Məhkəmə qərarları › İş №e-2-2(119)-571/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-571/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-571/2023 02.11.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Salmanov Samir Salman oğlunun və Cavabdeh3 iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Salmanov Samir Salman oğlu, X5 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Salmanov Samir Salman oğlu, X5 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6866,60 (altı min səkkiz yüz altmış altı manat altmış qəpik) manat əsas borc, 5233,10 (beş min iki yüz otuz üç manat on qəpik) manat faiz borcu, 5944,58 (beş min doqquz yüz qırx dörd manat əlli səkkiz qəpik) manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 948,10 (doqquz yüz qırx səkkiz manat on qəpik) manat faiz olmaqla, cəmi 18992,38 (on səkkiz min doqquz yüz doxsan iki manat otuz səkkiz qəpik) manat borcun və 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə cavabdeh Salmanov Samir Salman oğlu arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Salmanov Samir Salman oğluna “əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Salmanov Samir Salman oğluna kredit verilərkən X5 ilə bank arasında 130007018/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1USD=1,5 manat) hesablanmış faizlər kapitallaşdırılaraq 9510,24 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilməli idi. X1 və Cavabdeh3 bu Əlavə sazişi imzalamaqla kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, xx.xx.2017-ci il tarixli Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişlər. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə qarşı “borcun ödənilməsi” mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər X5 və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən və Salmanov Samir Salman oğlu mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” və “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞS/MT030/2023-00306 nömrəli xx.xx.2023-cü il tarixli arayışlar tərtib edilmişdir. xx.xx.2022-ci il tarixə Salmanov Samir Salman oğlunun kredit üzrə cəmi borcu 18992,38 (on səkkiz min doqquz yüz doxsan iki manat otuz səkkiz qəpik) manat təşkil edir. Bundan 6866,60 (altı min səkkiz yüz altmış altı manat altmış qəpik) manat əsas, 5233,10 (beş min iki yüz otuz üç manat on qəpik) manat faiz, 5944,58 (beş min doqquz yüz qırx dörd manat əlli səkkiz qəpik) manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 948,10 (doqquz yüz qırx səkkiz manat on qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Salmanov Samir Salman oğlu izahatında bildirmişdir ki, o, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanına əsasən ona ayrılmış 5409,79 manat məbləğində kompensasiya alıb. Lakin bu günə qədər həmin pul vəsaitinin banka ödənilməli olması ilə bağlı bank tərəfindən ona heç bir məlumat verilməyib. Qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini məkhəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, Salmanov Samir Salman oğlu kredit müqaviləsi üzrə borcunu vaxtında ödəmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Salmanov Samir Salman oğluna 5409,79 manat məbləğində kompensasiya verilib. Qeyd olunan Fərmanın tələblərinə əsasən kompensasiya olaraq ayrılan məbləğ borca çıxıldıqdan sonra həmin məbləğin artıq qalan hissəsi borc alana ödənilməli, ya da Fərmana əsasən ayrılan məbləğ borca çıxıldıqdan sonra borc alanın yenə də borcu qalarsa, bu barədə ona məlumat verilməklə borcun tam ödənilməsi tələb edilməli və yaxud həmin borc məbləği 5 il müddətinə illik 1%-lə kreditə verilməli idi. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini məkhəmədən xahiş etmişdir. Cavabdeh X5 məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/2017 nömrəli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilərək iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən etibarən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Ləğvedicisi” təyin edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti - “kreditor” və cavabdeh Salmanov Samir Salman oğlu - “borc alan” olmaqla, bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən dövriyyə və əsas vəsaitlərin alınması məqsədilə üçün Salmanov Samir Salman oğluna (VÖEN **********) 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 50 faiz dərəcəsi ilə, aylıq isə 4,17 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecirildikdiyi halda), gecikdirilən məbləğə (kreditin və faizinin ödənilməmiş hissəsinə) görə kreditora cərimə ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. Cərimənin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində borcalan Salmanov Samir Salman oğlunun banka olan borcunun son ödəniş tarixi 13 avqust 2016-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Salmanov Samir Salman oğlu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 130007018/ZM nömrəli 13 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin- X5 borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürürmüşdür. Həmin zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “kreditor” və cavabdeh Salmanov Samir Salman oğlu – “Borcalan” olmaqla, bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə (kredit müqaviləsinə dəyişiklik edilməsi barədə) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə hesablanmış faizlər 9510,24 (doqquz min beş yüz on manat iyirmi dörd qəpik) manat təşkil edir və restrukturizasiya edilmiş kreditin müddəti Əlavə saziş imzalandığı tarixdən illik 20 faiz hesablanmaqla 21 fevral 2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə Saziş imzalandığı tarixdənetibarən illik 20 % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 20 % təşkil edir. Həmin sazişə əlavə edilmiş ödəniş qrafikində borcalan Salmanov Samir Salman oğlunun banka olan borcunun son ödəniş tarixi 21 fevral 2020-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Salmanov Samir Salman oğlu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin- X5 arasında bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 21 fevral 2017ci il tarixli 1 nömrəli Əlavə sazişə (zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər və cərimə məbləğləri kapitallaşdırılaraq konvertasiya edilməklə 9510,24 (doqquz min beş yüz on manat iyirmi dörd qəpik) manat təşkil edir və restrukturizasiya edilmiş kreditin müddəti illik 20 faiz hesablanmaqla 21 fevral 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin- Cavabdeh3 arasında bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə (zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə) əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər və cərimə məbləğləri kapitallaşdırılaraq konvertasiya edilməklə 9510,24 (doqquz min beş yüz on manat iyirmi dörd qəpik) manat təşkil edir və restrukturizasiya edilmiş kreditin müddəti illik 20 faiz hesablanmaqla 21 fevral 2020-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişlərin (zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə) 2.2-ci bəndinə əsasən zaminlər bu Əlavə sazişi imzalamaqla kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəlikllərin icar edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Salmanov Samir Salman oğlunun 21 fevral 2017-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 15 noyabr 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6866,60 manat məbləğində əsas bоrc, 5233,1 manat məbləğində faiz borcu, 5944,58 manat məbləğində cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 948,1 manat məbləğində faiz borcu оlmaqla, cəmi 18992,38 manat məbləğində borcu vardır. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Salmanov Samir Salman oğlu, X5 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli 9/5577 nömrəli ekspert rəyində göstərilir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Salmanov Samir Salman oğlu arasında bağlanmış 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Salmanov Samir Salman oğlunun 15 noyabr 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 6758,07 manat, faiz borcu üzrə 3575,69 (2651,34 manat faiz borcu + müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 manat faiz borcu) manat olmaqla, ümumilikdə 10333,76 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-27-109/2-S178 nömrəli məktubuna əsasən Salmanov Samir Salman oğluna 5409,79 manat məbləğində kompensasiya məbləğinin hesablanıb kart hesabına köçürülməsi, bundan başqa iş materiallarında (cild 1 səh 128) olan X7 məlumatına əsasən kart vasitəsilə 5409,79 manat məbləğində pul vəsaitinin ATM-dən məxaric olunduğu müəyyən edilimişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh Salmanov Samir Salman oğlu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri ona qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh Salmanov Samir Salman oğlu 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə saziş üzrə öhdəliklərini icra etməyərək ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Salmanov Samir Salman oğlu 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və ona 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə saziş üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc ondan tutulmalıdır. Lakin cavabdeh Salmanov Samir Salman oğlundan tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş ekspertizanın 06 oktyabr 2023-cü il tarixli 9/5577 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 27 fevral 2023-cü il tarixinə hesablanaraq tələb edilən 6866,60 manat əsas borc, 5233,10 manat faiz borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5 % hesablanmaqla 948,10 manat məbləğində faiz borcu 06 oktyabr 2023-cü il tarixli 9/5577 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və cavabdeh Salmanov Samir Salman oğlundan ekspert rəyində qeyd edilən 6758,07 (altı min yeddi yüz əlli səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 2651,34 (iki min altı yüz əlli bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 (doqquz yüz iyirmi dörd manat otuz beş qəpik) manat məbləğində faiz borcu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın "5944,58 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, cavabdeh Salmanov Samir Salman oğlundan cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0. və 477.0.4-cü maddələrinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda - zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, borcalan Salmanov Samir Salman oğlu kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, X1nun və Cavabdeh3 da borcverən bank qarşısında öhdəlikləri yaranmışdır. Lakin iş materialları ilə müəyyən edilir ki, 13 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə bağlanmış 21 fevral 2017-ci il tarixli 1 nömrəli Əlavə sazişə əsasən kreditin qaytarılma vaxtının son müddəti 21 fevral 2020-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitmişdir. Yəni, cavabdehlər X3 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 21 fevral 2020-ci il tarixi olmuşdur. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məlum Kredit Müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 19 aprel 2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə yəni məlum kredit müqaviləsi üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün hazırkı iddia ərizəsi üzrə müqavilə üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı, zamin qismində X4 və Cavabdeh3 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 16 mart 2023-cü il tarixli MŞS/MT030/2023/00306 nömrəli arayışlardan görünür ki, ilkin mediasiya sessiyasında ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdeh Salmanov Samir Salman oğlu iştirak etmiş olsa da, digər cavabdehlər iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin 100 (yüz) manat hissəsi cavabdeh Salmanov Samir Salman oğlundan tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Salmanov Samir Salman oğlundan 6758,07 (altı min yeddi yüz əlli səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 2651,34 (iki min altı yüz əlli bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 924,35 (doqquz yüz iyirmi dörd manat otuz beş qəpik) manat məbləğində faiz, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10533,76 manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, cavabdeh Salmanov Samir Salman oğlundan dövlət nəfinə 121,30 (yüz iyirmi bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Salmanov Samir Salman oğlundan tutularaq X2 ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Salmanov Samir Salman oğlundan 6758,07 (altı min yeddi yüz əlli səkkiz manat yeddi qəpik) manat məbləğində əsas borc, 2651,34 (iki min altı yüz əlli bir manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %lə hesablanmış 924,35 (doqquz yüz iyirmi dörd manat otuz beş qəpik) manat məbləğində faiz, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10533,76 (on min beş yüz otuz üç manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Salmanov Samir Salman oğlundan dövlət nəfinə 121,30 (yüz iyirmi bir manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh Salmanov Samir Salman oğlundan tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar