Məhkəmə qərarları › İş №e-2-2(119)-535/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-535/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-535/2025 02.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 8971,98 (səkkiz min doqquz yetmiş bir manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 1346,85 (min üç yüz qırx altı manat, səksən beş qəpik) manat məbləğində faiz borcu, 11,84 (on bir manat, səksən dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 10330,67 (on min üç yüz otuz manat, altmış yeddi qəpik) manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 120,99 (yüz iyirmi manat, doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 noyabr 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. 17 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 iddiaçıdan illik 23% olmaqla 30 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. 17 noyabr 2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq həmin tarixdə Cavabdeh2la zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü ilin 14 noyabr tarixinə Cavabdeh1 iddiaçıya 17 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 8971,98 manat məbləğində əsas, 1346,85 manat məbləğində faiz, 47,35 manat məbləğində cərimə olmaqla, cəmi 10366,18 manat məbləğində borcu vardır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 01 may 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxışı iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, əsas borclu Cavabdeh1 onun əsgər yoldaşı olmuşdur. Onun götürdüyü kreditdən hər hansı vəsait əldə etməmişdir. Hazırda işsizdir və həmin borcu ödəməyə maddi imkanı yoxdur. Cavabdeh1 kredit müqaviləsi üzrə borcu ödəməkdən yayındıqdan sonra onunla əlaqə yaratmaq mümkün olmamışdır. Cavabdeh1 01 aprel 2025-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun müraciəti nəzərə alınaraq məhkəmənin 02 aprel 2025-ci il tarixdə keçirilmiş hazırlıq iclası növbəti tarixə - 17 aprel 2025-ci il tarixə təxirə salınsa da, cavabdeh yenidən həmin iclasda iştirak etməmişdir. Cavabdeh1 cari tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, yenidən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 noyabr 2023-cü il 28-MCR-1-922-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, həmin cavabdehə 120 ay müddətinə 20000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 17 noyabr 2023-cü il 28-MCR-1-922-23/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 dövriyə vəsaitlərinin artırılması məqsədilə aylıq 1,92 % dərəcəsi ilə 30 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 17 may 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 17 noyabr 2023-cü il il tariхli Z/19209/23 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, zaminlik müqaviləsinə əsasən zamin, 1.2-ci bənddə göstərilən müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Həmin zaminlik mmüqaviləsinin 1.2-ci bəndinə əsasən, bu zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh1 ilə bank arasında 17 noyabr 2023 tarixli 28- MCR-1-922-23 nömrəli müqavilədən irəli gələn bütün pul tələbləridir. İş materiallarında olan 14 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 8971,98 manat məbləğində əsas, 1346,85 manat məbləğində faiz borcu vardır və 47,35 manat məbləğində cərimə hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən, kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 17 noyabr 2023cü il 28-MCR-1-922-23/1 nömrəli kredit verilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə ilə iddiaçı tərəfindən Cavabdeh1 aylıq 1,92 % dərəcəsi ilə 30 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh1 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh2 da iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 noyabr 2023-cü il kredit verilməsinə dair müqaviləyə əsasən, cavabdehlərdən müştərək qaydada 8971,98 manat məbləğində əsas bоrc və 1346,85 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən 11,84 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 17 noyabr 2023-cü il kredit verilməsinə dair müqavilədə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya cərimə məbləği ödəməli olması nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin müqavilənin, o cümlədən 17 noyabr 2023-cü il 28-MCR-1-922-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin 4.1-ci bəndinə əsasən, bu müqavilələrin ayrılmaz tərkib hissəsi hesab olunan bankın rəsmi internet səhifəsində yerləşdirilmiş Bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusunda cərimə barədə ümumi müddəalar təsbit edilsə də, hesablanmalı olan cərimənin miqdarı və hansı qaydada hesablanmalı olması qeyd edilməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış kredit müqaviləsinin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin 120,99 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 28 yanvar 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 120,99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 120,95 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 8971,98 manat məbləğində əsas bоrc, 1346,85 manat məbləğində faiz borcu və 120,95 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10439,78 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8971,98 (səkkiz min doqquz yüz yetmiş bir manat, doxsan səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1346,85 (min üç yüz qırx altı manat, səksən beş qəpik) manat məbləğində faiz borcu və 120,95 (yüz iyirmi manat, doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10439,78 (on min dörd yüz otuz doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar