Məhkəmə qərarları › İş №e-2-2(119)-512/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-512/2020

10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-512/2020 10.12.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 oğlundan İddiaçı MMC-nin xeyrinə ödənilən anda manatla məzənnə üzrə 19400 (on doqquz min dörd yüz) ABŞ dolları məbləğində borcun, öhdəliyini icra etməməsi nəticəsində iddiaçının əldə edəcəyi və məhrum olduğu 5000 manat gəlir pulunun, uzunmüddətli fəaliyyət üçün müştərilərini itirməsi nəticəsində daha 5000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC-nin əvvəlki direktoru X6 ilə cavabdeh - sahibkarlıq fəaliyyəti həyata keçirən və qanunla müəyyən olunmuş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs X4 ilə ticarət əlaqələri qurulmuş və bu səbəbdən onların arasında yaxşı münasibətlər olmuşdur. 2019-cu ilin mart ayının əvvəllərində cavabdeh X4 İddiaçı MMC-nin direktoru X5 yeni kəsilmiş iri buynuzlu mal-qaranın içalat hissəsinə aid olan “qat-qat” adlı məhsulun tədarükü və satışı ilə məşğul olduğunu bildirib, müştəri tapmaqda kömək etməsini xahiş etmişdir. X6 öz tanışlarının 10000 kiloqram çəkidə “qat-qat” almaq istədiklərini bildiyi üçün cavabdeh Yaşar Quliyevə həmin çəkidə mal alacağını bildirmiş və buna görə də, alıcı İddiaçı MMC ilə satıcı X4 arasında xx xxxx 2019-cu il tarixli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin şərtlərinə görə fərdi sahibkarlıqla məşğul olan satıcı X4 1 kiloqramının dəyəri 4 ABŞ dolları olmaqla, cəmi 10000 kiloqram çəkidə malı alıcı İddiaçı MMC-nin mülkiyyətinə verməyi, alıcı İddiaçı MMC isə həmin məhsulu qəbul edib, əvəzini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin icrası ilə əlaqədar 2019-cu ilin mart ayının 09-dan 27-nə kimi olan müddət ərzində İddiaçı MMC tərəfindən bir neçə dəfəyə cavabdeh Yaşar Quliyevə cəmi 19400 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Bunun müqabilində isə cavabdeh Yaşar Quliyev 4850 kiloqram çəkidə “qat-qat” tədarük edərək, alıcı İddiaçı MMC-nin əməkdaşlarının iştirakı ilə Binəqədi qəsəbəsində yerləşən icarəyə götürdüyü anbara yığıb, bir həftə ərzində də qalan 5150 kiloqram malı tədarük etdikdən sonra dəyərinin tam ödənilərək daşınması üçün İddiaçı MMC-yə məlumat verəcəyini bildirmişdir. Lakin, həmin müddət ərzində cavabdehdən heç bir məlumat alınmadığından, X6 özü Binəqədi qəsəbəsinə getmiş və bu zaman o, qalan malın tədarük edilməməsi ilə yanaşı, cavabdeh Yaşar Quliyevin anbara yığılmış malı da özbaşına götürüb başqa şəxslərə satdığını və gizləndiyini öyrənmişdir. Bundan sonra İddiaçı MMC-nin direktoru X6 cavabdeh Yaşar Quliyevə dəfələrlə mobil telefon vasitəsi ilə zəng edərək, öhdəliyini icra etməsini və ya pulu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirib öhdəliyi icra etməkdən və aldığı pulu ödəməkdən imtina etmişdir. X7 öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya əldə edəcəyi 5000 manat gəlirindən məhrum olmaqla və işgüzar nüfuzunun zədələnməsi ilə əlaqədar uzunmüddətli fəaliyyət üçün İddiaçı MMC ilə müqavilə bağlamaq istəyən müştərilərini itirməsi nəticəsində daha 5000 manat məbləğində ziyan vurulmuşdur. Beləliklə də, X4 xx xxxx 2019-cu il tarixli Alqı-satqı Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı tərəf bir neçə dəfəyə ödəmiş olduğu cəmi 19400 ABŞ dolları məbləğində pulun qaytarılması üçün cavabdeh tərəfə müraciət etmiş olsa da, həmin pulu ala bilməmiş və buna görə də, cavabdeh X8 oğlundan İddiaçı MMC-nin xeyrinə ödənilən anda manatla məzənnə üzrə 19400 ABŞ dolları məbləğində borcun və öhdəliyini icra etməməsi nəticəsində iddiaçının əldə edəcəyi və məhrum olduğu 5000 manat gəlir pulunun və uzunmüddətli fəaliyyət üçün müştərilərini itirməsi nəticəsində daha 5000 manat pulun tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Lakin, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdeh X8 oğlu tərəfindən İddiaçı MMC-yə Bank vasitəsi ilə 4200 ABŞ dolları məbləğdə ödəniş edilmiş olduğundan, hal-hazırda cavabdehin iddiaçıya cəmi 15200 ABŞ dolları məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Ona görə də, 15200 ABŞ dolları məbləğində əsas borcun, öhdəliyini icra etməməsi nəticəsində iddiaçının əldə edəcəyi və məhrum olduğu 5000 manat gəlir pulunun, uzunmüddətli fəaliyyət üçün müştərilərini itirməsi nəticəsində daha 5000 manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X8 oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş İddiaçı əməkdaşları X9, Seyediman Khatavakhotan və Alı Asgari ifadələrində 2019-cu ilin mart ayının əvvəllərində “iri buynuzlu mal-qaranın içalat hissəsinə aid olan “qat-qat” adlı məhsulun tədarükü və satışı” üçün satıcı X4 ilə alıcı İddiaçı arasında müqavilə bağlandığını, həmin Müqaviləyə görə alıcı İddiaçı tərəfindən satıcı X3 pul ödənilsə də, sonuncu tərəfindən müqavilədə nəzərdə tutulan məhsulun alıcı İddiaçınə verilmədiyini və buna görə də, müqavilə üzrə ödənilmiş pulun qaytarılması ilə əlaqədar tərəflər arasında mübahisə yarandığını təsdiq etmişlər. İş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan X4 (VÖEN: **********) - “Satıcı”, qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - “Alıcı” olmaqla 2 (iki) ay müddətinə bağlanmış xx xxxx 2019-cu il tarixli M006 nömrəli Alqısatqı Müqaviləsinə əsasən “Satıcı” 1 (bir) kiloqramı 4 (dörd) ABŞ dolları olmaqla, cəmi 40000 (qırx min) ABŞ dolları məbləğində 10000 kiloqram çəkidə yeni kəsilmiş iribuynuzlu mal-qaranın içalat hissəsinə aid “qat-qat” məhsulunu tədarük edib, “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) “Satıcı”ya ödəməyi öhdələrinə götürmüşlər. Həmin Müqavilənin icrası ilə əlaqədar 2019-cu ilin mart ayının 09-dan 27-nə kimi hissə-hissə olmaqla alıcı İddiaçı MMC tərəfindən “Satıcı” X3 əvvəlcədən cəmi 19400 (on doqquz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş olsa da, sonuncu Müqavilədə nəzərdə tutulan öhdəliklərini icra etməyərək, Müqavilə üzrə nəzərdə tutulan məhsulu “Alıcı”ya verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli M006 nömrəli Alqı-satqı Müqaviləsinin tələblərinə uyğun olaraq “yeni kəsilmiş iribuynuzlu mal-qaranın içalat hissəsinə aid “qat-qat” məhsulunun” alınması üçün cəmi 19400 (on doqquz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti alıcı “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satıcı X3 ödənilməsinə və həmin Müqavilədə nəzərdə tutulan 2 (iki) aylıq müddətin bitməsinə baxmayaraq, “Satıcı” tərəfindən almış olduğu pul vəsaitinin müqabilində məlum Müqavilədə nəzərdə tutulan “qat-qat” məhsulu “Alıcı”ya satılmamışdır (verilməmişdir). Lakin, xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdehdən tələb olunan 19400 ABŞ dolları məbləğində əsas borcun 4200 ABŞ dolları cavabdeh tərəfindən Bank vasitəsi ilə iddiaçıya ödənildiyinə görə halhazırda cavabdeh X2 İddiaçınə cəmi 15200 ABŞ dolları məbləğində ödənilməmiş əsas borcu qalmışdır. İş materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixli M006 nömrəli Alqı-satqı Müqaviləsi üzrə alınmalı olan məhsulların verilməsi və ya ödənilmiş pulun qaytarılması ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıqlar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə iddia tələbi İddiaçı xeyrinə cavabdeh X1 15200 ABŞ dolları məbləğində əsas borcun tutulmalı olması hissəsində əsaslıdır. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbi qalan hissələrdə, o cümlədən də “öhdəliyini icra etməməsi nəticəsində iddiaçının əldə edəcəyi və məhrum olduğu 5000 manat gəlir pulunun və uzunmüddətli fəaliyyət üçün müştərilərini itirməsi nəticəsində daha 5000 manat pulun tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdeh X1 (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 15200 (on beş min iki yüz) ABŞ dolları məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə isə əsaslılığı sübuta yetmədiyinə görə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 15200 (on beş min iki yüz) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar