Məhkəmə qərarları › İş №e-2-2(119)-57/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-57/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-57/2025 19.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 iyun 2024-cü il tarixdə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 iyul 2022-ci il tarixli 13180***- *******01 nömrəli kredit müqaviləsi üzrə 15949,02 (on beş min doqquz yüz qırx doqquz manat, iki qəpik) manat məbləğində əsas borc, 1445,88 (min dörd yüz qırx beş manat, səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 43,31 (qırx üç manat, otuz bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 17438,21 (on yeddi min dörd yüz otuz səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində pul vəsaitinin və 142,32 (yüz qırx iki manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və bağlanmış zaminlik müqavilələrinə əsasən zamin qismində iştirak edən digər cavabdehlər - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh4 arasında bağlanmış 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 20 % faiz dərəcəsi olmaqla 30 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 18 iyul 2022-ci il tarixdə iddiaçı ilə digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Cavabdeh4 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh4 ilə və bağlanmış zaminlik müqavilələrinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2la mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında iştirak etmiş Cavabdeh4 bildirmişdir ki, kənd təsərrüfatı ilə bağlı fəaliyyətini genişləndirmək üçün iddiaçıdan 30000 manat məbləğində kredit götürmüşdür. Banka olan əvvəlki borcları yeni götürdüyü kredit məbləği ilə bağlanmış və özündə təxminən 8000 manat məbləğində pul qalmışdır. Bundan 9-10 ay keçdikdən sonra bankın əməkdaşı ona zəng edərək borc məbləğini tam ödəməsini və əvəzində 50000 manat məbləğində kredit veriləcəyini vəd etmiş, lakin sonradan həmin krediti verməyərək onu aldatmışdır. Bank işçisinin vədinə inanaraq malqaranı sataraq borcunu bağlamış, həmin verdiyi vədə görə rayondan şəhərə gedib-gəlmiş, xeyli ziyana düşmüşdür. İddia ərizəsində 15449 manat əsas və 1445 manat faiz borcunun qalması ilə bağlı göstərilənlərlə ona görə razı deyil ki, bank işçisi ona ziyan vurmuş, o, krediti 30 ay müddətinə götürərək aylıq 1286 manat ödəniş etmiş, lakin kredit veriləcəyi barədə vədə əməl edilməmişdir. Sonuncu dəfə 2600 manat məbləğində ödəniş etmiş, bankdan da ona 8000 manat məbləğində pul verilmişdir. O, banka müəyyən borcunun olmasını inkar etmir, əsas narazılığı bankın işçisinin onu aldatması barədədir. Məhkəmənin xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında iştirak etmiş Cavabdeh4 izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən borc məbləğini qəbul etmir. Məhkəməyə ödənişlə bağlı qəbzləri təqdim edəcəyini bildirsə də, iddiaçı təşkilatın Şabran filialının əməkdaşı Mais Ağayev ona həmin qəbzləri təqdim etməkdən yayınmışdır. Əvvəlki məhkəmə iclasının keçirildiyi tarixdən sonrakı gün bankın həmin əməkdaşına zəng edərək ödəniş qəbzlərini verməsini tələb etmiş, o həmin qəbzləri təqdim edəcəyi ilə bağlı vədlər vermiş, lakin qəbzləri təqdim etməmişdir. Daha sonra iddiaçı təşkilatın Sumqayıt filialına müraciət edərək ödəniş qəbzlərini tələb etsə də, həmin filialın əməkdaşları qəbzlərin təqdim edilə bilməyəcəyini bildirmişdirlər. Ödəniş qəbzlərinin iddiaçı təşkilatın əməkdaşı tərəfindən təqdim edilməsini tələb etməsinin səbəbi barədə bildirir ki, 4600 manat məbləğində pulu kassaya ödəmişdir. İddiaçıya təxminən 4000 manat məbləğində borcu qalmışdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsinin 1-ci maddəsinə əsasən, kreditverən ("xxxx" BOKT MMC) 30000 manat məbləğində və müqavilənin 2.03-cü (a) bəndində göstərilən faizlə borcalanın (Cavabdeh4) istifadəsinə krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.03 (a) bəndinə əsasən, borcalan alınmış kredit üçün illik 20 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi isə 20.9 faizdir. Həmin müqavilənin 2.03 (e) bəndinə əsasən, borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımınca icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır. Həmin müqavilənin 3.01 (a) bəndinə əsasən, davam edən 30 iş günü ərzində borcalan ona verilmiş kredit hissəsini və (və ya) onun fazini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə ödəmək iqtidarında olmaqdıqda, kreditverən bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını tələb edə bilər. Həmin müqavilənin 3.06-cı bəndinə əsasən, kreditverən bu müqavilə üzrə nəzərdə tutulmuş kreditə dair tələb hüquqlarını digər kredit təşkilatlarına vermək (güzəşt etmək) hüququna malikdir. İş materiallarında olan kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 21 yanvar 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 18 iyul 2022-ci il tarixli, 13180***-*******01 nömrəli nömrəli tələbin güzəştinə dair müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxx" BOKT MMC Cavabdeh4la bağlanmış xx.xx.2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq yeni kreditor İddiaçı ASC-yə güzəşt etmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 18 iyul 2022-ci il tariхli 13FİZAM151135501 nömrəli, "xxxx" BOKT MMC ilə digər cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 18 iyul 2022-ci il tariхli 13FİZAM126289203 nömrəli, "xxxx" BOKT MMC ilə digər cavabdeh (zamin) Cavabdeh3 arasında bağlanmış 18 iyul 2022-ci il tariхli 13FİZAM171868602 nömrəli zaminlik müqavilələrinin 1.2-ci bəndlərinə əsasən, icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu kreditor "xxxx" BOKT MMC və borclu Cavabdeh4 arasında bağlanmış 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsi ilə müəyyən edilir. Həmin zaminlik müqavilələrinin 2.1-ci bəndlərinə əsasən, zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 2.9-cu bəndlərinə əsasən, zaminlər bu müqaviləni imzalamaqla kreditorun bu müqavilənin 1.2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə hüquq və vəzifələrinin, eyni zamanda bu müqavilə üzrə hüquq və vəzifələrinin kreditor qarşısında üçüncü şəxslərə verilməsinə (güzəşt edilməsinə) razılıq verirlər. Bu halda zaminlər qeyd edilən müqavilələr üzrə öhdəliklərini yeni kreditorlar (girov saxlayan) qarşısında icra edəcəklər. İş materiallarında olan 20 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 18 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 15949,02 manat məbləğində əsas borc, 1445,88 manat məbləğində faiz borcu və 43,31 manat məbləğində cərimə olmaqla, cəmi 17438,21 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən məhkəməyə 29 oktyabr 2024-cü il tarixdə daxil olmuş 24 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/8600/2024 nömrəli ekspert vəsatətində əlavə tədqiqat obyektlərinin və iş üzrə materiallarının (İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13180***-*******01 saylı kredit müqaviləsi üzrə kassa məxaric-mədaxil orderləri, ödəniş tapşırıqları; cari, ssuda, faiz, cərimə, vaxtı keçmiş ssuda və vaxtı keçmiş faiz hesablarından çıxarışlar (müqavilə tarixindən hal-hazıradək, Mərkəzi Bankın hesablar planına uyğun hesablar göstərilməklə) Mərkəzə təqdim edilməsi xahiş edilmiş və həmin vəsatətin icrasının təmin edilməsi məqsədilə tərəflərə 30 oktyabr 2024-cü il tarixli məktublar ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 23 aprel 2025-ci il tarixli 9/8600 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, təyinatına əsasən 9.088,39 manat kredit ödənişi nəzərə alınmaqla: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh4 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları və 18 iyul 2022-ci il tarixli 13180***- *******01 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2024-cü il tarixə olan borcu: əsas borc üzrə 6594,97 manat, faiz borcu üzrə 630,19 manat, 9.088,39 manat kredit ödənişi nəzərə alınmamaqla: Cavabdeh4 xx.xx.2024-cü il tarixə olan borcu: əsas borc üzrə 15854,58 manat, faiz borcu üzrə 1514,99 manat məbləğində müəyyən edilmişdir. Həmin ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsində “iş materiallarından göründüyü kimi, İddiaçı ASC (Asel Kredit BOKT) ilə Cavabdeh4 arasında 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən 30 ay müddətinə, illik 20%-lə 30.000,00 manat məbləğində hissəhissə qaytarmaq şərti ilə kreditin verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsinin 2.01.b. bəndinə əsasən kredit borcalana avadanlıq alınması və digər investisiya xərcləri məqsədi ilə verilir göstərilmişdir. Cavabdeh4 İddiaçı ASC-də olan hesabdan çıxarış məlumatına əsasən xx.xx.2022-ci il tarixdə Bank tərəfindən 30000 manat məbləğində pul vəsaiti Cavabdeh4 hesabına köçürülmüşdür. Lakin həmin 30000 manat məbləğində pul vəsaitinin 21535,18 manatı digər kredit təşkilatında olan kredit borcuna ödənilmiş və 8541 manat isə Cavabdeh4 verilmişdir. Yəni ki 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsinin 2.01.b. bəndinə əsasən 30000 manatın hamısı Cavabdeh4 verilməmişdir. Bundan başqa, Cavabdeh4 İddiaçı ASC-də olan hesabdan çıxarış məlumatına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 11600 manat məbləğində kredit ödənilmiş (təyinata əsasən), həmin ödənişin 2511,61 manatı kreditə silinmiş və 9088,39 manatı isə məxaric edilmişdir. Məxaric sənədləri təqdim edilməmişdir. Yəni ki ödənilən 11600 manatın təyinatı kredit ödənişi olduğu halda 9088,39 manatı kreditdən silinməmişdir və məxaric edilmişdir. Göstərilən səbəbdən hazırki tədqiqatla kredit müqaviləsi üzrə borc qalığının hesablanması 9088,39 manat məbləğində ödəniş nəzərə alnmaqla və alınmamaqla iki hissədə müəyyən edilir” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsin əsasən, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təsvir olunanlarla müəyyən edilir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh4 arasında bağlanmış 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə illik 20 % faiz dərəcəsi olmaqla 30000 manat məbləğində kredit verilmişdir. 18 iyul 2022-ci il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən, "xxxx" BOKT MMC Cavabdeh4la bağlanmış xx.xx.2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq yeni kreditor İddiaçı ASC-yə güzəşt etmişdir. Cavabdeh Ömər Zahirov kredit müqaviləsilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh4 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 da bağlanmış zaminlik müqavilələrinin və tələbin güzəştinə dair müqavilənin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Məhkəmə hesab edir ki, 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən 23 aprel 2025-ci il tarixli 9/8600 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi 15854,58 manat məbləğində əsas borc tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 15949,02 manat məbləğində əsas borcun tutulması xahiş edilsə də, 23 aprel 2025-ci il tarixli 9/8600 nömrəli ekspert rəyində əsas borcun məbləği 15854,58 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən isə iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 23 aprel 2025-ci il tarixli 9/8600 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 23 aprel 2025ci il tarixli 9/8600 nömrəli ekspert rəyində kredit müqaviləsi üzrə faiz borcunun 1514,99 manat məbləğində olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 1445,88 manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 1445,88 manat məbləğində faiz borcu tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış faiz borcunun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də həmin kredit müqaviləsi üzrə faiz borcunun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə 1445,88 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iclaslarında cavabdeh borc məbləği ilə razı olmadığını, ödənişlə bağlı qəbzləri təqdim edəcəyini bildirsə də, etirazının əsası kimi istinad etdiyi sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki cavabdehin izahatlarında istinad etdiyi sənədləri məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasları dəfələrlə təxirə salınaraq ona şərait yaradılmış, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən məhkəməyə 29 oktyabr 2024-cü il tarixdə daxil olmuş 24 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/8600/2024 nömrəli ekspert vəsatətində əlavə tədqiqat obyektlərinin və iş üzrə materiallarının (İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13180***-*******01 saylı kredit müqaviləsi üzrə kassa məxaricmədaxil orderləri, ödəniş tapşırıqları; cari, ssuda, faiz, cərimə, vaxtı keçmiş ssuda və vaxtı keçmiş faiz hesablarından çıxarışlar (müqavilə tarixindən hal-hazıradək, Mərkəzi Bankın hesablar planına uyğun hesablar göstərilməklə) Mərkəzə təqdim edilməsi xahiş edilmiş və həmin vəsatətin icrasının təmin edilməsi məqsədilə tərəflərə 30 oktyabr 2024-cü il tarixli məktublar ünvanlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarışları məhkəməyə təqdim etsə də, cavabdeh tərəfindən hansısa sənəd təqdim edilməmiş, ümumiyyətlə həmin məktublara hər hansı cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı nəticəyə gələrkən ekspertin “9.088,39 manat kredit ödənişi nəzərə alınmamaqla” gəldiyi nəticəni əsas götürmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 18 iyul 2022-ci il tarixli 13180***-*******01 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 15854,58 manat məbləğində əsas borc və 1445,88 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin cavabdehlərdən 43,31 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh4 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin 2.03 (e) bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 142,32 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 03 iyun 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 142,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 142,03 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2025-ci il tarixli 9/8600 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 15854,58 manat məbləğində əsas bоrc, 1445,88 manat məbləğində faiz borcu, 43,31 manat məbləğində cərimə və 142,03 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17485,8 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15854,58 (on beş min səkkiz yüz əlli dörd manat, əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 1445,88 (min dörd yüz qırx beş manat, səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 43,31 (qırx üç manat, otuz bir qəpik) manat məbləğində cərimə, 142,03 (yüz qırx iki manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17485,8 (on yeddi min dörd yüz səksən beş manat, səksən qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar