Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-538/2022 28.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 21 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə kimi "xxxx" MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 7165,01 (yeddi min yüz altmış beş manat 01 qəpik) manat məbləğində xidmət haqqı borcunun və 100 (yüz) manat məbləğində ödənilmiş mediasiya haqqının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC tərəfindən cavabdeh "xxxx" MMC-yə 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə kimi stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə müvafiq qaydada nəzərdə tutulan yığımlar hesablanmışdır. Belə ki, "xxxx" QSC-nin (ADY) Xırdalan stansiyasında göstərilmiş xidmətlərə (“yüklərin qorunub saxlanılması”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “yüklərin mühafizəsi”, ADY-yə məxsus vaqonun (konteynerin) istifadəsi və s.) görə "xxxx" MMC-yə hesablanmış xidmət haqqı yığımlarının 7165,01 (yeddi min yüz altmış beş manat 01 qəpik) manat hissəsi ödənilməmişdir. Həmin borc ödənilmədiyi üçün cavabdeh "xxxx" MMC-yə 09 aprel 2021-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziyadan sonra da həmin tələb icra edilməmişdir. Ona görə də, iddiaçı "xxxx" QSC pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.2.29-cu yarımbəndinə əsasən, Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsidir. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamış və stansiya xidmətlərinə görə 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə kimi hesablanmış cəmi 7165,01 (yeddi min yüz altmış beş manat 01 qəpik) manat məbləğində xidmət haqqı borcu cavabdeh tərəfindən ödənməmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin əsassız olması və iddia müddətinin tətbiq olunması” barədə ərizə təqdim edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Ərizə” - tələb olunan 7165,01 manat məbləğində xidmət haqqının əsassız hesablandığı üçün ödənilməməsi və eyni zamanda, həmin tələb üzrə müqavilə öhdəliklərinə görə nəzərdə tutulan “3 illik” iddia müddətinin ötürülməsi ilə əsaslandırılmışdır. İş üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə kimi göstərilən stansiya xidmətlərinə görə yaranmış 7165,01 manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – dəmiryolu daşımalarında stansiya xidmətləri göstərən "xxxx" QSC tərəfindən 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə olan müddət ərzində həmin xidmətlərin göstərilməsi ilə əlaqədar tərtib edilmiş Yığım vərəqələri üzrə mövcud tariflər əsasında hesablanan xidmət haqlarının kəsirlə ödənilməsi və buna görə də, həmin dövrə görə hesablanmış xidmət haqlarının ümumilikdə 7165,01 manat hissəsinin ödənilməsindən imtina olunması ilə əsaslandırdı. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iş materialları ilə müəyyən olunur ki, dəmiryolu vasitəsi ilə daşımalarla əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında stansiya xidmətlərinin göstərilməsi ilə əlaqədar bağlanmış hər hansı bir müqavilə məhkəməyə təqdim olunmasa da, bu sahəni nizamlayan mövcud nörmativ xarakterli aktların tələblərinə uyğun olaraq dəmiryolu daşımaları ilə əlaqədar “yüklərin qorunub saxlanılması”, “vaqonların dalan yoluna verilib-götürülməsi”, “dalan yolundan istifadə”, “yüklərin mühafizəsi”, "xxxx" QSC-yə məxsus vaqonun (konteynerin) istifadəsi və s. stansiya xidmətlərinin göstərilməsi ilə əlaqədar müvafiq qaydada Yığım Vərəqələri tərtib olunaraq, həmin Yığım Vərəqələri və onlara aid müvafiq tərtib edilən müvafiq elektronqaimələr həmin xidmətlərdən istifadə edən "xxxx" MMC-yə təqdim olunmuş və sonuncu həmin xidmətlərə görə hesablanan xidmət haqqı məbləğlərinin müəyyən hissələrini ödəmiş olsa da, 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə kimi göstərilən stansiya xidmətlərinə görə hesablanmış xidmət haqqı məbləğinin ümumilikdə 7165,01 manat hissəsini ödəməmişdir (Mübahisənin qeyd olunan konkret halları iş materiallarında olan 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə edən Yığım Vərəqələri, Elektron Qaimələr və digər sənədlərlə təsdiq olunur). İş materiallarında olan, iddiaçı "xxxx" QSC tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 01 yanvar 2017 – 01 fevral 2022-ci illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göstərilmiş stansiya xidmətlərinə görə yığımlardan yaranan debitor borc barədə Maliyyə Arayışında olan məlumatlarla müəyyən olunur ki, icraçı "xxxx" QSC tərəfindən müştəri "xxxx" MMC-yə hər ay üzrə müvafiq qaydada tərtib olunmuş elektron-qaimələr təqdim edilmiş və sonuncu tərəfindən həmin xidmətlər üzrə müştəri "xxxx" MMC-nin 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə kimi göstərilən stansiya xidmətlərinə görə hesablanan xidmət haqqı borcunun ümumilikdə 7165,01 (yeddi min yüz altmış beş manat 01 qəpik) manat hissəsi ödənilməmiş borc kimi qalmışdır. İş materiallarından görünür ki, ödənilməmiş xidmət haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə bu mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı "xxxx" QSC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3-cü bəndinə əsasən, Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir və Cəmiyyət bu məqsədlərə uyğun olaraq - yüklərin, sərnişinlərin, poçtun və baqajın vaxtında və təhlükəsiz dəmir yolları ilə daşınmasının təmin edilməsi, sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi, dəmir yolunda vahid texniki normativlərin və tələblərin tətbiq edilməsi, dalan yollarında xidmət qaydalarının müəyyənləşdirilməsi və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsi, dəmir yolunda mühafizə işinin təşkili, dəmir yolunun müəssisə və onun ayrı-ayrı obyektlərinin yanğın təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, habelə müəyyən olunmuş qaydada qatarların və yüklərin mühafizəsinin təşkil edilməsi, dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi və digər istiqamətlərdə fəaliyyət göstərir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin 24 aprel 2017-ci il terixli 44/2 nömrəli əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən, X3, X1, Beynəlxalq Yükdaşımaları haqqında Sazişi rəhbər tutaraq, dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yük alanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlar tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinin tələblərinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (maddə 14.1) və qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər (maddə 14.2.1) və dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları (maddə 14.2.2) - mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1), zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2) və zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə qədər göstərilmiş stansiya xidmətləri üzrə ümumilkdə hesablanmış xidmət haqlarının cəmi 7165,01 (yeddi min yüz altmış beş manat 01 qəpik) manat hissəsi cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı "xxxx" QSC-yə ödənilməmiş və hazırkı iddia ərizəsində cəmi qalıq borc kimi tutulması xahiş olunan 7165,01 (yeddi min yüz altmış beş manat 01 qəpik) manat məbləğində xidmət haqqının cavabdehdən tutulmalı olması əsaslıdır. Lakin, cavabdeh tərəfin “iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsi” barədə vəsatəti isə, hazırkı mübahisə üzrə iddia müddəti ötürülmədiyinə görə əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə kimi göstərilən stansiya xidmətlərinə görə yaranmış 7165,01 manat məbləğində borc iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eyni zamanda, cavabdeh tərəfin “iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsi” barədə vəsatəti isə əsassız olduğu üçün təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar iddiaçı "xxxx" QSC tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqının əvəzi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 91,65 (doxsan bir manat 65 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 iyul 2017-ci il tarixindən 31 iyul 2018-ci il tarixinə kimi göstərilən stansiya xidmətlərinə görə yaranmış 7165,01 (yeddi min yüz altmış beş manat 01 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 7265,01 (yeddi min iki yüz altmış beş manat 01 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 91,65 (doxsan bir manat 65 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-538/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-538/2022
28.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver