Məhkəmə qərarları › İş №e-2-2(119)-583/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-583/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-583/2024 28.03.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi 15 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 fevral 2024-cü il tarixə dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə dövlət büdcəsinə olan 900 (doqquz yüz) manat məbləğində icarə haqqı borcunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, həmin kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə 15 mart 2024-cü il tarixli məhkəmə bildirişi müvafiq qaydada cavabdehə göndərilmişdir. Lakin iddiaçı 28 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən torpaq icarəsi üzrə borc məbləği tam şəkildə ödənildiyinə görə ərizənin qaytarılmasını xahiş etmişdir. Yəni iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırkı iddia ərizəsinə mahiyyəti üzrə baxılıb müvafiq məhkəmə aktı qəbul edilənədək, iddiaçı tərəfindən məhkəməyə həmin iddia ərizəsinin qaytarılması barədə ərizə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə təmin edilməli və həmin ərizə əsasında iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 284-1-284-5-ci, 259, 260, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddia ərizəsinin qaytarılması barədə ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar