Məhkəmə qərarları › İş №e-2-2(119)-537/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-537/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-537/2023 31.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü haqqında məsələyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)-537/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)-537/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və iddia tələbinə kommersiya məhkəməsində baxılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli e-2-2(119)- 537/2023 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)-537/2023 nömrəli qərardadından şikayəti təmin edilməmiş və həmin qərardad qüvvəsində saxlanılaraq Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)-537/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11 iyul 2023cü il tarixli e-2-2(102)-431/2023 nömrəli qərarı ilə iddiaçının şikayəti qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 18 aprel 2023-cü il tarixli e-2-2(119)-537/2023 nömrəli qərardadı ləğv edilmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iş məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11 iyul 2023-cü il tarixli e-2-2(102)-431/2023 nömrəli qərarı nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə tərəflərin iştirakı ilə baxılması üçün 31 iyul 2023-cü il tarixə məhkəmə iclası təyin edilmişdir. Həmin məhkəmə iclasına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh3 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasında iddia ərizəsinin mümkünlüyünə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, kredit götürən Cavabdeh3 VÖEN-i olduğundan və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialının Kredit Komitəsinin 425 nömrəli protokolunda kreditin növü kimi “MKOS krediti” yazıldığından bank iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etmişdir. O, kreditin təyinatının şəxsi istehlak məqsədi olduğunu vurğulamışdır. Eyni zamanda kredit müqaviləsinin 1.2-ci bəndində “sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi” ifadəsinin Cavabdeh3 VÖEN-i olduğu üçün yazıldığını, “şəxsi istehlak məqsədilə” ifadəsinin kredit şəxsi istehlak məqsədi ilə götürüldüyü üçün yazıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında yaşamaq üçün tikdiyi evin dam örtüyünü düzəltməyə görə kredit götürmək məqsədilə 18 avqust 2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etdiyini, ərizədə krediti şəxsi istehlak məqsədilə istədiyini yazdığını, lakin bankın əməkdaşları tərəfindən ona kredit götürmək üçün vergi ödəyicisi kimi qeydiyyata alınmalı olduğunun deyildiyini, bu səbəbdən VÖEN aldığını bildirmişdir. O, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, krediti şəxsi istehlak məqsədilə götürdüyünü vurğulamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılması mümkün olmadığına görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə işlərin kommersiya məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisələr olmalıdır. Lakin hazırkı iddia ərizəsinə əlavə edilmiş və “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinin əsaslandırıldığı 24 avqust 2021-ci il tarixli 1542/F-21 nömrəli kredit müqaviləsində kreditin borcalana “sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi-şəxsi istehlak məqsədi ilə” verilməsi qeyd edilsə də, Cavabdeh3 kredit almaq üçün banka ünvanladığı 18 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, o, bankdan ona şəxsi istehlak məqsədi üçün kredit verilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialının Kredit Komitəsinin 425 nömrəli protokolunda kreditin təyinatı “şəxsi istehlak məqsədi üçün” göstərilmişdir. Bununla yanaşı məhkəmə iclasında iştirak edən Cavabdeh3 sözügedən krediti şəxsi istehlak məqsədi ilə- evin dam örtüyünü düzəltmək üçün götürdüyünü, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə da kreditin təyinatının şəxsi istehlak məqsədi olduğunu qeyd etmişdir. Göründüyü kimi, hazırkı iddia ərizəsi ilə cavabdehlərdən tələb edilən borc məbləği Cavabdeh3 (borc alana) sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilmiş kreditlə əlaqədar deyil, ev tikintisi üçün verilmiş kreditlə əlaqədar yaranmış borcdur. Yəni, cavabdehlərdən hazırkı iddia ərizəsi ilə tələb olunan kredit borcu – “fərdi sahibkar statusuna malik olan fiziki şəxs” olsa belə, borc alan Cavabdeh3 sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki-Prosessual Məcəllənin 1-ci maddəsinin Qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən - işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsində 24 avqust 2021-ci il tarixli 1542/F-21 nömrəli kredit müqaviləsi ilə əlaqədar verilən “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” barədə tələb məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında Sumqayıt Kommersiya Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında müvafiq ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti, şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti, şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; şikayətə əlavə edilən sənədlərin siyahısı. Qeyd edilən Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar