Məhkəmə qərarları › İş №e-2-2(119)-582/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-582/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-582/2023 11.07.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X3 qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının və Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 25 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin Kredit müqaviləsi üzrə kredit alan Cavabdeh1 Banka olan 1796,91 (min yeddi yüz doxsan altı manat 91 qəpik) manat məbləğində əsas borc, 257,48 (iki yüz əlli yeddi manat 48 qəpik) manat məbləğində faiz borcu və 348,7 (üç yüz qırx səkkiz manat 70 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2403,09 (iki min dörd yüz üç manat 09 qəpik) manat məbləğində borcunun və ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin cavabdehlər Cavabdeh1 (borc alan), Cavabdeh2 və Cavabdeh3 (zaminlər) birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 23 % (iyirmi üç) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh1, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh2 arasında 24 yanvar 2022-ci il tarixli 006/BK-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Ona görə də, borcalan Cavabdeh1 22 noyabr 2022-ci il tarixinə "xxxx" ASC-yə 1796,91 (min yeddi yüz doxsan altı manat 91 qəpik) manat əsas borc, 257,48 (iki yüz əlli yeddi manat 48 qəpik) manat faiz borcu və 348,7 (üç yüz qırx səkkiz manat 70 qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 2403,09 (iki min dörd yüz üç manat 09 qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə və iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, bu mübahisənin mediasiya vasitəsi ilə həll olunması da mümkün olmamış və ilkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Odur ki, hesablanmış borc məbləğləri cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin Kredit müqaviləsi üzrə kredit alan Cavabdeh1 Banka olan 1796,91 (min yeddi yüz doxsan altı manat 91 qəpik) manat məbləğində əsas borc, 390,6 (üç yüz doxsan manat 60 qəpik) manat məbləğində faiz borcu və 348,7 (üç yüz qırx səkkiz manat 70 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2536,21 (iki min beş yüz otuz altı manat 21 qəpik) manat məbləğində borcunun və ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin cavabdehlər Cavabdeh1 (borc alan), Cavabdeh2 və Cavabdeh3 (zaminlər) birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 gəlsələr də, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehlər iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etiraz etməmişlər. Odur ki, məhkəmə, cavabdehlərin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini və hazırkı iddia ərizəsi üzrə ondan yalnız 1796,91 manat məbləğində əsas borcun tutulmasına və Bankla bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını bildirərək, faiz və cərimə borcunun tutulması hissəsində iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 24 yanvar 2022-ci ildə tanışı Vaqif Xudiyevin xahişi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2000 manat məbləğində kredit götürərək, Vaqifə borc vermiş və Vaqif də vaxtlı-vaxtında krediti qaytaracağını və Bankın ödənişlərinin özünün edəcəyini bildirmişdir. Həmin kredit alınarkən Vaqif Xudiyev öz tanışları olan Cavabdeh2 və Cavabdeh3 da onunla tanış edib, həmin şəxsləri Bankda zamin kimi yazdırmışdır. Lakin, Xudiyev Vaqif öz vədini yerinə yetirməmiş və Bankdan götürülən borcun qaytarılması üçün ona kömək etməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini və hazırkı iddia ərizəsi üzrə yalnız əsas borcun tutulmasına və Bankla bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını bildirərək, faiz və cərimə borcunun tutulması hissəsində iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, köhnə tanışı X1 xahişi ilə əvvəllər tanımadığı və sonuncunun vasitəsi ilə tanış olduğu fərdi sahibkar Cavabdeh1 24 yanvar 2022-ci ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2000 manat məbləğində kredit götürməsinə zamin olmuş və Vaqif həmin krediti Banka özünün qaytaracağına söz vermişdir. Lakin, Xudiyev Vaqif öz vədini yerinə yetirməmiş və Bankdan götürülən kreditin qaytarılmasını təmin etməmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini və hazırkı iddia ərizəsi üzrə yalnız əsas borcun tutulmasına və Bankla bağlanmış kredit müqaviləsinin ləğv edilməsinə razı olsa da, iddia tələbi ilə qalan hissədə, yəni faiz və cərimə borcunun tutulması hissəsində razı olmadığını bildirərək, faiz və cərimə borcunun tutulması hissəsində iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, o, uşaqlıqdan tanıdığı X1 xahişi ilə əvvəllər tanımadığı və sonuncunun vasitəsi ilə tanış olduğu fərdi sahibkar Cavabdeh1 24 yanvar 2022-ci ildə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2000 manat məbləğində kredit götürməsinə zamin olmuş və Vaqif həmin krediti Banka özünün qaytaracağına söz vermişdir. Lakin, Xudiyev Vaqif öz vədini yerinə yetirməmiş və Bankdan götürülən krediti qaytarmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən “sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, əsas vəsaitlərin maliyyələşdirilməsi” məqsədilə borcalan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə illik 23 % dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Bank Borcalana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, Borcalan bu kreditdən istifadəyə görə illik 23 % olmaqla faiz ödəyir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafıkin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 23 % olmaqla cərimə faizi ödəyir. Həmin Müqavilənin 3.1.3-cü bəndinə əsasən, kreditin ödənişi gecikdirildikdə, borcun qaytarılması lələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində (ipoteka, girov, zaminlik, qarantiya və s) nəzərdə tutulmuş hallardan biri (və ya bir neçəsi) baş verdikdə kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək (məhkəmə qaydasında, icra qeydi və s.) və Kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlər məbləğində Borcalanın kredit borcunu artırmaq (3.1.6-cı bənd) – Bankın hüquqlarına aiddir. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli Ödəniş Cədvəlindən görünür ki, 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin borcalan Cavabdeh1 tərəfindən müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (24 ay ərzində, hər ay 104,75 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. İş materialları ilə müəyyən olunur ki, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borc alan Cavabdeh1 2000 (iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 may 2023-cü il tarixli 231 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh1 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsi üzrə 23 may 2023-cü il tarixinə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1796,91 manat məbləğində əsas borcu, 390,6 manat məbləğində faiz borcu və 348,7 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2536,21 manat məbləğində borcu vardır. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli 006/BK-22 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh3 və Cavabdeh2 – “Zaminlər” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh3 və Cavabdeh2 zaminlər olaraq, borcalan Cavabdeh1 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən, Zaminlər Borcalan tərəfindən öhdəliyin icra olunmaması və lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi (və ya notariusun icra qeydi) tam icra olunub başa çatmasınadək hesablanan faiz borcunun Banka ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh3 və Cavabdeh2 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsi və 24 yanvar 2022-ci il tarixli 006/BK-22 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Yəni, 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsi üzrə cəmi 2000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığı üçün borcalan borcalan Cavabdeh1 23 may 2023-cü il tarixə 1796,91 manat məbləğində əsas borc, 390,6 manat məbləğində faiz borcu və 348,7 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2536,21 manat məbləğində borcu yaranmış və həmin borcun cavabdehlərdən (borcalan Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3) müştərək qaydada tutulması və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsi ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "1796,91 manat məbləğində əsas borcun və 390,6 manat məbləğində faiz borcunun tutulması” hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "348,7 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 100 (yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1796,91 manat məbləğində əsas borc, 390,6 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsi ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 42,87 (qırx iki manat 87 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********), Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1796,91 (min yeddi yüz doxsan altı manat 91 qəpik) manat məbləğində əsas borc, 390,6 (üç yüz doxsan manat 60 qəpik) manat məbləğində faiz borcu, 100 (yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 2347,51 (iki min üç yüz qırx yeddi manat 51 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2022ci il tarixli BK № 006/BK-22 nömrəli Kredit Müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 42,87 (qırx iki manat 87 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar