Məhkəmə qərarları › İş №e-2-2(119)-57/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-57/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-57/2023 31.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “krеdit razılaşmasının ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 28 oktyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 20 fevral 2020-ci il tarixli 001R********** saylı Krеdit Razılaşması üzrə 16161,36 manat məbləğində krеdit bоrcu, 6173,95 manat məbləğində faiz bоrcu və 1522,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23857,71 (iyirmi üç min səkkiz yüz əlli yeddi manat 71 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh1 kredit verən İddiaçı QSC tərəfindən 02 oktyabr 2009-cu il tarixli 01L000002032 saylı krеdit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000 (on min) ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. 29 yanvar 2015-ci il tarixli 01L000002032S saylı Sazişlə həmin kredit xəttinin məbləği 100000 (yüz min) ABŞ dolları, müddəti isə 184 (yüz səksən dörd) ay müəyyən edilmişdir. Bu müqavilənin şərtlərinə görə kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh1 kredit verən İddiaçı QSC ilə bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** saylı Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Sonradan tərəflərin imzaladıqları 26 iyul 2021-ci il tarixli 001R**********SA saylı Sazişlə həmin Razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borc alan Cavabdeh1 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 01 mart 2022-ci il tarixdən etibarən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh1 götürdüyü krеdit üzrə əsas bоrcundan 3838,64 manat məbləğində ödəniş etmiş və onun 16161,36 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, kredit alan Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 31 avqust 2022-ci il tarixə 580 gün üçün hesablanmış faiz borcu 6173,95 manat təşkil edir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 31 avqust 2022-ci il tarixə 580 gün üçün hеsablanmış cərimə 1522,40 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək və qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 ilə bağlanmış Zaminlik müqaviləsinə əsasən sonuncu Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdеh Cavabdeh2 həmin Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar müqavilə üzrə yaranmış borcu ödəməmişlər. Həmçinin, bu mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə də mübahisənin həll edilməsi mümkün olmamış və mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən mediatora 210 manat haqq ödənilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 16 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, cavabdеh Cavabdeh1 ilə bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 001R********** saylı Krеdit Razılaşması üzrə 16161,36 manat məbləğində krеdit bоrcu, 6173,95 manat məbləğində faiz bоrcu və 1522,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23857,71 (iyirmi üç min səkkiz yüz əlli yeddi manat 71 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdеh Cavabdeh1 ilə bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə həmin 001R********** nömrəli Krеdit Razılaşması üzrə 16161,36 manat məbləğində krеdit bоrcu, 6173,95 manat məbləğində faiz bоrcu və 1522,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 23857,71 manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə biznes fəaliyyəti ilə əlaqədar qohumu Cavabdeh2 zaminliyi ilə 20 fevral 2020-ci il tarixli Krеdit Razılaşmasına əsasən borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 24 ay müddətinə 20000 manat məbləğində krеdit götürdüyünü, həmişə kredit ödənişlərini vaxtlı-vaxtında etdiyini və bu kredit üzrə təxminən 7000 manat məbləğində pul ödəmiş olduğunu və təxminən cəmi 13000 manat məbləğində əsas borcunun qaldığını, lakin pandemiya dövründə yaranan problemlərə görə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyərək, iflas olduğunu və buna görə də kredit ödənişlərini edə bilmədiyini, müqavilənin ləğv edilməsinə və ondan əsas borc olaraq 13000 manat məbləğində pulun tutulmasına razı olsa da, iddia tələbi ilə qalan hissələrdə, o cümlədən də faiz və cərimə borclarının tutulması hissələrində razı olmadığını bildirib, məhkəmədən faiz və cərimə borclarının tam olaraq silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırılacaq) Kredit Alana 10000 (on min) ABŞ dollar məbləğində kredit xəttini (bundan sonra «kredit xətti» adlandırılacaq) açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca razılaşma (bundan sonra «Kredit Razılaşması») əsasında veriləcək (1.1-ci bənd). Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay, 02 oktyabr 2019-cu il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsi əsasında bağlanmış 29 yanvar 2015-ci il tarixli 01L000002032S nömrəli “Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi” haqqında Sazişin 1-ci bəndindən görünür ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «kredit» adlandırıacaq) Kredit Alana 100000 (bır yüz min) ABŞ dolları məbləğində Uzunmüddətli Kredit Müqaviləsini (bundan sonra «Uzunmüddətli Kredit Müqaviləsi» adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bəndi). Kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşmalar (bundan sonra «Kredit Razılaşması») əsasında veriləçək. Вu müqavilə Bankın kredit vermək vədini ifadə etmir (1.2-ci bəndi). Bu müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 184 (yüz səksən dörd) ay müddətinə, 02 fevral 2025-ci il tarixdən gec olmayaraq verilməlidir». Verilən hər bir kredit məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə Tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir (1.3-cü bəndi). İş materiallarında olan 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit Xətti Müqaviləsi və 29 yanvar 2015-ci il tarixli 01L000002032S nömrəli “Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi” haqqında Saziş əsasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən fərdi mikro kredit məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə illik 1,8333 % dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasının 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 20 fevral 2020-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1046 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh1 imza etmişdir. X1 əsasən ödənişin son tarixi 28 fevral 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə bağlanmış 26 iyul 2021-ci il tarixli 001R**********SA nömrəli “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi” haqqında Sazişdən və həmin Saziş üzrə tərtib edilmiş 26 iyul 2021-ci il tarixli yeni Ödəniş Planından görünür ki, borcalan Cavabdeh1 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə verilmiş kreditin 26 iyul 2021-ci il tarixli Ödəniş Planı əsasında aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını borcalan Cavabdeh1 imza etmişdir. X1 əsasən ödənişin son tarixi 03 iyul 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 16 aprel 2019-cu il tarixli 017S**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq borcalan Cavabdeh1 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit xətti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, borcalanın kredit müqaviləsidən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin də Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, kredit alan Cavabdeh1 ilə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə və 26 iyul 2021-ci il tarixli 001R**********SA nömrəli Saziş üzrə tərtib edilərək təsdiq olunmuş müvafiq 20 fevral 2020-ci il tarixli “Ödəniş Planı” və 26 iyul 2021-ci il tarixli “Ödəniş Planı” sənədləri zamin Cavabdeh2 tərəfindən də imzalanmış və həmin imza ilə birlikdə yazılmış qeydlərdən görünür ki, o, Zamin olaraq qeyd olunan sənədlərlə tanış olmuş və həmin sənədlərə öz razılığını bildirmişdir. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli 2751 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə 31 avqust 2022-ci il tarixə borcverən İddiaçı QSC-yə 16161,36 manat məbləğində əsas borc, 6173,95 manat məbləğində faiz borcu və 1522,40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 23857,71 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 580 gün). Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, məlum Kredit Razılaşması üzrə cəmi 20000 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün krediti vermiş Bank tərəfindən borcalan Cavabdeh1 31 avqust 2022-ci il tarixə 16161,36 manat əsas borcu, 6173,95 manat faiz borcu və 1522,40 manat cərimə borcu olmaqla, cəmi 23857,71 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh1 və zamin Cavabdeh2) müştərək qaydada tutulması və tərəflər arasında bağlanmış Razılaşmanın ləğv edilməsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş üzrə məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədi ilə borc verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 19 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və həmin Qərardad əsasında verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2023cü il tarixli 9/965 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, 31 avqust 2022-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 19598,86 manat məbləğində, faiz borcu üzrə 4196,14 manat məbləğində borc vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 02 oktyabr 2009-cu il tarixli 01L000002032 nömrəli Kredit xətti Müqaviləsi, 29 yanvar 2015-ci il tarixli 01L000002032S nömrəli “Uzunmüddətli Kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi” haqqında Saziş, 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması, 26 iyul 2021-ci il tarixli 001R**********SA nömrəli Saziş və 16 aprel 2019-cu il tarixli 017S**********01 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora 210 (iki yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1) və tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2). Məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq, cavabdehlərdən tutulmalı olan əsas və faiz borc məbləğləri məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2023-cü il tarixli 9/965 nömrəli nömrəli Ekspert Rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 28 fevral 2023-cü il tarixli 9/965 nömrəli nömrəli Ekspertiza Rəyində Cavabdeh1 ilə bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə iddiaçı tərəfindən borcun hesablandığı 31 avqust 2022-ci il tarixə – “əsas borc üzrə 19598,86 manat və faiz borcu üzrə 4196,14 manat” olmaqla cəmi 23795 (iyirmi üç min yeddi yüz doxsan beş) manat məbləğində borcun olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16161,36 (on altı min yüz altmış bir manat 36 qəpik) manat məbləğində əsas borc və 6173,95 (altı min yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində faiz borcu“ olmaqla cəmi 22335,31 (iyirmi iki min üç yüz otuz beş manat 31 qəpik) manat məbləğində borc, yəni nisbətən daha az miqdarda kredit borcunun tutulması tələb olunur. Ona görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərdən iddia tələbində göstərilən məbləğdə, yəni 16161,36 manat məbləğində əsas borc və 6173,95 faiz borcu tutulmalıdır. Çünki, iddia tələbi üzrə ümumilikdə hesablanmış əsas və faiz borcu məbləği (cəmi 22335,31 manat) Ekspertiza Rəyində hesablanmış ümumi məbləğdən (cəmi 23795 manat) nəzərə çarpacaq dərəcədə az məbləğdədir və bu səbəbdən də, 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması üzrə əsas və faiz borcunun tutulmasında Ekspertiza Rəyi ilə müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddia tələbi üzrə 16161,36 (on altı min yüz altmış bir manat 36 qəpik) manat məbləğində əsas borc və 6173,95 (altı min yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində faiz borcu tutulmalıdır. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16161,36 manat məbləğində əsas borc və 6173,95 manat məbləğində faiz borcu tutulmalı və eyni zamanda, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv olunmalıdır. Eləcə də, məhkəmə hesab edir ki, iddianın "1522,40 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 200 (iki yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 16161,36 manat məbləğində əsas borc, 6173,95 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Həmçinin, Cavabdeh1 dövlət nəfinə 157,60 (yüz əlli yeddi manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla müəyyən olunur ki, Cavabdeh2 müharibə veteranıdır və ona görə də, müharibə veteranlarının məhkəmələrə verilən iddialar üzrə ödənilmiş rüsumlardan azad olmaları nəzərə alınaraq, hazırkı iddia ərizəsi üzrə Cavabdeh2 dövlət rüsumu tutulmamalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 16161,36 (on altı min yüz altmış bir manat 36 qəpik) manat məbləğində əsas borc, 6173,95 (altı min yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 210 (iki yüz on) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 22745,31 (iyirmi iki min yeddi yüz qırx beş manat 31 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 001R********** nömrəli Kredit Razılaşması ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 dövlət nəfinə 157,6 (yüz əlli yeddi manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar