Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-571/2022 21.07.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi Aslanov Ənvər Mətləb oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 15000 (on beş min) manat məbləğində pul + 18% ƏDV manat olmaqla, cəmi 17700 (on yeddi min yeddi yüz) manat məbləğində pul vəsaitinin, ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin və 150 (yüz əlli) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərən Cavabdeh arasında 13 yanvar 2022-ci il tarixli AG-01/22 nömrəli Alqı-Satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin predmetini satıcı Cavabdeh tərəfindən alıcı İddiaçı MMC-nin sifarişi əsasında Armatur məhsullarının satışı, alıcı İddiaçı MMC-nin isə bu Müqavilənin şərtlərinə uyğun olaraq mallar üzrə müvafiq haqqın ödənilməsi münasibətləri təşkil etmişdir. Lakin, alıcı İddiaçı MMC tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ilkin ödəniş həyata keçirilsə də, satıcı Cavabdeh tərəfindən mallar təchiz edilməmişdir. Hazırda İddiaçı MMC-nin qeyd olunan müqavilə əsasında ödənilmiş pul vəsaiti qarşılığında təchiz edilməmiş mal-material ehtiyyatları üzrə tələb hüququ yaranmışdır. Belə ki, Satıcıya 15000 (on beş min) manat + 18% ƏDV olmaqla, cəmi 17700 manat məbləğində avans köçürülmüşdür. Məlumat üçün qeyd edilməlidir ki, kontragent Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. İddiaçı tərəfindən köçürülən pul qarşılığında Cavabdeh armatur verməmiş və müqaviləni tam icra etməmişdir. Cavabdeh tərəfindən İddiaçı MMCnin sifarişi əsasında Armatur məhsullarının satışı, İddiaçı MMC-nin isə bu müqavilənin şərtlərinə uyğun olaraq bu işlər üzrə müvafiq haqqın ödənilməsi barədə bağlanmış Alqısatqı müqaviləsində görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, Satıcının və Alıcının öhdəlikləri və digər müddəalar öz əksini tapmışdır. Görüləcək işlər və alınacaq mal material üçün alıcı İddiaçı MMC tərəfindən satıcı Cavabdeh 15000 manat + 18% ƏDV müqavilə üzrə qeyd edilmiş rekvizitlər üzrə köçürülmüşdür. Qeyd edək ki, müqavilənin şərtlərinə görə Cavabdeh tərəfindən görüləcək işlər müqavilənin Əlavələrində müəyyən olunmuş müddətdə və mövcud normalar, qaydalar, standartlar və bu Müqavilə şərtlərinə uyğun yerinə yetirilməli idi. Məhkəməyə müraciət olunmamışdan əvvəl bu mübahisə ilə əlaqədar mediasiya prosesinin təşkil olunmasına baxmayaraq, mediasiya vasitəsi ilə mübahisənin həll edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh oğlundan 15000 manat məbləğində əvvəlcədən ödənilmiş pul və həmin pulun 18% ƏDV məbləği olmaqla, cəmi 17700 manat məbləğində borcun, ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin və 150 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” İddiaçı (VÖEN: **********) arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1ci bəndindən görünür ki, Satıcı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə nəzərdə tutulan malı (bundan sonra "Mal" adlandırılacaq) bu Müqaviləyə Əlavəyə və təhvil-təslim aktına (qaimə-fakturaya) müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə Alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq Alıcıya təhvil verməyi, yəni malı öz hesabına alıcının obyektinə çatdırmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Alıcı malı Əlavədə razılaşdırılmış və təhvil-təslim aktına (qaimə-fakturaya) müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi, Malın müqabilində bu Müqavilə ilə (Əlavələr ilə) müəyyən edilmiş ödəniş etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, Malın alqı-satqısı Tərəflər arasında Əlavənin imzalanması və möhürlənməsi ilə rəsmiləşdirilir və belə Əlavə Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavənin bu və ya digər adla adlandırılması onun mahiyyətini dəyişmir və Əlavə hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavə qüvvəyə mindikdən sonra Tərəflər arasında göstərilən Mal barədə tam razılaşmanı təşkil edir və həmin Malla bağlı bütün əvvəlki razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, Əlavədə Malın adına, miqdarına, növünə, modelinə, ölçüsünə, rənginə və ya digər əlamətlərinə görə müəyyən nisbətdə çeşidinə, keyfiyyətinə, komplektliyinə, tarazlaşdırılmasına, qablaşdırılmasına, zəmanətinə, çatdırılma müddətinə və şərtlərinə, həmçinin qiymətinə dair məlumatlar əks etdirilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Malın qiyməti Əlavə ilə razılaşdırılır və təhvil-təslim aktı (qaimə-faktura) ilə təsdiqlənir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, Əlavədə Malın qiyməti sərbəst dönərli valyutada nəzərdə tutularsa, Müqavilə üzrə ödənişlər işlənilən halda birdəfəlik və ya mərhələli aparılmasına baxmayaraq, yalnız Əlavənin qüvvəyə mindiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının həmin sərbəst dönərli valyutanın Azərbaycan manatına qarşı rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə Alıcı tərəfindən Satıcının bank hesabına köçürülməklə həyata keçirilir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Satıcı Müqavilə üzrə satılacaq Mala Malın texniki şərtlərinə görə daha uzun müddət nəzərdə tutulmamışdırsa 1 (bir) il müddətinə zəmanət verir. Satıcı zəmanətin şərtlərini Alıcıya yazılı şəkildə bildirməlidir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, X4 Əlavədə nəzərdə tutulan qaydada çatdırır və təhvil verir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, X2 təhvil verilməsini Tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (qaimə-faktura) əsasında həyata keçirir. Həmin Müqavilənin 7.4-cü bəndinə əsasən, tərəflər Müqavilənin (Əlavənin) digər şərtlərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan 13 yanvar 2022-ci tarixli ********* nömrəli Alış Orderindən görünür ki, Satıcı Cavabdeh Alıcı İddiaçı MMC-yə ƏDV daxil olmaqla cəmi 35418,53 (otuz beş min dörd yüz on səkkiz manat 53 qəpik) manat dəyərində “Katinka” və armatur" məhsulları satmağı öhdəliyinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 14 yanvar 2022-ci il tarixli BD1 nömrəli Ödəniş Tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 13 yanvar 2022-ci il tarixli 01/22 nömrəli Alqı-Satqı Müqaviləsinin şərtlərinə uyğun olaraq avans olaraq 11962 (on bir min doqquz yüz altmış iki) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan “X5” Açıq Səhmdar Cəmiyyətinin vasitəsilə həyata keçirilən 14 yanvar 2022-ci il tarixli 939 nömrəli Ödəniş Tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına 13 yanvar 2022-ci il tarixli 01/22 nömrəli Alqı-Satqı Müqaviləsinin şərtlərinə uyğun olaraq avans olaraq 3038 (üç min otuz səkkiz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 14 yanvar 2022-ci il tarixli Ödəniş Tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh bank hesabına armatur məhsullarının alışı ilə əlaqədar avans olaraq ödənilmiş cəmi 15000 manat məbləğində pul vəsaitinin ƏDV-si olaraq cəmi 2700 (iki min yeddi yüz) manat məbləğində də pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli 01/22 nömrəli Alqı-satqı Müqaviləsinin tələblərinə uyğun olaraq "armatur" məhsullarının alınması üçün 14 yanvar 2022-ci ildə ƏDV daxil cəmi 17700 manat məbləğində pul vəsaiti alıcı İddiaçı tərəfindən satıcı Cavabdeh hesabına ödənilməsinə və həmin Müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, almış olduğu pul vəsaitinin müqabilində “Satıcı” Cavabdeh tərəfindən məlum Müqavilədə nəzərdə tutulan armatur “Alıcı” İddiaçınə satılmamışdır (verilməmişdir). İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı və eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən isə 150 (yüz əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı xeyrinə Cavabdeh cəmi 17700 manat məbləğində borcun və mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 manat məbləğində xidmət haqqının tutulması barədə iddia tələbi əsaslıdır. Lakin, “150 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsində isə iddia tələbi qismən əsaslıdır. Çünki, ümumilikdə 17700 manat məbləğində borcun tutulması üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada hesablanmış dövlət rüsumunun məbləği 150 (yüz əlli) manat miqdarında deyil, 143,10 (yüz qırx üç manat 10 qəpik) manat miqdarında olması müəyyən edilir. Bu halda isə iddiaçı tərəfin tələb olunan məbləğdən artıq məbləğdə, yəni 150 manat məbləğində dövlət rüsumunun ödənilməsinə görə cavabdeh tərəf həmin məbləğdə öhdəlik və məsuliyyət daşıya bilməz. Çünki, cavabdeh tərəf Qanunla müəyyən edilmiş məbləğdə ödənilmiş dövlət rüsumu üzrə müvafiq qaydada öhdəlik daşıyır. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə ödəmiş olduğu 150 manat məbləğində pulun əvəzi tam olaraq deyil, 143,10 (yüz qırx üç manat 10 qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh (VÖEN **********) 17700 manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı və 143,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 17700 (on yeddi min yeddi yüz) manat məbləğində borc, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 143,10 (yüz qırx üç manat 10 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 18043,10 (on səkkiz min qırx üç manat 10 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-571/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-571/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver