Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-510/2020 05.10.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Tağıyev Xəqani Qəhrəman oğlunun sədrliyi, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçının nümayəndəsi Nurullayev Rövşən Azad oğlunun, Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin nümayəndəsi və vəkili Məmmədov Mahir İsmayıl oğlunun iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi vergilər baş idarəsinin cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi vergilər baş idarəsi "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə VM-nin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin cavabdeh yaranmış borc məbləğini büdcəyə ödəməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019 tarixə yaranan 304.832,18 manat borcuna görə 200.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019 tarixli **********5 №-li protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2019 tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2019 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 199.823,45 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdehin xx.xx.2019 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 199.823,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində göstərilən 199.823,45 manat məbləğində öhdəliyin məcburi dövlət sosial sığorta borcu olduğunu bildirmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 49.657,53 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün cavabdehin 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nurullayev Rövşən Azad oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək məcburi dövlət sosial sığorta borcuna görə vergi orqanının əmlakı siyahıya almaq səlahiyyəti olmadığını bildirdi. Eyni zamanda, qeyd etdi ki, hazırda borc 49.657,53 manat olduğu təqdirdə cavabdehin 200.000 manat məbləğində əmlakının satışa çıxarılması düzgün deyil. Sonda o, iddia tələbinin təmin olunmasına etiraz etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. “Vergi borcunun ödənilməsinə dair” xx.xx.2019-cu il tarixli, **********6 nömrəli bildirişdən görünür ki, ümumilikdə 304.711,18 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********5 nömrəli qərardan görünür ki, vergi borcuna görə cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin əmlakının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2019-cu il tarixli, **********5 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 200.000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixə "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin cəmi ödənməli borcu 197.020,18 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.6-cı maddəsinə əsasən, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, 49.657,53 manat məbləğində sosial sığorta haqqı borcunun ödənilməsini təmin edilməsi məqsədi ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin 200.000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalıdır. Məhkəmə cavabdehin sosial sığorta haqqı borcunun 49.657,53 manat məbləğində olduğu halda onun 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasının məqsədəuyğunluğu ilə bağlı qeyd edir ki, siyahıya alınmış əmlak 1 ədəd olduğu üçün iddianın qismən təmin edilməsi mümkün deyildir. Ona görə, siyahıya alınmış əmlakın dəyəri mövcud borcun məbləğindən xeyli çox olsa da, iddia tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 284-5 və 284-6-cı maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi vergilər baş idarəsinin cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin 49.657,53 manat məbləğində sosial sığorta haqqı borcunun ödənilməsini təmin edilməsi üçün “vergi ödəyicisinin əmlakının siyahıya alınması” haqqında xx.xx.2020-ci il tarixli protokola əlavədə göstərilmiş 200.000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №e-2-2(119)-510/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-510/2020
05.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver