müqaviləsi və etibarnamə) "xxxx" ASC-yə təqdim edilməsi üçün müraciət edilsə də, bu günə qədər Cavabdeh MMC tərəfindən sahiblik hüququnu təsdiqləyən heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Mirzəyeva iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan PME********** nömrəli İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 1 (bir) il müddətinə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Hyundai County” markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobilin sığortalanması üçün 240 manat sığorta haqqı ödənilmişdir. İAS200390 nömrəli sığorta ödənişi aktından görünür ki, nəqliyyat vasitəsinə 250 manat məbləğində dəyən zərər X2 ödənilmişdir. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Həmin Qununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdeh “Avto-Trans” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 250 manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2 maddəsini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Avto-Trans” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 250 (iki yüz əlli) manat və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 270 (iki yüz yetmiş) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar