Məhkəmə qərarları › İş №e-2-2(119)-586/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(119)-586/2025

21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-586/2025 21.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 40C ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, cavabdehdən iki ayrı şifahi müqavilə üzrə avadanlıqlara görə alınmış 4000 (dörd min) manat məbləğində borc, 23400 (iyirimi üç min dörd yüz) manat məbləğində əldən çıxmış fayda, 2400 (iki min dörd yüz) manat məbləğində maddi ziyanın əvəzi və 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, ümumilikdə 39800 (otuz doqquz min səkkiz yüz) manat məbləğində pul vəsaitinin və obyektən istifadə etdiyi müddətdə yığılan komunal borcların tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 01 iyun 2019-cu il tarixində iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 40C ünvanında yerləşən qeyri-yaşayış sahəsini təndirxana kimi fəaliyyət göstərməsi üçün icarəyə götürməyi iddiaçıya təklif etmişdir. Cavabdeh həmin qeyri-yaşayış sahəsinin təmir etməyə ehtiyacı olduğunu bildirərək təmir bitdikdən sonra iddiaçı ilə icarə müqaviləsi bağlayacağını bildirmişdir. İddiaçı həmin obyekti öz vəsaiti hesabına təmir etdirmişdir. Təmirə, ümumilikdə 20000 manat məbləğində pul sərf edilmişdir. “Covid-19” pandemiyası səbəbi ilə təmir müddəti uzanmış və 04 aprel 2021-ci il tarixində obyekt işə başlamışdır. Obyektə avadanlıq alınmalı olduğu üçün cavabdeh 01 iyul 2020-ci il tarixində və 15 avqust 2020-ci il tarixində iddiaçıdan ümumilikdə 4000 manat məbləğində borc pul almışdır. Cavabdeh lazımı avadanlıqları almış və obyektə quraşdırmışdır. Lakin cavabdeh obyekt işə başlayandan sonra da iddiaçı ilə icarə müqaviləsi bağlamamışdır. İddiaçı dəfələrlə cavabdehə obyekti boşaltması barədə xəbərdarlıqlar etsə də, cavabdeh iddiaçının mülkiyyətini qanunsuz olaraq zəbt etmiş və buradan gəlir əldə etməyə davam etmişdir. Obyektin içərisində avadanlıqlar olduğu üçün iddiaçı cavabdehi obyektdən çıxara bilməmişdir. Cavabdeh obyekti zəbt etdiyi müddətdə kommunal borclarını ödəməmişdir. İddiaçı bu müddətdə cavabdehin etdiyi hərəkətlərə görə həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 40C ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən 15 may 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi ilə X6 oğluna icarəyə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən, icarəyə verən 01 avqust 2024-cü il tarixdən etibarən 600 manat məbləğində icarə haqqı olmaqla həmin pulu 2 ayın əvvəlcədən ödəməyi, icarəyə verən isə 01 iyun 2024-cü il tarixindən əmlakı icarəçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Əks təqdirdə, icarəyə verən icarəçiyə bu öhdəliyin pozulmasına görə 2400 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh əmlakı qanunsuz zəbt etdiyindən iddiaçı əmlakı icarəçiyə vaxtında təhvil verə bilməmiş və icarəçiyə 2400 manat ödəməli olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı X2 tərəfindən Cavabdeh qarşı verilmiş “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-2068/2024 nömrəli kommersiya işinin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 2-2(113)-2164/2025 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə 2-2(113)- 2164/2025 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 fevral 2025-ci il tarixli e-2-2(103)-311/2025 nömrəli qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı 11 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini qeyd etmişdir. İddiaçının nümayəndəsi 21 iyun 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ilkin iddia ərizəsində qeyd edilmiş qeyriyaşayış obyektinin boşaldılması tələbindən imtina edildiyini bildirmiş, məhkəmədən 21900 manat məbləğində icarə haqqı borcu, icarə obyektindən istifadə zamanı yaranmış elektrik enerjisi və su təchizatı ilə bağlı 4781,65 manat məbləğində borc, 1200 manat məbləğində maddi zərərin, 2000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli e-2-2(119)-586/2025 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə iddiaçı arasında razılaşma əsasında cavabdeh icarə obyektinin icarəsinə görə 2021-ci ilin iyun ayından 600 manat məbləğində icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehin müraciətinə görə 2022-ci ilin avqust ayından etibarən icarə haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Həmin ilin sentyabrında cavabdeh tərəfindən 2 dəfə hər dəfəsində 400 manat məbləğində olmaqla, 2 dəfə də hər dəfəsində 100 manat məbləğində olmaqla, ümumilikdə 1000 manat məbləğində ödəniş edilmişdir. Bu ödənişləri nəzərə alaraq obyektin tələb edilən icarə haqqı 21900 manat məbləğində təşkil edir. Həmçinin icarə obyektini başqa şəxsə icarəyə vermək üçün iddiaçı icarə müqaviləsi bağlamış, lakin razılaşdırılmış vaxtda obyekt cavabdeh tərəfindən boşaldılmadığından iddiaçı əlavə olaraq 1200 manat məbləğini icarə müqaviləsi bağladığı şəxsə vermişdir. Əlavə olaraq kommunal xidmətlərindən istifadə ilə əlaqədar, obyektin cavabdehin istifadəsində olduğu müddətdə istifadə edilmiş elektrik enerjisi və su təchizatına dair aktlara əsasən, cavabdehdən 4781,65 manat məbləğində vəsait tələb edilir. İlkin iddia ərizəsində olan tələblərdən biri obyektin boşaldılması barədə idi. Həmin obyekt polis əməkdaşının iştirakı və qonşuların şahidliyi ilə boşaldılmışdır. Bu barədə yerli polis əməkdaşları tərəfindən tərtib edilmiş akt məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın dəqiqləşdirilməsi barədə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa oxşar izahatlar verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh 20 aprel 2021-ci il tarixində ona mesaj yazaraq artıq obyektdə fəaliyyətə başladığını bildirmişdir. O da cavabdehə obyektin təmirli olduğu üçün icarə haqqının 600 manat məbləğində olduğunu və müqavilə bağlamalı olduqlarını demiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə bağlamaqdan imtina etmişdir. 01 iyun 2021-ci il tarixində cavabdehə 600 manat məbləğində ödəniş həyata keçirməli olduğunu bildirsə də, 24 iyul 2021-ci il tarixinədək cavabdeh bəhanələr gətirərək ödəniş etməmişdir. Bundan sonra 24 iyul 2021-ci il tarixində icarə obyektinə getmiş, həmin vaxt obyektdə yalnız cavabdehin işçiləri olmuş, işçilərə işlərini dayandırmalarını demişdir. Bundan sonra cavabdeh özü obyektə gələrək ondan işlərini dayandırmamağı xahiş etmiş və sabahdan etibarən ödəniş edəcəyini bildirərək kart hesabını istəmiş və aylıq ödənişin 600 manatdan 400 manata endirməsini xahiş etmişdir. 2021-ci ilin may ayından 2022-ci ilin sentyabr ayınadək olan müddət ərzində icarə haqqı 600 manat məbləğində, 2022-ci ilin sentyabr ayından 2025-ci ilin fevral ayınadək isə icarə haqqı 400 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh 11 sentyabr 2022-ci il tarixində ilk dəfə 400 manat məbləğində, 22 sentyabr 2022-ci il tarixində də 2-ci dəfə 400 manat məbləğində ödəniş etmişdir. Cavabdehlə icarə münasibətləri 2025-ci ilin fevral ayına, yəni polis əməkdaşlarının iştirakı ilə obyektin boşaldılmasınadək davam etmişdir. Elxan Əliyev adlı başqa bir icarəçi ilə 15 may 2024-cü il tarixində müqavilə bağlamış və 01 iyun 2024-cü il tarixində obyekti ona təhvil verəcəyini bildirmiş və bu səbəbdən həmin icarəçidən 2 aylıq icarə haqqı olaraq 1200 manat məbləğində ödəniş almışdır. Cavabdehdən obyektin açarını ona təhvil verməsini tələb etmiş və bildirmişdir ki, obyekti yeni icarəçiyə 01 iyun 2024-cü il tarixində təhvil verməsə, ona 2400 manat məbləğində ödəniş etməli olacaqdır. Lakin cavabdeh obyektin açarını təhvil vermədiyi üçün yeni icarəçiyə 2400 manat məbləğində ödəniş etməli olmuşdur. Yeni icarəçi ona 1200 manat məbləğində ödəniş etdiyi üçün maddi zərərin məbləği 1200 manat təşkil etmişdir, ilkin iddia yanlışlığa yol verərək 2400 manat qeyd edimişdir. Həmçinin aralarında olan şifahi razılıq əsasında kommunal borclar cavabdeh tərəfindən ödənilməli idi. Cavabdehin icarə obyektində olduğu müddət ərzində hesablanan kommunal borcları qısa müddət əvvəl özü ödəmişdir. Cavabdeh tərəfindən 2024-cü ilin dekabr ayında ona və ailəsinə yönəlik təhdid mesajları göndərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 40C ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan icarəyə verən qismində iddiaçı X2 və icarəçi qismində X4 arasında bağlanmış 15 may 2024-cü il tarixli icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyə verən Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 40C ünvanında yerləşən ümumi sahəsi 20.9 kv.m. olan qeyri-yaşayış binasını icarəçiyə icarəyə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, icarəyə götürən icarəyə verənə aylıq 600 manat icarə haqqı ödəyir. İcarəçi aylıq 600 manat olmaqla 2 ayın əvvəlcədən ödəməyi öhdəsinə götürür. İcarəyə verən 01 iyun 2024-cü il tarixdə əmlakı təhvil verməyi öhdəsinə götürür. Əks təqdirdə 2 ayın aylıq 600 manat olmaqla həmin pulu 2 qat, yəni 2400 manat ödəməyi icarəyə verən öhdəsinə götürür. İş materiallarında olan sahə müvəkkili Səbuhi Fətəliyev, şahid Muxtar Quliyev və şahid Elvin Məhərrəmovun imzaları ilə təsdiq edilmiş 14 fevral 2025-ci il tarixli aktın məzmununda Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 40C ünvanında yerləşən qeyri-yaşayış binasının qapısının açılaraq içərisində olan avadanlıq və əşyaların şəkilinin çəkildiyi, video lentə alındığı, obyektin kilidinin yenilənərək dəyişdirildiyi qeyd edilmiş və obyektdə mövcud olan avadanlıq, əşyaların adları sadalanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş abunə haqqında sənədin (abonent kodu: **********08897) “Aktlar” bölməsindən görünür ki, Yasamal rayonu, Şərifzadə küçəsi 40 ünvanında yerləşən obyektə 10 fevral 2023-cü il tarixində 492,75 manat, 13 aprel 2023-cü il tarixində 834,9 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş 14 fevral 2022-ci il tarixli 600957 nömrəli aktın məzmununda icarə obyekti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 40 ünvanında yerləşən qeyriyaşayış obyektinə həmin obyektdə olan Mehman adlı şəxsin iştirakı ilə baxış keçirilməsi nəticəsində su sayğacından kənar sudan qeyri-qanuni istifadə halının aşkar olunduğu və həmin aktın sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "xxxx" ASC-yə vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsas olduğu qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş 17 fevral 2022-ci il tarixli qanunsuz istifadə fakturasında borc məbləğinin 2178 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 dekabr 2022-ci il tarixli 600972 nömrəli aktın məzmununda həmin aktın sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "xxxx" ASC-yə vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsas olduğu qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş 16 dekabr 2022-ci il tarixli qanunsuz istifadə fakturasında borc məbləğinin 946 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli 600957 nömrəli aktın məzmununda həmin aktın sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "xxxx" ASC-yə vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsas olduğu qeyd edilmişdir. Həmin akt əsasında tərtib edilmiş 13 sentyabr 2022-ci il tarixli qanunsuz istifadə fakturasında borc məbləğinin 330 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan 11 sentyabr 2022-ci il tarixli əməliyyat nömrəsi ********** olan ödəniş qəbzi üzrə 400 manat, 22 sentyabr 2022-ci il tarixli əməliyyat nömrəsi ********** olan ödəniş qəbzi üzrə 400 manat olmaqla, cəmi 800 manat məbləğində pul vəsaitinin iddiaçı Rəna İbrahimovanın son 8 rəqəmi 64033099 olan kartına köçürüldüyü müəyyən edilir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Elxan Əliyev ifadəsində bildirdi ki, Rəna İbrahimovanın oğlu ilə onun qardaşı arasında daha əvvəldən münasibətlər mövcud olmuşdur. Qardaşı vasitəsilə iddiaçını və onun oğlunu tanımışdır. İcarə obyektinə də baxmağa qardaşı ilə getmiş, lakin qapısı bağlı olduğuna görə içəri daxil olmamışdır. Həmin vaxt qonşular da bu obyektin yaxşı vəziyyətdə olduğunu bildirmişdirlər. İddiaçı ilə 15 may 2024-cü il tarixində icarə müqaviləsi bağlamışdır. Razılığa əsasən, o, 2 aylıq icarə haqqını əvvəlcədən ödəməli idi, əvəzində isə iddiaçı 15 gün müddətində icarə obyektini boşaldaraq onun istifadəsinə verəcəkdi. Əks halda ödədiyi 2 aylıq icarə haqqından 2 dəfə çox məbləğ, yəni 2400 manat məbləğində pul vəsaiti ona geri qaytarılacaqdı. İddiaçı ilə obyektin ona əşyasız təhvil veriləcəyi barədə razılığa gəlmişdir. 01 iyun 2024-cü il tarixdə icarə obyekti təhvil verilə bilmədiyi üçün 2400 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ona qaytarılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yaddaş kartındakı səs yazıları məhkəmə iclasında dinlənilmişdir. Səs yazıları dinlənilərkən aydın olur ki, borcu tələb edən iddiaçıya şəxs “Konkret günü deyə bilmirəm, amma bir az səbrli ol, icarə haqqını, kommunal borcları verəcəyəm” deyə cavab vermişdir. İş materiallarına, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş kommunal ödənişlərin əks olunduğunu bildirdiyi çoxsaylı ödəniş qəbzləri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci və 700.2-ci maddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi təzminat hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 40C ünvanında yerləşən qeyriyaşayış obyektinin icarəsi ilə bağlı şifahi qaydada icarə müqaviləsi bağlanılmış, icarəyə verən qismində olan iddiaçı sözügedən qeyri-yaşayış sahəsini icarəçi qismində çıxış edən cavabdehin icarəsinə vermiş, lakin cavabdeh 2021-ci ilin iyun ayından etibarən aylıq icarə haqqı ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə riayət etməyərək həmin qeyriyaşayış sahəsinin icarəsi ilə əlaqədar aylıq icarə haqlarını tam olaraq iddiaçıya ödəməmiş, nəticədə onun iddiaçıya icarə haqqı borcu yaranmışdır. Belə ki, iddiaçının və onun nümayəndəsinin izahatlarından, həmçinin iş materiallarında olan 14 fevral 2025-ci il tarixli aktdan göründüyü kimi, tərəflər arasında icarə münasibətləri 2021-ci ilin iyun ayından başlayaraq 14 fevral 2025-ci il tarixinə qədər, yəni obyektin kilidinin yenilənib dəyişdirilərək cavabdehin həmin obyektdən istifadəsinin qeyri-mümkün hala salındığı günədək davam etmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclaslarında verdikləri izahatlarında bildirmişdilər ki, 2021-ci ilin iyun ayından 01 sentyabr 2022-ci il tarixinə qədər icarə haqqının 600 manat məbləğində, 01 sentyabr 2022-ci il tarixindən etibarən isə 400 manat məbləğində olması ilə bağlı cavabdehlə razılığa gəlinmişdir. Belə olduğu təqdirdə cavabdehin 21 iyun 2021-ci il tarixindən 01 sentyabr 2022-ci il tarixinə qədər olan 15 aylıq dövr ərzində 9000 manat (15 ay x 600 manat = 9000 manat), 01 sentyabr 2022-ci il tarixindən müvafiq aktın tərtib edildiyi 14 fevral 2025-ci il tarixinə qədər olan 29 aylıq dövr ərzində 11600 manat (29 ay x 400 manat = 11600 manat) məbləğində olmaqla, cəmi 20600 manat (9000 manat+11600 manat=20600 manat) məbləğində icarə haqqı borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan 11 sentyabr 2022-ci il tarixli əməliyyat nömrəsi ********** olan və 22 sentyabr 2022-ci il tarixli əməliyyat nömrəsi ********** olan ödəniş qəbzləri ilə cavabdeh tərəfindən 800 manat, iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə ayrı-ayrılıqda 100 manat olmaqla, cəmi 200 manat məbləğində ödəniş etdiyini nəzərə alaraq, məhkəmə qeyd edir ki, cavabdehin qalıq icarə haqqı borcu 19600 manat (20600 manat - (800 manat+200 manat) = 19600 manat) məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyi aylar üzrə icarə haqlarının cəmi 19600 manat təşkil etdiyindən, 21900 manat məbləğində pulun cavabdehdən tutulması barədə iddia tələbi qismən təmin edilməli və 19600 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbində, həmçinin icarə obyektindən istifadə zamanı yaranmış elektrik enerjisi və su təchizatı ilə bağlı 4781,65 manat məbləğində borcun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında sənədin (abunə kodu: **********08897) “Aktlar” bölməsindən görünür ki, icarə obyekti üzrə 10 fevral 2023-cü il tarixində sayğacın alınması və quraşdırılmasına görə 492,75 manat, 13 aprel 2023-cü il tarixində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 834,9 manat məbləğində olmaqla, cəmi 1327,65 manat məbləğində borc, "xxxx" ASC tərəfindən tərtib edilmiş 17 fevral 2022-ci il tarixli qanunsuz istifadə fakturası üzrə 2178 manat, 16 dekabr 2022-ci il tarixli qanunsuz istifadə fakturası üzrə 946 manat, 13 sentyabr 2022-ci il tarixli qanunsuz istifadə fakturası üzrə 330 manat məbləğində olmaqla, cəmi 3454 manat məbləğində borc hesablanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, sözügedən aktlar tərtib edildiyi tarixlərdə icarə obyekti faktiki olaraq cavabdehin istifadəsində olduğundan 4781,65 manat (1327,65 manat + 3454 manat = 4781,65 manat) məbləğində borcun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin 1200 manat məbləğində maddi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından və şahid qismində dindirilmiş X3 ifadələrindən göründüyü kimi, iddiaçı və Elxan Əliyev arasında bağlanmış 15 may 2024-cü il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 40C ünvanında yerləşən ümumi sahəsi 20.9 kv.m. olan qeyri-yaşayış binasını sonuncuya icarəyə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Elxan Əliyev aylıq 600 manat olmaqla 2 ayı əvvəlcədən ödəməyi öhdəsinə götürmüş, iddiaçı bunun müqabilində 01 iyun 2024-cü il tarixdə əmlakı təhvil verməyi, əks təqdirdə 2400 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilən Elxan Əliyev ifadəsində iddiaçıya 1200 manat məbləğində avans ödəniş həyata keçirdiyini və iddiaçının müqavilə öhdəliklərinə uyğun olaraq obyekti faktiki onun istifadəsinə verə bilmədiyinə görə ona 2400 manat məbləğində pul vəsaitini ödədiyini təsdiq etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, edilən xəbərdarlıqlara baxmayaraq obyekti iddiçıya təhvil verməməsi iddiaçının yeni icarəçi olan Elxan Əliyevlə icarə münasibətlərini sərbəst şəkildə həyata keçirməsinə maneə olduğuna, üstəlik iddiaçı həmin şəxslə bağladığı müqavilə üzrə öhdəliklərini bilavasitə cavabdehin hərəkətsizliyi nəticəsində icra edə bilmədiyinə görə 1200 manat məbləğində ziyana düşdüyündən, həmin məbləğdə pul vəsaitinin (maddi zərərin) əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan başqa, iddia tələbinin 2000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsinə gəldikdə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan icarə obyekti 2021-ci ilin iyun ayından 2025-ci ilin fevral ayına qədər icarə haqlarının çox hissəsi ödənilmədən (cəmi 1000 manat məbləğində ödəniş edilmişdir) cavabdeh tərəfindən istifadə edilmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icarə haqları ödənilməmiş, o cümlədən obyekt iddiaçıya təhvil verilməmiş, iddiaçı başqa icarəçi ilə bağladığı 15 may 2024-cü il tarixli müqavilə üzrə öhdəlikləri cavabdehin hərəkətsizliyi səbəbindən realizə edə bilməmişdir. Qətnamənin “Tətbiq edilən hüquq” bölməsində istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi hüquqi mövqedən aydın olur ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur və belə zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iddiaçıya məxsus icarə obyektinin üç il altı aydan çox müddətdə cavabdehin istifadəsində qalması, onun həmin müddətdə bu qeyri-yaşayış obyektindən istifadəyə görə cüzi məbləğdə pul vəsaiti ödəyərək iddiaçını müvafiq gəlir əldə etməkdən məhrum etməsi, iddiaçının başqa icarəçi ilə icarə müqaviləsi bağlasa da cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində həmin müqaviləni realizə edə bilməməsi və əlavə maddi zərərə məruz qalması, bu müddət ərzində icarə obyektinin təhvil verilməsi barədə çağırışlara cavabdeh tərəfindən məhəl qoyulmaması kimi amilləri iddiaçının hüquqlarının pozulmasının müstəqil nəticəsi kimi qəbul edir, bütün bu göstərilənlərlə onu mənəvi zərərə uğramış hesab edərək ona vurulmuş əmlak zərəri ilə birlikdə bu zərərin də kompensasiya edilməli olduğu qənaətinə gəlir və mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsini, müddətini, işin faktiki hallarını və yuxarıda şərh edilən digər halları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilməli və 2000 manat məbləğində pul vəsaiti mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, iş materiallarında olan 16 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 209 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq hesablanmış 172,74 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 19600 manat məbləğində icarə haqqı borcu, icarə obyektindən istifadə zamanı yaranmış elektrik enerjisi və su təchizatı ilə bağlı 4781,65 manat məbləğində borc, 1200 manat məbləğində maddi zərərin, 2000 manat məbləğində mənəvi zərərin, 172,74 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27754,39 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 241-244, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19600 (on doqquz min altı yüz) manat məbləğində icarə haqqı borcu, icarə obyektindən istifadə zamanı yaranmış elektrik enerjisi və su təchizatı ilə bağlı 4781,65 (dörd min yeddi yüz səksən bir manat, altmış beş qəpik) manat məbləğində borc, 1200 (min iki yüz) manat məbləğində maddi zərərin, 2000 (iki min) manat məbləğində mənəvi zərərin, 172,74 (yüz yetmiş iki manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 27754,39 (iyirmi yeddi min yeddi yüz əlli dörd manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar