Məhkəmə qərarları › İş №e-2-2(119)-554/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-554/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-554/2025 02.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 4651,89 (dörd min altı yüz əlli bir manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 333,84 (üç yüz otuz üç manat səksən dörd qəpik) manat məbləğində faiz borcu və 67,50 (altmış yeddi manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053,23 (beş min əlli üç manat iyirmi üç qəpik) manat məbləğində borcun və 70,53 (yetmiş manat əlli üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 22 faizlə 26 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 18 aprel 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 dekabr 2024-cü il tarixədək Cavabdeh1 banka 18 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4651,89 manat əsas borc, 333,84 manat faiz borcu və 134,99 manat cərimə borcu olmaqla, cəmi 5120,72 manat borcu vardır. Cavabdeh1 18 aprel 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 134,99 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 67,50 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 29 mart 2022-ci il tarixli 23-MCR-1-351-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 % olmaqla 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış 18 aprel 2023-cü il tarixli 23-MCR-1-351-22/2 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən borcalan Cavabdeh1 biznes məqsədi ilə 26 ay müddətinə aylıq faiz dərəcəsi 1,83 %, faktiki illik faiz dərəcəsi 22,99 % olmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə gündəlik cərimə faiz dərəcəsi 0,20% müəyyən edilmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli 23-MCR-1-351-22/2 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh1 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 18 iyun 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli Z/04493/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 29 mart 2022-ci il tarixli 23-MCR-1-351-22 saylı kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli Z/15244/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 29 mart 2022-ci il tarixli 23-MCR-1-351-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli 29 mart 2022-ci il tarixli 23-MCR- 1-351-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya Əlavə Sazişə əsasən müqaviləyə Cavabdeh3 Cəlil oğlu tərəfindən verilmiş zaminlik (xx.xx.2023-cü il tarixli Z/15244/23 nömrəli zaminlik müqaviləsi) məzmunlu 10-cu bənd əlavə edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 16 dekabr 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 18 aprel 2023-cü il tarixli 23-MCR-1-351-22/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 16 dekabr 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 4651,89 manat məbləğində əsas bоrc, 333,84 manat məbləğində faiz və 134,99 manat məbləğində cərimə borcu оlmaqla, cəmi 5120,72 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 18 aprel 2023-cü il tarixli 23- MCR-1-351-22/2 nömrəli kredit verilməsinə dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 aprel 2023-cü il tarixli 23-MCR-1-351-22/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 4651,89 (dörd min altı yüz əlli bir manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 333,84 (üç yüz otuz üç manat səksən dörd qəpik) manat məbləğində faiz borcu və 67,50 (altmış yeddi manat əlli qəpik) manat məbləğində cərimə borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 29 mart 2022-ci il tarixli Z/04493/22 nömrəli və 11 sentyabr 2023-cü il tarixli Z/15244/23 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 Cəlil oğlu kredit alanın 29 mart 2022-ci il tarixli 23-MCR-1-351-22 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 70,53 (yetmiş manat əlli üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 70,53 (yetmiş manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cəlil oğlundan müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cəlil oğlundan müştərək qaydada 4651,89 (dörd min altı yüz əlli bir manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 333,84 (üç yüz otuz üç manat səksən dörd qəpik) manat məbləğində faiz borcu, 67,50 (altmış yeddi manat əlli qəpik) manat məbləğində cərimə borcu və 70,53 (yetmiş manat əlli üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5123,76 (beş min yüz iyirmi üç manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Cəlil oğlundan müştərək qaydada 4651,89 (dörd min altı yüz əlli bir manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 333,84 (üç yüz otuz üç manat səksən dörd qəpik) manat məbləğində faiz borcu, 67,50 (altmış yeddi manat əlli qəpik) manat məbləğində cərimə borcu və 70,53 (yetmiş manat əlli üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5123,76 (beş min yüz iyirmi üç manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar