Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-562/2021 08.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 oğlunun, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Rüstəmov Rövşən Möhübbət oğlunun iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti 13 aprel 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativindən (abonent kodu: **********1) istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 15796,45 (on beş min yeddi yüz doxsan altı manat 45 qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə təsis edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyəti istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********1 olan cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı “xxxx” ASC-yə cəmi 15796,45 (on beş min yeddi yüz doxsan altı manat 45 qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh “xxxx” MTK-ya dəfələrlə müraciət olunsa da, cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 15796,45 manat borcu ödəməyərək, “xxxx” ASC-yə zərər vurmuşdur. “xxxx” ASC-nin nümayəndəsinin istehlakçı “xxxx” MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə, ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etməsini - tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi isə onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-cı il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. İş üzrə keçirilən məhkəmə baxış iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 suallara cavab olaraq bildirdi ki, abonent kodu **********1 olan cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi hər ay aylıq sərfiyyat üzrə müəyyən məbləğlərdə ödənişlər etsə də, sərfiyyatın dəyəri tam ödənilmədiyi üçün onun elektrik enerjisindən istifadə etməsi ilə bağlı 11 yanvar 2021-ci il tarixinə cəmi 15796,45 manat məbləğində debitor borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəmədiyi üçün həmin 15796,45 manat məbləğində borcun ödənilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdeh “xxxx” MTK tərəfindən həmin borc məbləği üzrə hissə-hissə olmaqla müəyyən məbləğlərdə ödənişlər edilmiş olduğundan məhkəmə iclasının keçirildiyi bu günə, yəni 08 iyul 2021-ci il tarixinə cavabdehin iddia tələbində nəzərdə tutulan borcunun cəmi 2866,50 manat hissəsi ödənilməmişdir. Ona görə də, cavabdeh “xxxx” MTK-dan 08 iyul 2021-ci il tarixinə olan borc, yəni 2866,50 manat məbləğində borc tutulmalıdır. Məhkəmə iclasında cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi ilə razı olmadığını və cavabdeh “xxxx” MTK-nın istifadə olunan elektrik enerjisinə görə 15796,45 manat məbləğində borcu yaranmış olsa da, həmin borcun hissə-hissə ödənildiyini bildirib, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə istehlakçı (abonent) “xxxx” Mənzil-Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış qeyri-əhali üçün nəzərdə tutulan “Elektrik enerjisinin alqısatqısına dair” Müqavilə əsasında sonuncuya məxsus obyekt – İdman Kompleksi (abonent kodu: **********1) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektdə istifadə olunan elektrik enerjisinin hesabatı Abonent üçün quraşdırılmış sayğaclar vasitəsi ilə aparılaraq, aylar üzrə istifadə olunan elektrik enerjisinin hesabatları tərtib edilmiş və həmin hesabatlar üzrə Abonent tərəfindən mütəmadi olaraq müxtəlif məbləğlərdə ödənişlər aparılmışdır. Lakin, sayğac göstəricilərinə uyğun ödənişlər aparılmadığından istehlakçı “xxxx” Mənzil- Tikinti Kooperativinin 11 yanvar 2021-ci il tarixinə cəmi 15796,45 (on beş min yeddi yüz doxsan altı manat 45 qəpik) manat borcu yaranmışdır. Buna görə də, həmin borcun tutulması üçün iddiaçı “xxxx” ASC tərəfindən 13 aprel 2021-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Həmin iddia ərizəsinə məhkəmədə baxılarkən cavabdeh “xxxx” MTK tərəfindən müəyyən məbləğlərdə ödənişlər aparıldığından, ondan tələb olunan 15796,45 manat miqdarında borc məbləği azalmış və 08 iyul 2021-ci il tarixinə cavabdeh “xxxx” MTK-nın sayğac üzrə hesablanmış cəmi 2866,50 (iki min səkkiz yüz altmış altı manat 50 qəpik) manat məbləğində borcu qalmışdır (təsvir olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş istehlakçı “xxxx” Mənzil-Tikinti Kooperativinə (abonent kodu: **********1) aid Abunə haqqında Məlumatlar və digər sənədlərlə təsdiq olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara görə qeyd etmək lazımdır ki, istehlak olunan elektrik enerjisinə görə iddiaçı (enerjitəchizatı müəssisəsi) “xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh (istehlakçı) “xxxx” Mənzil-Tikinti Kooperativinin ödənilməmiş 15796,45 (on beş min yeddi yüz doxsan altı manat 45 qəpik) manat məbləğində borcuna görə 13 aprel 2021-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehdən 15796,45 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Lakin, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra tələb olunan 15796,45 manat məbləğində borcdan müəyyən məbləğdə ödəniş edildiyi üçün cavabdeh “xxxx” MTK-nın 08 iyul 2021ci il tarixinə 2866,50 (iki min səkkiz yüz altmış altı manat 50 qəpik) manat məbləğində ödənilməmiş borcunun qaldığını təsdiq edən 08 iyul 2021-ci ildə çap edilmiş istehlakçı “xxxx” MTK-ya aid “Abunə haqqında Hesabat” 08 iyul 2021-ci ildə keçirilən məhkəmə iclasında iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, cavabdeh “xxxx” MTK-nın (abonent kodu **********1) 08 iyul 2021-ci il tarixinə 2866,50 manat məbləğində ödənilməmiş borcu qaldığına görə, hazırkı iddia ərizəsi üzrə cavabdeh “xxxx” MTK-dən istehlak olunan elektrik enerjisinə görə tələb olunan 15796,45 manat məbləğində borc deyil, həmin borcun ödənilməmiş hissəsi, yəni 08 iyul 2021-ci il tarixinə ödənilməmiş 2866,50 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativindən (abonent kodu **********1) istehlak olunan elektrik enerjisinə görə ödənilməmiş 2866,50 manat məbləğində borc iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativindən (abonent kodu **********1) istehlak olunan elektrik enerjisinə görə yaranmış 2866,50 (iki min səkkiz yüz altmış altı manat 50 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2896,50 (iki min səkkiz yüz doxsan altı manat 50 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-562/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-562/2021
08.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver