Məhkəmə qərarları › İş №e-2-2(119)-551/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-551/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-551/2023 06.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Azad qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli BK 737/F-21 nömrəli Kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin Kredit müqaviləsi üzrə kredit alan Cavabdeh1 Banka olan 13095,68 (on üç min doxsan beş manat 68 qəpik) manat məbləğində əsas borc, 1560,49 (min beş yüz altmış manat 49 qəpik) manat məbləğində faiz borcu və 1560,51 (min beş yüz altmış manat 51 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 16216,68 (on altı min iki yüz on altı manat 68 qəpik) manat məbləğində borcunun və ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya rüsumunun cavabdehlər Cavabdeh1 (borc alan), Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (zaminlər) birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli BK № 2737/F-21 saylı Kredit müqaviləsinə əsasən sonuncuya illik 22 % (iyirmi iki) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, "xxxx" ASC, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında 29 dekabr 2021-ci il tarixli 2737/F-21 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borc alan Kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 23 dekabr 2022-ci il tarixinə "xxxx" ASC-yə 13095,68 (on üç min doxsan beş manat 68 qəpik) manat əsas borc, 1560,49 (min beş yüz altmış manat 49 qəpik) manat faiz borcu və 1560,51 (min beş yüz altmış manat 51 qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu - 16216,68 (on altı min iki yüz on altı manat 68 qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, iddiaçı 06 mart 2023-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən, mediasiya vasitəsi ilə də mübahisənin həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli BK №2737/F-21 saylı Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirməli və Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə, ödəniş müddətinin pozulduğu gündən etibarən əlavə əsas borc qalığına illik 22 % olmaqla cərimə faizi ödəyir. 3.1.3-cü bəndə əsasən Borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və (və ya) öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq və verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.6-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar və 2.7-ci bəndə əsasən zaminlər borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin ödənilməsində borcalanla bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 iyun 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli BK 737/F-21 nömrəli Kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin Kredit müqaviləsi üzrə kredit alan Cavabdeh1 Banka olan 13095,68 (on üç min doxsan beş manat 68 qəpik) manat məbləğində əsas borc, 2192,80 (iki min yüz doxsan iki manat 80 qəpik) manat məbləğində faiz borcu və 1560,51 (min beş yüz altmış manat 51 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 16848,99 (on altı min səkkiz yüz qırx səkkiz manat 99 qəpik) manat məbləğində borcun və ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya rüsumunun cavabdehlər Cavabdeh1 (borc alan), Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (zaminlər) birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli BK 737/F-21 nömrəli Kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin Kredit müqaviləsi üzrə kredit alan Cavabdeh1 Banka olan 13095,68 manat məbləğində əsas borc, 2192,80 manat məbləğində faiz borcu və 1560,51 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16848,99 manat məbləğində borcun və ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan məşğul olduğu fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 15000 manat məbləğində aldığı kredit üzrə işində yaranmış problemlərə görə vaxtlı-vaxtında ödənişlər edə bilmədiyini, hazırkı iddia ərizəsi üzrə ondan yalnız əsas borcunun tutulmasına və Bankla aralarında bağlanmış Razılaşmanın ləğv edilməsinə razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borclarının tutulması hissəsində razı olmadığını bildirərək, məhkəmədən faiz və cərimə borclarının silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 dekabr 2021-ci il tarixli BK 2737/F-21 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən “dövriyyə vəsaitinin artırılması” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN **********) 36 ay müddətinə illik 22 % dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Bank Borcalana 36 (otuz altı) ay müddətinə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, borcalan bu kreditdən istifadəyə görə illik 22 % olmaqla faiz ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafıkin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 22 % olmaqla cərimə faizi ödəyir. Həmin Müqavilənin 3.1.3-cü bəndinə əsasən, kreditin ödənişi gecikdirildikdə, borcun qaytarılması lələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində (ipoteka, girov, zaminlik, qarantiya və s) nəzərdə tutulmuş hallardan biri (və ya bir neçəsi) baş verdikdə kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək (məhkəmə qaydasında, icra qeydi və s.) və Kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq (3.1.6-cı bənd) – Bankın hüquqlarına aiddir. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli Ödəniş Qrafikindən (Ödəniş Cədvəlindən) görünür ki, həmin Ödəniş Qrafikində 29 dekabr 2021-ci il tarixli BK 2737/F- 21 nömrəli Kredit Müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin borcalan Cavabdeh1 tərəfindən müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (36 ay ərzində, hər ay 572,83 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Qrafikini borcalan Cavabdeh1 imza etmişdir. X1 əsasən ödənişin son tarixi 19 dekabr 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli 2737/F-21 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 – “Zaminlər” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 zaminlər olaraq, borcalan Cavabdeh1 29 dekabr 2021-ci il tarixli BK 2737/F-21 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, Zaminlər Borcalan tərəfindən öhdəliyin icra olunmaması və lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi (və ya notariusun icra qeydi) tam icra olunub başa çatmasınadək hesablanan faiz borcunun Banka ödənilməsini təmin etməlidir. İş materiallarında olan 29 dekabr 2021-ci il tarixli "X2" adlı sənəddən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 15000 (on beş min) manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli 1026 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 29 dekabr 2021-ci il tarixli BK № 2737/F-21 nömrəli Kredit Müqaviləsi üzrə 15 may 2023-cü il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13095,68 manat məbləğində əsas borcu, 2192,80 manat məbləğində faiz borcu və 1560,51 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16848,99 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 29 dekabr 2021-ci il tarixli BK 2737/F-21 nömrəli Kredit Müqaviləsi və 29 dekabr 2021-ci il tarixli 2737/F-21 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Yəni, 29 dekabr 2021-ci il tarixli BK 2737/F-21 nömrəli Kredit Müqaviləsi üzrə cəmi 15000 manat məbləğində verilmiş kredit Ödəniş Qrafikinə (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh1 15 may 2023-cü il tarixə 13095,68 manat məbləğində əsas borc, 2192,80 manat məbləğində faiz borcu və 1560,51 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16848,99 manat məbləğində borcu yaranmış və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh1 və zaminlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 oğlundan) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada "13095,68 manat məbləğində əsas borcun və 2192,8 manat məbləğində faiz borcunun tutulması” hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "1560,51 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada cəmi 300 (üç yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 13095,68 manat məbləğində əsas borc, 2192,80 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə 136,76 (yüz otuz altı manat 76 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********), Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 13095,68 (on üç min doxsan beş manat 68 qəpik) manat məbləğində əsas borc, 2192,8 (iki min yüz doxsan iki manat 80 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 15788,48 (on beş min yeddi yüz səksən səkkiz manat 48 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2021ci il tarixli BK № 2737/F-21 nömrəli Kredit Müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə 136,76 (yüz otuz altı manat 76 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar