Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-584/2024 21.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 15 mart 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 21976,5 manat məbləğində əsas borcun, 7000 manat məbləğində dəbbə pulunun və 177 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 7733-03 nömrəli müqaviləyə əsasən iddiaçı olan İcraçı özünə məxsus 7350 m həcmdə olan kameranı - “CropFresh” markalı bitki inkişaf tənzimləyicisini 1 m. üçün 1,76 ABŞ dolları olmaqla, cavabdeh olan Sifarişçiyə 1 il müddətinə xidməti istifadəyə, yəni saxlama anbarı kimi vermişdir. Bu hal müqavilənin ayrılmaz tərkib hissəi olan təhvil-təslim aktında da öz əksini tapmışdır. Müqavilənin şərtlərinə görə ödənişlərin həyata keçirilməsi Sifarişçi tərəfindən ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq İcraçınin təqdim etdiyi hesab faktura əsasında 30 gün müddətində bank hesabına nağdsız şəkildə ödənilməli olmuşdur. Həmçinin tərəflər arasında bağanmış müqavilənin 2.4-cü bəndinə əsasən bü müqavilə ilə nəzərdə tutulmuş ödənişlərin vaxtında ödənilməməsinə görə Sifarişçi hər gecikdirilmiş gün üçün 1% miqdarında dəbbə pulu ödəməli olmuşdur. Lakin, keçən müddət ərzində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır və elektron qaimə üzrə onun borcu 21976,5 manat təşkil edir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya mülki dövriyyə iştirakçısı olaraq ziyan vurulduğundan, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən də hesab olunur ki, Cavabdeh MMC-dən 27 oktyabr 2022-ci il tarixli 7733-03 nömrəli müqaviləyə əsasən yaranmış 21976,5 manat məbləğində əsas borc, 7000 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 177 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh nümayəndələri məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı İddiaçı (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 7733-03 nömrəli Müqaviləyə əsasən İcraçı “CropFresh”- bitki inkişaf tənzimləyicisini (bundan sonra - “Xidmət”) hazırki müqaviləyə əlavə olaraq imzalanacaq “Xidmət təhvil-təslim Aktı” sənədində göstərilən həcmdə kameraya, istifadə məqsədləri üçün yararlı halda tətbiq etməyi, Sifarişçi isə həmin Xidməti qəbul edib, dəyərini vaxtında Satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür (1.1-ci bənd). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Sifarişçi - İcraçıya göstərdiyi Xidmətin dəyərini meyvə saxlanılan anbarların (kameraların) hər m3 həcmi üçün aşağıdakı miqdarda təqdim edir: 1 m3 – 1,76 (bir nöqtə yetmiş altı) US dollar ($). Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, ödəniş Xidmət təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında 30 gün müddətində İcraçının bank hesabına nağdsız şəkildə ödənilir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, sifarişçi, nəzərdə tutulmuş vaxtda ödəniş etmədikdə, gecikmiş hər gün üçün 1% dəbbə pulu hesablanaraq ümumi borca əlavə ediləcəkdir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, İcraçı Xidmətin Sifarişçiyə təhvil verilməsini Tərəflər və ya onların nümayəndələri arasında müvafiq qaydada imzalanacaq Təhvil-Təslim Aktı əsasında həyata keçirəcək. Təhvil-Təslim Aktında göstərilən xidmətin miqdarı m3 həcm vahidi ilə qeyd olunacaqdır. Xidmətin təhvil verilməsi məqsədilə aparılan yoxlamalar zamanı aşkar edilmiş xırda və aradan qaldırılması mümkün olan qüsur və çatışmazlıqlar Tərəflər arasında Təhvil-Təslim Aktının imzalanmasına təsir göstərməyəcək. Tərəflər razılaşırlar ki, hər hansı bu kimi qüsur aşkar olunduqda onların İcraçı tərəfindən aradan qaldırılması hər iki Tərəfin birgə tərtib edəcəyi və imzalayacağı Qüsur Aktında müəyyən olunmuş müddətdə, lakin 3 gün müddətindən gec olmayaraq, təmin edilmiş olsun. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, bu Müqavilə Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə qalır. İş materiallarında olan 27 oktyabr 2022-ci il tarixli 7733-03 nömrəli Müqavilə üzrə tərtib edilmiş 01 noyabr 2022-ci il tarixli 7733-03 nömrəli Xidmət Təhvil-Təslim Aktından görünür ki, icraçı İddiaçı MMC və sifarişçi Cavabdeh MMC arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 7733-03 nömrəli müqaviləyə əsasən icraçı İddiaçı MMC tərəfindən 7350 m3 həcmdə kameranın “CropFresh” (bitki inkişaf tənzimləyici) ilə fumiqasiyası uğurla başa çatdı və təhvil-təslim edildi (həmin Akt icraçı İddiaçı MMC və sifarişçi Cavabdeh MMC tərəfindən tərtib edilib, imzalanıb-möhürlənmişdir). İş materiallarında olan 01 dekabr 2022-ci il tarixli EBCK 314177 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 27 oktyabr 2022-ci il tarixli 7733-03 nömrəli Müqavilə üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə ümumilikdə cəmi 21976,5 (iyirmi bir min doqquz yüz yetmiş altı manat 50 qəpik) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İddiaçı tərəfin təqdim etdiyi 30 may 2024-cü il tarixli Maliyyə Arayışında göstərilir ki, Cavabdeh 30 may 2024-cü il tarixinə İddiaçınə 21976,5 (iyirmi bir min doqquz yüz yetmiş altı manat 50 qəpik) manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, yuxarıda təsvir olunanlarla və işin konkret halları ilə müəyyən olunur ki, icraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında bağlanmış 27 oktyabr 2022-ci il tarixli 7733-03 nömrəli Müqavilə üzrə İcraçı tərəfindən Sifarişçi üçün ümumilikdə cəmi 21976,5 manat dəyərində xidmətlər göstərilmiş və həmin xidmətin dəyəri ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 21976,5 manat məbləğində əsas borcun və 7000 manat məbləğində dəbbə pulunun Cavabdehndən tutulması xahiş olunmuşdur. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı MMC tərəfindən məhkəməyə 177 (yüz yetmiş yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 27 oktyabr 2022-ci il tarixli 7733-03 nömrəli Müqavilə üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 21976,5 (iyirmi bir min doqquz yüz yetmiş altı manat 50 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın cavabdehdən “7000 manat məbləğində dəbbə pulunun tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 1000 (min) manat məbləğində dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdehndən 21976,5 manat məbləğində əsas borc və 1000 manat məbləğində dəbbə pulu İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 158,93 (yüz əlli səkkiz manat 93 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdehndən tutularaq, İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 21976,5 (iyirmi bir min doqquz yüz yetmiş altı manat 50 qəpik) manat məbləğində əsas borc, 1000 (min) manat məbləğində dəbbə pulu və 158,93 (yüz əlli səkkiz manat 93 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 23135,43 (iyirmi üç min yüz otuz beş manat 43 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-584/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-584/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver