Məhkəmə qərarları › İş №e-2-2(119)-535/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-535/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-535/2021 28.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeḣnə qarşı pul tələbinə dair idda ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Fərdi Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat dörd qəpik) manat, hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manatın cavabdehdən tutaraq iddiaçıya ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı ilə "xxxx" Fərdi Şirkəti arasında 10.09.2018-ci il tarixli, 16 nömrəli müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyəverən İddiaçı müqavilə bağlandığı andan dəmir dirəklərinin icarəsini həyata keçirmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən malları icarəçinin sahibliyinə və istifadəsinə verdikdən sonra icarəçi razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. "xxxx" Fərdi Şirkəti tərəfindən 19979,4 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan son tarix 2020-ci ilin iyun ayının son gününü götürsək və 19979,4 manatın ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 300 manat hüquqi yardıma görə və 31 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəyərək xərc çəkmişdir. İddia ərizəsində Mülki Məcəllənin 21, 385, 386, 389, 390, 399, 442, və 445-ci maddələrinə istinad edilməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxırılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh arasında bağlanmış 10.09.2018-ci il tarixli, 16 nömrəli avadanlıqların icarə müqaviləsinə əsasən icarəyəverən müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini tikinti, təmir bərpa işləri məqsədi ilə icarəsinin sahibliyinə və istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqadarı müqaviləyə əlavədə göstərilir. Hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhvil-təslim aktında və ya başqa, ona bərabər olan, sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır. Həmin müqavilənin tərəflərin hüquqları və öhdəlikləri adlanan 5-ci bəndinin şərtlərinə əsasən icarə haqqının ödənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququ (5.2.1), icarə haqqını müqavilə ilə müəyyən edilən məbləğdə və şərtlərdə ödəmək isə icarəçinin öhdəliyidir (5.3.2). İş materiallarında olan 10.09.2018-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna (10.09.2018-ci il tarixli 16 nömrəli müqaviləyə 1 saylı əlavə) əsasən “İcarəyəverən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında razılaşdırılmış 3000 ədəd ayaqaltı iskələ sisteminin ümumi icarə məbləği 21000 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh Şirkəti tərəfindən F.Əmircanov və baş mühasib C.Əlizadə tərəfindən imzalanmış və möhürlərlə təsdiq edilmiş 26.02.2020-ci il tarixli “İddiaçı ilə Cavabdeh Fərdi Şirkətinin arasında 28.08.2019-cu il tarixində olan borcların” üzləşdirmə aktına əsasən 16.02.2020-ci il tarixinə müqaviləyə əsasən layihədə olan ayaqaltı iskələ və dirək sistemlərin cəmi 19979.4 manat təşkil edir. Həmin akta əlavə edilmiş 1 nömrəli əlavəyə əsasən malların ümumi dəyərinin 199979.4 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd edilən sübutlardan görünür ki, cavabdeh "xxxx" Şirkəti tərəfindən 10.09.2018-ci il tarixli, 16 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, yəni icarə haqqını müqavilə ilə müəyyən edilən məbləğdə və şərtlərdə iddiaçıya ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh "xxxx" Şirkətindən 19979,04 (on doqquz min doqquz yüz yetmiş doqquz manat, 04 qəpik) manat pul tutulmasına dair hissədə iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat pulun da cavabdehdən tutulmasını tələb etsə də, qeyd edilən tələbə dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia tələbi hüquqi yardıma görə 300 (üç yüz) manat tələbinə dair hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Şirkətindən 19979,04 (on doqquz min doqquz yüz yetmiş doqquz manat, 04 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar