Məhkəmə qərarları › İş №e-2-2(119)-544/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-544/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-544/2025 23.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Firması tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Firması kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3540 (üç min beş yüz qırx) manat məbləğində əsas borc, 531 (beş yüz otuz bir) manat məbləğində cərimə olmaqla, cəmi 4071 (dörd min yetmiş bir) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 10 noyabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı tərəfindən Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin ərazisində, 3-cü ərazi, 47-ci korpus, 100 kv.m. sahəsi olan 14 nömrəli mağaza cavabdehə icarəyə verilmişdir. Cavabdehə göndərilmiş elektron qaimə-fakturalar əsasında iddiaçıya 16638 manat ödənilməli olduğu halda, cəmi 13098 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdehin iddiaçıya olan əsas borcu ƏDV daxil 3540 manat təşkil edir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh 21 fevral 2025-ci il tarixində iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən icarə obyekti olan 14 saylı mağaza cavabdeh tərəfindən tam təmir olunmuş və təmirə çəkilən xərclərin icarə haqqından çıxılacağı ilə bağlı iddiaçı tərəfindən öhdəlik götürülmüşdür. Təmirli və təmirsiz mağazaların icarə haqqları üzrə qiymətlər fərqlidir və cavabdeh mağazanı iddiaçıya təhvil verdikdən sonra iddiaçı tərəfindən daha baha qiymətə icarəyə verilmiş və cavabdehə təmir üçün çəkilmiş xərclər geri ödənilməmişdir. Qeyd olunanlara əsasən, müqavilə tərəflərinin öz aralarında formalaşdırdıqları işgüzar adətlərə və iş təcrübəsinə əsaslanaraq iddia ərizəsində göstərilən borc məbləği cavabdeh tərəfindən qəbul edilmir və ödənilməsindən imtina edilir. Etiraza əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş 14 saylı mağaza tərəflər arasında şifahi razılaşma əsasında təmir olunmuşdur, buna görə də razılaşmaya əsasən təmirə çəkiləcək xərclər icarə haqqlarından çıxıİmalı idi. Cavabdehin iddiaçıya iddia ərizəsində qeyd edilən məbləğdə borcu olsa idi, iddiaçı tərəfindən onun avadanlıqlarının və digər ləvazimatlarının çıxarılmasına şərait yaradılmazdı. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2-2(119)-544/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş vəsatət nəzərə alınaraq e-2-2(119)- 544/2025 nömrəli kommersiya işinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı 07 mart 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdehin 21 fevral 2025-ci il tarixli etirazına münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş yazılı etiraz işin hallarına və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olmadığı üçün tam əsassızdır. Cavabdeh etirazında qeyd etdiyi dəlilləri hansısa sübutla əsaslandıra bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyəverənin icarəyə verdiyi qeyri-yaşayış sahəsinin bütün təmir xərcləri və istifadəyə yararlı hala gətirilməsi xərcləri və aylıq kommunal xərclərinin ödənilməsi sahibkara aiddir. Həmçinin iddiaçı tərəfindən tərtib edilmiş 09 avqust 2023-cü il tarixli akta əsasən, cavabdeh iddiaçıya xəbər vermədən, müqavilə müddəti bitmədən 31 mart 2023-cü il tarixində mağazanı gizlicə boşaldaraq ərazini tərk etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq, işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 14 aprel 2025-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Obyekt icarəyə götürülərkən təmirsiz idi. Cavabdeh obyektdə fəaliyyətə başlamamışdan əvvəl təmiri öz hesabına həyata keçirmiş və təmir üçün çəkilən xərclərin gələcəkdə icarə haqqı məbləğindən çıxılacağı barədə iddiaçı ilə razılığa gəlmişdir. Təmir üçün 5000 manat məbləğində xərc çəkilmişdir və bu icarə haqqı məbləğindən çox olmuşdur. Təqribən 7-8 ay həmin obyekt cavabdeh tərəfindən işlədilmiş, 2023-cü ilin mart ayında fəaliyyətləri dayandırılmışdır. Cavabdehin işlərində durğunluq yarandığına görə obyekt iddiaçıya geri qaytarılmışdır. İddiaçı tərəfindən təqdim edilən elektron qaimə-faktura sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Səhhəti ilə bağlı müalicə aldığı üçün həmin elektron qaimə fakturaya münasibət bildirməmişdir. İcarə obyektində fəaliyyət göstərdiyi müddətdə bütün ödənişlər vaxtlı-vaxtında ödənilsə də, yalnız sonuncu ay ödəniş edilməmişdir. Məhkəmə, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları İş materiallarında olan tərəflər arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli TS- 000826-45 hş-ŞH 2022 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən (İddiaçı Firması) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 100 kv.m. olan mağaza sahəsini 1 il müddətinə sahibkara (Cavabdeh MMC-yə) icarəyə verir, sahibkar isə öz növbəsində icarəyəverənə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəyir. Qiymətə 18% ƏDV daxil deyildir. Ödəniş bank hesabına pul köçürmək qaydasında aparılacaq və qəbzin surəti ödəmə günü ərazinin məsul şəxsinə tələb olunduğu halda təqdim ediləcəkdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, sahibkar icarə haqqını hər ayın ilk beş günü ərzində həmin ay üçün nağdsız qaydada icarəyəverənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, icarəyə verilmiş 3-cü ərazi , 47-ci korpus, 14 nömrəli, 100 kv.m. mağaza sahəsini 1 kv.m. üçün aylıq icarə haqqı 30 manatdan olmaqla, cəmi 3000 manat ödəyir. (+18 % ƏDV) Qeyri yaşayış sahəsi “mağaza” kimi istifadə ediləcəkdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəyəverənin icarəyə verdiyi qeyriyaşayış sahəsinin bütün təmir xərcləri və istifadəyə yararlı hala gətirilməsi xərcləri və aylıq kommunal xərclərinin ödənilməsi sahibkara aiddir. Həmin müqavilənin 2.1-ci bəndinin “b” yarımbəndinə əsasən, icarəyəverən icarə (mühafizə və digər xərclər) haqqının vaxtlı vaxtında ödənilməsini tələb edir. Həmin müqavilənin 2.2-ci bəndinin “f” yarımbəndinə əsasən, sahibkar vaxtlı- vaxtında ehtiyac yarandığı halda icarəyə götürdüyü sahənin kosmetik və cari təmir işlərini həyata keçirir. İcarəyə götürdüyü obyektin kommunal xərclərini öz qazancı hesabına ödəyir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddətdə sahibkar tərəfindən 2 aylıq icarə haqqı ödənilməzsə icarəyəverən icarə haqqlarından yaranan borcun və eyni zamanda icarə haqqının vaxtında ödənilməməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hazırkı müqavilənin qüvvəyə minməsi ilə əlaqədar olaraq tərəflər arasında bağlanılmış bütün müqavilələr, aktlar, protokollar,razılaşmalar, sazişlər öz hüquqi qüvvəsini itirir və etibarsız hesab edilir. Bu hal sahibkarın icarəyəverənə olan borclarına aid deyildir. İş materiallarında olan 11 mart 2023-cü il tarixli EBDB seriyalı 511232 nömrəli elektron qaimə-faktura üzrə cavabdehin 3540 manat məbləğində icarə haqqı borcu hesablanmışdır. İş materiallarında olan iddiaçı tərəfindən möhürlənərək təsdiq edilmiş və onun nümayəndələri tərəfindən imzalanmış 09 avqust 2022-ci il tarixli aktın məzmununda 3-cü ərazi , 47-ci korpus, 14 nömrəli, sahəsi 100 kv.m. olan obyektdə cavabdehin 31 mart 2023-cü il tarixindən fəaliyyət göstərmədiyinin müəyyən edildiyi, Cavabdeh MMC-yə şifahi və ya telefonla məlumat verildiyi və 3 gün ərzində obyektin daxilində olan mal-materialların götürülməsi barədə xəbərdarlıq edildiyi qeyd edilmişdir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı Firmasına 3540 manat məbləğində icarə haqqı borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı Firması ilə Cavabdeh MMC arasında 10 noyabr 2022-ci il tarixli TS-000826-45 hş-ŞH 2022 nömrəli icarə müqaviləsi bağlanmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 100 kv.m. olan mağaza sahəsini cavabdehin icarəsinə vermiş, cavabdeh isə müqavilə öhdəliklərinə tam riayət etməyərək həmin obyektin icarəsi ilə əlaqədar 2023-cü ilin mart ayı üçün nəzərdə tutulan 1 aylıq icarə haqqını iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya 3540 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Cavabdeh iddiaçı ilə aralarında olan icarə haqqının təmir xərcləri ilə əvəzləşdirilməsi barədə şifahi razılaşmaya istinad edərək borc məbləğinə etiraz etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli yazılı icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, icarəyəverənin icarəyə verdiyi qeyri-yaşayış sahəsinin bütün təmir xərcləri və istifadəyə yararlı hala gətirilməsi xərcləri cavabdehə aiddir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hazırkı müqavilənin qüvvəyə minməsi ilə əlaqədar olaraq tərəflər arasında bağlanılmış bütün müqavilələr, aktlar, protokollar, razılaşmalar, sazişlər öz hüquqi qüvvəsini itirir və etibarsız hesab edilir. Göründüyü kimi, tərəflər öz aralarında bağlanmış müqavilə ilə təmir xərclərinin cavabdehə aid olması və həmin müqavilənin imzalanması anından etibarən digər razılaşmaların qüvvəsini itirməsi ilə bağlı razılığa gəlmişdirlər. Həmçinin cavabdehin nümayəndəsi etirazında və məhkəmə iclasındakı izahatında şifahi razılaşmaya istinad etsə də, belə bir razılaşmanın həqiqətən də mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 3540 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə hissəsi təmin edilməli və cavabdehdən 3540 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehdən 531 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddətdə sahibkar (cavabdeh) tərəfindən 2 aylıq icarə haqqı ödənilməzsə icarəyəverən icarə haqqlarından yaranan borcun və eyni zamanda icarə haqqının vaxtında ödənilməməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçı cavabdehdən 1 aylıq icarə haqqı borcunun, yəni 3540 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Müqavilənin yuxarıda istinad edilən bəndində iki aylıq öhdəliyin icra edilməməsi halında dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa, iş materiallarında olan 07 fevral 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 62,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 55,4 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3540 manat məbləğində borc və 55,4 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3595,4 manat məbləğində pul vəsaiti manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 3540 (üç min beş yüz qırx) manat məbləğində borc və 55,4 (əlli beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3595,4 (üç min beş yüz doxsan beş manat, qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Firmasının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar